Şübhəsizdir ki, “informasiya əsri” kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi ilə yadda qalacaqdır. İnformasiya texnologiyaları istər çoxşaxəli xidmət sürətində, istərsə də həyata keçirilən fəaliyyətdə effektivliyin artmasına imkan verir. Hər hansı ölkədə innovativliyin, həmçinin milli rifah və demokratik inkişafın əsas göstəricisi informasiya-kommunikasiya sisteminin təşkili və tətbiqolunma səviyyəsidir.
Bu gün dinamik və uğurlu inkişaf konsepsiyasına malik Azərbaycan çoxşaxəli fəaliyyət strategiyası ilə regional güc, dünyəvi əməkdaşdır. İqtisadi, siyasi, sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olunması, intellektual iqtisadiyyatın mənimsənilməsi, dövrün tələblərinə uyğun strateji konsepsiyanın formalaşması Respublikada reallaşan praqmatizm və rasionalizmin vəhdətinə dayanan siyasətin göstəricisidir.
Artıq Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sektorunda (İKT) da parlayan ulduza çevrilmiş, qısa müddət ərzində mühüm əhəmiyyətli yeniliklərə imza atışdır. Təsadüfi deyildir ki, Azərbaycan İKT sahəsində dünyanın sürətli inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. Neft sektorundan asılılığın ləğvinə istiqamətlənmiş milli inkişaf konsepsiyamıza əsasən qeyri-neft sektorunun inkişafı, insan kapitalının səmərəliliyi öncül istiqamətdir. Bu strategiyanın bir qolu olan, İKT sektorunun dinamik inkişafına yönələn məqsədyönlü addım artıq öz təsdiqini tapmışdır. Bu gün İKT-nin istər kəmiyyət, istərsə də keyfiyyət nöqteyi-nəzərdən iqtisadiyyatda artan çəkisi ölkəmizdə həyata keçirilən elektron xidmətin təsdiqidir. İKT-nin sürətli inkişafı, respublikamızın qazandığı dünyəvi etibarlı imic Azərbaycanın bu sahədə də beynəlxalq tədbirlər və konfranslara ev sahibliyi etməsini şərtləndirmişdir. Artıq ənənə halını almış, hər il dünyanın müxtəlif nüfuzlu dövlət və təşkilatlarının cəmləşdiyi bir məkana çevrilən “BakuTel” sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir. Bu il 19-cu dəfədir ki, keçirilən “BakuTel” sərgisi ötən illərdəki uğurlu nümayişi ilə telekommunikasiya aləmində mühüm hadisəyə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması “BakuTel”in nüfuzunu sübut edən amillərdir. Həmçinin 19-cu “BakuTel” sərgi və konfransının İKT ilinə, Azərbaycan süni peykə malik azsaylı dövlətlər içərisinə daxil olmaqla, kosmik sənayesi olan ölkəyə çevrildiyi tarixə təsadüf etməsi onun əhəmiyyətini artırmaqla yanaşı, sərginin mükəmməl nümayişini daha da rövnəqləndirmişdir.
Yüksək səviyyədə təşkil olunmuş sərgi və konfrans bir daha sübut etdi ki, Azərbaycan iqtisadiyyatının inkişaf bazisində dayanan əsas amil İKT sektorunun sürətli və dinamik inkişafının təmin olunması, bu sektorun böyük perspektivliyinin reallaşmasıdır. Sərgi Azərbaycanda həyata keçirilən informasiya siyasətinin yüksək tətbiqi göstəricisi, dövlət diqqət və yanaşmasının sübutudur.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı