Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələrini elan edib. Fondun icraçı direksiyasından Lent.az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə keçirilib.
3-cü “Mobillik qrantı” müsabiqəsinin keçirilməsi haqqında qərar bu il sentyabrın 2-də elan edilib və qrant layihələrinin qəbulu üçün müddəti üçün müddət 3 sentyabr - 4 oktyabr tarixləri müəyyənləşdirilib. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı
direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib, iş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab verib, ortaya çıxan suallara aydınlıq gətirib.
Göstərilən müddət ərzində müsabiqəyə 20 layihə daxil olub. Müsabiqə qaydaları və
tələblərinə cavab verməyən 2 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsi üzrə 14 qalib layihə müəyyənləşdirilib. 3-cü “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 95 500 manat olub.