20 Yanvar faciəsi ilə bağlı xaricdə tədbirlər keçiriləcək
13 yanvar 2014 17:06 (UTC +04:00)

20 Yanvar faciəsi ilə bağlı xaricdə tədbirlər keçiriləcək

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər təşkil ediləcək.

 Belə ki, ABŞ, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla dünyanın bir çox ölkələrində  20 Yanvar faciəsinin qurbanları yad edilir. Belə ki, yanvarın 19-dan başlayaraq ABŞ-ın paytaxtı  Vaşinqtonda, həmçinin Hyuston, Nyu-York, San-Fransisko   və azərbaycanlıların kompakt yaşadığı digər şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan  anım mərasimləri, dəyirmi masaların keçirilməsi, faciəni əks etdirən video çarxların  və sənədli filmlərin  nümayişi nəzərdə tutulur.

 Almaniya Federativ Respublikasının müxtəlif subyektlərində də 20 Yanvar faciəsi ilə bağlı müxtəlif formatlı tədbirlər təşkil olunur. Almaniyanın Maqdeburq, Berlin və digər şəhərlərində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

 18-23 yanvar tarixlərində Niderland Krallığının Haaqa, Amsterdam və Rotterdam şəhərlərində digər xalqların diaspor nümayəndələrinin də iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan  anım tədbirlərinin keçirilməsi, həmçinin,  Niderland Krallığının, Belçika Krallığının və Lüksemburqun siyasi partiyalarına Faciə ilə bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.

 Yanvarın 19-da  20 Yanvar faciəsi ilə əlaqədar Türkiyə Respublikasının Kocaeli şəhərində də regional televiziya  kanalı olan 41 TV kanalında  20 Yanvar faciəsi ilə bağlı Federasiyasının sədri Bilal Dündarın iştirakıyla  brifinq keçiriləcək. Brifinqdə  milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror  haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək.

Yanvarın 20-də isə Türkiyə Respublikasının Kocaeli şəhərində 20 Yanvar faciəsinin iyirimi dördüncü ildönümü ilə əlaqədar tarixçi - yazıçı Abdulla Köktürün  iştirakı ilə konfrans,  Kültür Evində fəaliyyət göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana şəhərində isə “Azərbaycan tarixinin Qanlı səhifəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

 Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliyində  20 Yanvar faciəsindən bəhs edən sənədli filmlərin nümayişi, yerli qəzetlərdə isə bu barədə ətraflı  məlumatların çap olunması nəzərdə tutulub.

Həmçinin 19-20 yanvar tarixlərində Gürcüstanın Tbilisi, Rustavi, Qardabani, Marneuli, şəhərlərində də Faciə ilə bağlı anım mərasimləri, konfrans, dəyirmi masa, şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi keçiriləcək. 

 Rusiya Federasiyasının paytaxtı Moskvada, həmçinin Sankt-Peterburq, Ekaterinburq şəhərlərində və Federasiyasının digər müxtəlif subyektlərində, Ukraynanın paytaxtı Kiyevdə, Xarkov və Dnepropetrovsk şəhərlərində,  bundan başqa Belarus Respublikasının Minsk şəhəri  və Moldova Respublikasının Kişinyov şəhərində  də faciənin iyirmi dördüncü  ildönümünə həsr olunmuş anım mərasimləri təşkil olunacaq.

 Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də  Misir Ərəb Respublikasının Qahirə şəhərində də   20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan  anım mərasimi keçiriləcək və “Şəhidlərimiz” mövzusunda fotosərgi nümayiş olunacaq.

 

20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı  Qırğızıstan Respublikasının Bişkek şəhərində “20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu” mövzusunda konfrans keçiriləcək, fotosərgi və sənədli filmlərin nümayişi təşkil olunacaq, həmçinin “20 Yanvar qəhrəmanlıq tariximizin səhifəsi” mövzusunda dəyirmi masa keçiriləcək.

 Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan xalqının azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzusunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət” mövzusunda  konfrans və fotosərgi təşkil olunacaq.

 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bir sıra digər ölkələrdə də tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar