300 nəfəri xilas edən qəhrəmanın HEKAYƏTİ
28 oktyabr 2013 20:46 (UTC +04:00)

300 nəfəri xilas edən qəhrəmanın HEKAYƏTİ

Həyatda hərə bir yerə tələsir. Kimi səhər qalxıb işə getməyə, kimi axşam evə qayıtmağa, kimi də əcəlini qarşılamağa. Həmin gün Çingiz də tələsirdi. Sanki öləcəyini bilirmiş kimi, bütün işlərini o gün bitirib sabaha heç nə saxlamaq istəmirdi. Ona görə də  işlədiyi Naxçıvanski adına hərbi liseydə işi qurtarandan sonra evə getmək metronun “Əhmədli” stansiya gəlir. Əcəl burada da onu tələsdirir. Tələsdiyindən o vaxtkı “Memar Əcəmi” qatarı əvəzinə, “Baksovet” qatarına minir. Lakin mənzil başına çatmaq qismət olmur....

 

28 oktyabr, 1995-ci il.  Bakının "Ulduz" və "Nərimanov" stansiyaları arasında hərəkət edən qatar birdən tüstüyə bürünür. İçəridə olan insanların qorxu və təlaşı, ətrafı bürüyən alov, qatı tüstü əsl yeraltı cəhənnəmi xatırladır. Həmin qəzada Çingiz Babayev bu cəhənnəmdən 300-dən artıq insanı xilas edib. Çingizin atası Adil Babayev bu barədə APA TV-yə danışanda həyəcanını gizlədə bilmir. Onun sözlərinə görə, səhər radioda metrodakı terror aktı barədə xəbəri eşidəndə sanki Çingizin də orada olacağı ürəyinə damıb. Oğlunun vətənpərvərliyinə yaxşı bələd olan ata bilirdi ki, Çingiz harada olsa, özünü qəza yerinə çatdıracaq.

 

“Çingiz qatarda kursantlarla birlikdə olub. Kursantlara deyib ki, vaqonu tərk edin. Onlar çıxırlar. Çingizin yanında 3 kursant qalır. Onlardan da biri Çingizi yaxından tanıyır. O vaxt o (Çingiz) 300-dən çox adamı xilas edir. Özü isə zəhərdən boğulub ölür”.

 

Yüzlərlə yaralının və ölənlərin arasında oğlunu axtaran ata həmin günlərə qayıdaraq dəhşətli terror faciəsini bir anlıq yenidən yaşayır.

 

“Bir tərəfdə qışqırıq, bir tərəfdə ölüm... Mən oğlumu axtarmağa başladım. Hərbi geyimli adam görəndə özümü atdım çölə, sonra birdən ayıldım ki, axı mən öz oğlumu axtarmağa gəlmişəm. Amma tapa bilmədim. Axırda Respublika Klinik Xəstəxanasında ölənlərin siyahısında adını tapdım. Çingizin adı da başda yazılmışdı.  İçəri girdim gördüm uzanıb, heç rəngi də qaçmamışdı. Elə bil yatırdı. Bircə burnundan qara qan gəlirdi”.

 

Çingiz Babayevin bu qəhrəmanlığı, xalqına qarşı etdiyi bu fədakarlıq qiymətsiz qalmadı. Əvvəlcə Azərbaycan prezidenti Heydər Əliyevin  3 noyabr 1996-cı il tarixli 506 saylı Fərmanı ilə Babayev Çingiz Adil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Daha sonra həlak olduğu “Ulduz” stansiyasında onun şərəfinə abidə kompleksi ucaldılır. Bununla da xalqı uğrunda həlak olan Vətən oğlunun adı əbədiyyətə qovuşur.

 

Milli Qəhrəmanın atası deyir ki, 1996-cı ildə Gənclər forumunun Respublika Sarayında keçirilən sərgisində Çingiz Babayevin xatirəsinə həsr olunan xüsusi guşə yaradılmışdı. Ümummilli lider Heydər Əliyev də həmin sərgini ziyarət etmişdi. O günlərdən, şəhid oğlundan ataya qalan xatirə elə bu ağ-qara kadrlardır. İndi Milli Qəhrəmanın atasını düşündürən bir məqam var. Adil Babayev Çingizin qəhrəmancasına həlak olduğu “Ulduz” stansiyasına oğlunun adının verilməsini istəyir. Ata deyir ki, illərdir, bu xəbərin həsrətindədir.

 

“Bunun üçün bir çox təşkilat -  Metropolitenin rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Texniki Universitet,  Naxçıvanski adına hərbi məktəbin komandanlığı, Gənclər və İdman Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı məktubla Nazirlər Kabinetinə  və Prezident Aparatına müraciət etmişdi ki, Ulduz stansiyasına Çingiz Babayevin adı verilsin”.

 

O vaxtdan 18 il ötməsinə baxmayaraq, hələ də Milli Qəhrəmanın ailəsinin gözü yolda, qulağı səsdədir. Bakı Metropoliteninin rəis müavini Rizvan Bayramov da “Ulduz” stansiyasının adının dəyişdirilməsi məsələsinə münasibət bildirərək deyir ki, Metropolitendə sözü gedən məsələ ilə bağlı müzakirələr aparılıb. Gələcəkdə Ulduz stansiyasının adı dəyişdirilə və bu stansiyaya  Çingiz Babayevin adı verilə bilər. Lakin təmsil etdiyi qurum stansiyalara ad verilməsi ilə bağlı yalnız təklif irəli sürə bilər, yekun qərarı  Nazirlər Kabineti qəbul edir.

 

“31 yaşında qəhrəmancasına həlak olan Çingiz Babayev 18 il əvvəl Bakının Yasamal qəbiristanlığında dəfn olunub. O, Milli Qəhrəman adına öz cəsarəti və vətənpərvərliyi ilə yüksəlib. Bu gün bu qəhrəmanlarımızı xatırlatmaq, onları gələcək nəsillərə tanıtmaqla tariximizi yaddaşlara yazmış oluruq. Çingiz Babayev öz ölümü ilə tarix yazan qəhrəmanlarımızdandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463
avatar

Oxşar yazılar