3148 kiloqram yararsız meyvə-tərəvəz satışdan çıxarıldı
21 aprel 2016 11:11 (UTC +04:00)

3148 kiloqram yararsız meyvə-tərəvəz satışdan çıxarıldı

 

Havalar isindikcə süfrədəki şorabaların yerini pomidor-xiyar əvəzləyir. Bəzi insanlar rahatlıqla bu tərəvəzlərdən istifadə etsələr də, bəziləri “hələ tam mövsümü deyil, indi yetişənlər dərmanlıdır” deyərək yeməyə ehtiyat edirlər.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktoru Yaqub İbrahimov Lent.az-a açıqlamasında deyib ki, hazırda Azərbaycanda yetişdirilən və xarici dövlətlərə ixrac olunan, həmçinin respublikaya idxal olunan (əsasən Türkiyə, İran və s.) xiyar və pomidor bitkiləri əsasən istixana şəraitində yetişdirilir.

 

Meyvə və tərəvəz məhsulları üzərində fitosanitar nəzarəti həyata keçirilir

 

Y. İbrahimov  bildirib ki, respublikanın bütün topdan və pərakəndə satış məntəqələrində meyvə və tərəvəz məhsulları üzərində fitosanitar nəzarəti həyata keçirilir: “Dövlət Xidmətinin müfəttişləri fevral ayından etibarən respublikada istixana şəraitində yetişdirilən xiyar və pomidor məhsullarına da baxış keçirməyə başlayıblar. Onlar əsasən bu məhsulların yetişmə dövrünə qədər olan müddətdə aqrotexniki qaydalara müvafiq olaraq istifadə edilən gübrə və pestisidlərin siyahısını və miqdarını öyrənirlər. Məhsulun yığımından əvvəl nümunələr götürülərək Xidmətin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinə gətirilir və laboratoriyalarda hər iki məhsulun tərkibində olan nitratın, pestisid qalığının və ağır metalların qalıq miqdarı yoxlanılır. Analizin nəticələri standartlara uyğun olduqda, məhsula müvafiq toksikoloji rəy, həm ölkə bazarlarında satışa çıxarılmağına, həm də xarici bazara ixrac olunmasına icazə verilir. Neqativ hal müşahidə olunduqda isə müvafiq tədbirlər həyata keçirilir”.

 

Bananlarla bağlı monitorinqlər daha da gücləndirilib

 

Y. İbrahimov qeyd edib ki, bu ilin yanvar ayında banan məhsullarında qana oxşar ləkənin tapılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlardan sonra ölkə bazarlarında mütəmadi monitorinqlər həyata keçirilir: “Monitorinqlər zamanı bir çox meyvə məhsullarından, eyni zamanda banandan götürülən nümunələr Dövlət Xidmətinin həm Respublika Karantin Ekspertiza Mərkəzində, həm də Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində ekspertizadan keçirilir və meyvənin tərkibində olan nitratın, pestisid qalığının və ağır metalların qalıq miqdarı yoxlanılır. Əgər meyvələrin tərkibindəki qalıq miqdarı artıq olarsa, yaxud məhsulun istifadəyə yararsızlığı müəyyən edilərsə, həmin məhsul dərhal satışdan çıxarılaraq məhv edilir”.

 

3 ton 148 kiloqram meyvə-tərəvəz satışdan çıxarılıb

 

DFNX rəsmisi sonda vurğulayıb ki, 1-19 aprel tarixlərində ölkənin topdan və pərakəndə satış məntəqələrində ümumilikdə 3 ton 148 kiloqram meyvə və tərəvəz məhsulu satışdan çıxarılaraq məhv edilib: “Məhv edilən məhsullar arasında alma (360,2 kq), armud (99 kq), banan (23 kq), kartof (1 ton 180 kq), kələm (297 kq), pomidor (138,5 kq), soğan (497,8 kq), yerkökü (160 kq) və xiyar (9 kq) üstünlük təşkil edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Fərizə Əhmədova

Oxşar yazılar