2014-cü ilin I rübü ərzində kiçik özəlləşdirmə formasında 150-yə yaxın müəssisə və obyekt, 130-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Bu barədə Lent.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Verilən məlumatda bildirilib ki, 115-ə yaxın qeyri-yaşayış sahəsi və 105 torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 12 pul hərracında 11 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 1 milyon manata yaxın məbləğdə investisiya qoyulub.
Hesabat dövründə «Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim etməli olan 6200-ə yaxın müəssisə və təşkilatdan 5500-ə yaxını xüsusi hesabat formasını təqdim edib. Xüsusi hesabatların elektron xidmət vasitəsilə verilməsi təmin edilib.
Aprelin 1-nə olan məlumata görə, 6300-ə yaxın hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7800-ə yaxın filialının (cəmi 14100 vahid) malik olduğu 155000 daşınmaz əmlak obyekti barədə məlumatlar Registrdə qeydiyyata alınıb. 1-ci rüb ərzində 2000-ə yaxın əmlak barədə yeni məlumatlar (dəyişikliklər) Registrə daxil edilib.
2014-cü ilin I rübü ərzində ölkə üzrə 44000-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 12500-ü ilkin, 31500-ü isə təkrar qeydiyyata aid olub.
Bununla yanaşı, 2014-cü ilin I rübü ərzində 9000-ə yaxın ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. 37000-dən çox daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılaraq texniki pasport və plan-cizgi tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 31 mindən çox yüklülük (məhdudiyyət) arayışı (15100-dən çox onlayn üsulla), əhaliyə xidmətlə bağlı 4700-ə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.