"Ötən illərdən fərli olaraq bu il respublika fənn olimpiadalarında rayon məktəbliləri daha fəal iştirak edib". Bu fikri təhsil nazirinin müavini Ceyhun Bayramov respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində bildirib. Onun sözlərinə görə, istedadlı uşaqların vaxtında üzə çıxarılması, inkişaf etdirilməsi hər zaman təhsilin prioritet istiqamətlərdən olub.
Məktəblərdə müxtəlif fənlər üzrə olimpiadalarda iştiraka layiq şagirdlərin seçildiyini və onların hazırlığına nəzarətin gücləndirildiyini deyən Ceyhun Bayramov qeyd edib ki, bütün bunlar olimpiada hərəkatına təkan verir. Nazir müavini bildirib ki, respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsi üzrə I turun 36 908 nəfər iştirakçısından 6 374 nəfər II tura keçib, onlardan da 849 nəfəri yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib. Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri I-IV yerlərə layiq görülüb.
Sonda qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub.