Ötən bir il ərzində “ASAN Xidmət” mərkəzlərinə 959 min vətəndaş müraciətinə baxılıb. Bu müddət ərzində 90%-ə yaxın vətəndaşın məmnunluğu təmin edilib. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bu gün 1 saylı “ASAN Xidmət” mərkəzinin yaranmasının 1 illiyi və ötən ilin hesabatı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 1 saylı “ASAN Xidmət” mərkəzi daha əvvəl yarandığı üçün müraciətlərin böyük əksəriyyəti ora daxil olub.
1 saylı “ASAN Xidmət” mərkəzi ötən il ərzində 340 min, Sumqayıt “ASAN Xidmət” mərkəzi 204 min, 2 saylı “ASAN Xidmət” mərkəzi 250 min, 3 saylı “ASAN Xidmət” mərkəzi 92 min, Gəncə “ASAN Xidmət” mərkəzi 14 min müraciətə baxıb: ““ASAN Xidmət” mərkəzlərinin fəaliyyətində təməl prinsiplər mövcuddur ki, buraya xidmətin operativliyi, rahatlılıq, şəffaflığın təmin edilməsi, etik davranış qaydalarına əməl edilməsi daxildir. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti dövlət agentliyi tərəfindən tənzimlənir. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas vəzifələrindən biri də “ASAN Xidmət” mərkəzlərinin, o cümlədən xidmətlərin elektron formalarının təşkilidir”.
İ. Kərimov qeyd edib ki, bu günə kimi 5 “ASAN Xidmət” mərkəzində vətəndaşlara 9 dövlət orqanı tərəfindən 25 sahə üzrə xidmət göstərilir. “ASAN Xidmət” mərkəzlərində xidmətlərin və agentliyin əsas vəzifəsi orqanlar tərəfindən göstərilən xidmətləri təşkil etmək, onun çatdırılması asanlaşdırmaq, operativlik, şəffaflığı təmin etməkdir.
Anar Məcidzadə