Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş daha 3 qeyri-dövlət yardım mərkəzinə akkreditasiya attestatları təqdim olunub. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Həmin təşkilatlar “İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi”, “Uşaq Fondlarının Beynəlxalq Assosiasiyası “Azərbaycan Uşaq Fondu”nun Gəncə şəhər Təşkilatı və Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətidir. Attestatların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov bununla akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinin sayının 7-yə çatdığını qeyd edib.
İ. Rəhimov bildirib ki, KİV-lərdə müvafiq elanlar verildikdən sonra akkreditasiya üçün 10-dək təşkilat nazirliyə müraciət edib. Nazirlikdə əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət yaradılmış Komissiya tərəfindən müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin sənədləri diqqətlə araşdırılır. Onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması əsas meyarlar kimi diqqətdə saxlanılır. Bu təşkilatların akkreditasiyası həm də onların fəaliyyətinə dövlət nəzarətinin tətbiqinə, onlarla müvafiq məlumat mübadiləsinə və məişət zorakılığından zərər çəkmiş şəxslər barədə gələcəkdə məlumat bankının yaradılmasına imkan verir. Eyni zamanda, belə təşkilatlardan müsbət iş təcrübəsi ilə seçilənlərə gələcəkdə müvafiq qruplardan olan şəxslərə sosial xidmətlər göstərilməsi üçün sosial sifarişlər də verilə bilər.
Tədbirdə qeyd olunub ki, artıq Bakı, Gəncə, Sumqayıt şəhərlərində ümumilikdə 7 qeyri-dövlət yardım mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi və s. istiqamətlərdə fəaliyyət göstərirlər.