Ötən il ərzində məhkəmələrə daxil olan mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşıb, başqa sözlə həmin işlərdən apelyasiya şikayəti və ya protesti verilməyib. Lent.az-ın məlumatına görə, bu barədə Məhkəmə - Hüquq Şurasının bu gün keçirilən iclasında qeyd olunub. Bildirilib ki, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 96,4%-i, hökmlərin isə 90,2%-i dəyişdirilməyərək sabit qalıb. Bildirilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 2013-cü ildə 13 hakim barədə intizam icraatı başlanılıb, o cümlədən 2 nəfərin hakimlik səlahiyyətlərinə xitam verilib, 5 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.
İclasda çıxış edən Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Şuranın iclasının yeni formatda, şəffaf, vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə keçirilməsinin, video-konfrans üsulu ilə ölkənin bütün regionlarının əhatə olunmasının əhəmiyyətini qeyd edib.
Bundan başqa qeyd edilib ki, hakimlər tərəfindən yol verilən nöqsanlar barədə Ədliyyə Nazirliyinin, Ali və apelyasiya məhkəmələrinin müraciətlərinə baxılıb. Vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratmaqla korrupsiyaya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə 10 hakim barədə intizam icraatları başlanılıb.