“Çinin “podval” mallarıdır. Nədən hazırlandığı da məlum deyil. Bir saatın ki, kəmərinin qiyməti on qəpik, saatın özü isə əlli qəpik ola. (Gülür) Ondan nə gözləmək olar? Hələ ziyanlarını demirəm. O saatlar Çində kiloyla satılır. Özü də çamadanda. Elə oradan necə alırlar, aldıqları kimi də çamadanda satırlar. Harada çamadan görsəz, o adamdan almayın. Bilin ki, zay maldır”.
Bunu Bakıda metro stansiyaların keçidində saat satışıyla məşğul olan Rafiq deyir. Özünüz şahidisiniz, elə bir metro stansiyası yoxdur, orda qarşılarında çamadan 3 manata saat satana rast gəlməyəsən. Dəfələrlə yanından ötüb keçsək də, bu dəfə işdən evə gedəndə ayaq saxlayıb saatlarla maraqlandıq. Beləcə bir neçə metro stansiyaları gəzdik və...
...Piştaxtasında qiyməti 10 manatdan tutmuş 150 manata qədər saat var. 12 ildir bu işlə məşğul olan Rafiq satdığı saatların keyfiyyətli olduğundan danışır.
-12 ildir saat satıram. Malıma cavabdehəm. İndiyə qədər yalnız bir dəfə satdığım saat üstümə qayıdıb. Saat saat kimi işləyirdi. Sadəcə, ehtiyatsız davranıb saatın burulan yerini qırmışdılar. Müştəri məmnun qalsın deyə, dəyişdim. Mənim saat dükandakılarından fərqlənmir. “Sədərək”dən bir yerdən götürürük. Sadəcə, mən vergi vermirəm, hər şey icarə haqqının içindədir, onlar həm yer pulu verir, həm də vergi. Ona görə də, onlar malın qiymətinin üstünə çox qoyur, biz isə az.
Eskalatordan enirik. “Cəfər Cabbarlı” metro stansiyasından “28 May” metro stansiyasına keçiddə bir dayı masanın üstündə 3 manata saat satır. Özü də çamadanda. Alıcı qismində yaxınlaşırıq. Dayı da sağ olsun, saatlarını xeyli tərifləyib, qiymətdə endirim etmir. Deyir mən malın yiyəsi deyiləm, satıcıyam.
- Mənə veriblər ki, al bunları 3 manatdan sat, mən də satıram. Mən satdığım hər saatdan faiz alıram. Məndən olsa, saatları üç manata yox, beş manata satardım. Gündə yüz saat satmayıb, əlli saat satım. Saatların keyfiyyətinə gəlincə heç də mağaza satılanlardan fərqlənmir. Burda üç manata olan saatlar mağazalarda 50 manatadır. Odur ey, sizdən qabaq bir qız gəlmişdi. Gəldi gördü ki, onun saatı burda üç manatdı. Deyirlər, guya biz bunu Çindən kiloyla alırıq. Kiloyla saat olar? Kartofdu bəyəm? Bunlar hamısı Dubaydan gətirilir “Sədərək” bazarına. Biz də, mağazalar da ordan götürüb satırıq. Düzdü, brend saatlar da var. Hə, onlar ayrı...
Saatlara baxıram. Aralarında tanınmış brendlər də var: “Tucson”, “Ferrary”, “Celvin Klein”. Birini qaldırıb baxıram. Saatın üstündə “Orient”, altında isə “Emporio Armani” yazılıb. Orijinal “Orient” saatlarını internet üzərindən araşdırdıq. Bu saatların təqribi qiyməti 226 dollardı.
“20 Yanvar” metro stansiyasında da vəziyyət eynidir. Çamadan və 3 manata saat.
Biz də bu saatlardan birini alıb yollanırıq peşəkarı saatsaz Hacı Fətəliyevin yanına. Pilləkənlərin altında, balaca iş otağında bizi qəbul edir. Böyüdücünü başına taxır, başlayırıq söhbətə.
- Var bahalı saatlar, var ucuz saatlar. Ucuz saatların metallarında, onun daxili mexanizmində, hissələrində fərq var. Bahalı saatların korpusu poladdan, şüşəsi sapfirdən, mexanizmi orijinal olur. Bu ucuz saatların hamısı Çində hansısa bir sexdə hazırlanır. Zavodda deyil. Çinin zavod malı, yaxşı saatları var. Bu o demək deyil ki, Çində istehsal olunana bütün saatlar pisdi.
H. Fətəliyev ucuz saatların zərərindən danışır.
- Ucuz saatlar insan orqanizminə zərərlidir. Uzun müddət qolda qalanda qızartılar, xırda səpkilər yaradır. Qayışların tərkibi məlum deyil ki, nədən hazırlanıb. Dəridə allergiya yaradır. Bunlar kiloyla alınan saatlardı. İndi gör, yerində neçəyə satılır ki, bunlar gətirib burda iki, üç manata satırlar. Orijinal malda belə hallar olmur, su buraxmır. O gün biri yanıma saat gətirib ki, saatın içi nəmişlikdən kif bağlayıb. Bahalı saatlar tez xarab olmur. Ucuz saatlar tez-tez xarab olur, amma mən ucuz saat təmir etmirəm. Onun qiyməti elə üç-beş manatdı. Mən onu neçəyə təmir edim? Mən Azərbaycanda “düzəlməyəcək” deyilən bahalı saatların təmiriylə məşğulam.
Saatsazın sözlərinə görə, yaxşı saatın qiyməti ucuz olmaz.
- Normal saatın ən aşağı qiyməti əlli manatdı. Əlli manatlıq saat alarsan, səni incitməz. Mən aeroportdan alınıb mağazada baha satılan saatlardan danışmıram. Orijinal saatlardan danışıram. Bəlli bir markalar var ki, yaxşı saatları var. Birdə görürsən gətirirlər ki, 35 manata almışam. Baxan kimi deyirəm ki, bu beş manatlıq saatdı. Səni aldadıblar. Aldanmamaq üçün birincisi ustayla məsləhətləşmək lazımdı. Bir xanım millət vəkili var, min manata saat almışdı. Baxan kimi dedim ki, bu saatın uzağı əlli manat qiyməti var. O da aparıb qaytardı. Yaxşı saat ağır olur. Yüngül saat ucuz saatdı. Onların metalı yüngül olur. Formasını orijinal firmaların saatlarına bənzəsə də, ucuz metallardan hazırlandığı üçün yüngül olur.
Saatsaz bir maraqlı məqama da toxunur. Deyir ki, Bakıda brend saatların satışıyla məşğul olan mağazalar var. Beş min, on min, yüz min manatlıq saat satırlar. Satanda saatlara iki illik zəmanət verirlər. İki il ərzində saat xarab olanda alıcı saatı gətirib verir mağazaya ki, düzəltdirsin. Onlar müştəriyə deyirlər ki, göndəririk İsveçrəyə. Bir aydan sonra gəlib götürün. Sonra gətirirlər hamısını mənim yanıma. Düzəldirəm. Zəng edirəm ki, ay filankəs, gəl saatını apar da. Dörd gündü düzəltmişəm. Deyir, ay Hacı, mən müştəriyə necə deyim ki, saat İsveçrədən dörd günə gəlib? Qoy bir on beş gün qalsın. Gəlib götürəcəyik. Bəziləri var ki, həqiqətən də təmir üçün saatları xaricə göndərirlər. Amma əksəriyyəti mənə.
Hacı dayının sözündən sonra bahalı saatların satıldığı mağazalardan birinə üz tutduq. Şüşələri sapfir olan bu saatların ən ucuzunun qiyməti yüz manat, ən bahalısı isə 750 manatdır. Satıcı bu saatların sənət və keyfiyyət sertifikatı ilə satıldığını deyir.
Hə, yaddan çıxmamış. Bu da mütəxəssis rəyi. Respublika Dəri-Zöhrəvi Dispanserinin həkimi İlqar Məmmədov deyir ki, ucuz saat və qolbaqlar dəridə kontakt dermatit əmələ gətirə bilər. Ucuz saatların tərkibində allergik maddə var. O da dərini qıcıqlandırır. Nəticədə dəridə dermatit yaradır.