Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu diş əti xəstəlikləri ilə bağlıdır.
Xarab dişlər insanda hansı xəstəlikləri yaradır?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti stomatoloq İlqar Qacarov uşaqlardakı diş əti xəstəlikləri ilə bağlı müsahibə verib.
Lent.az-ın təqdim etdiyi müsahibədə həmin sualın da cavabını tapa bilərsiniz:
İlqar Qacarov
- İlqar müəllim, vətəndaşlar arasında ən çox yayılan diş əti xəstəlikləri hansılardır?
- Diş əti xəstəlikləri diş ətinin və dişi əhatə edən toxumaların iltihabıdır. Diş ətinin iltihabı gingivit adlanır. Xəstəliyin tipik əlaməti dişətinin rənginin tünd-qırmızımtıl olması, dişətinin həcmcə böyük olması və dişətinin qanamasıdır.
Ağız gigiyenasına düzgün və müntəzəm qulluq edilmədikdə dişlərin səthində yığılan bakteriyaların diş əti altına keçərək diş ətini iltihablaşmasına səbəb olur.
Diş əti xəstəliyinin ilkin mərhələsində yumşaq diş fırçası ilə dişləri ehtiyyatla fırçalamaq, diş saplarından istifadə etmək lazımdır. Xəstəlik əgər müalicə edilməzsə, dişətinin altında və üstündə diş daşları əmələ gəlir.
- Ortodontik problemlər daha çox hansı yaşlarda yaranır?
- Ortodontik problemlər dedikdə diş-çənə anomaliyaları nəzərdə tutulur və əsasən 9-12 yaşlarda, süd dişlərinin daimi dişlərlə əvəz olunması zamanı yaranmağa başlayır. Problemin yaranma səbəbi əsasən süd dişlərin vaxtından əvvəl itirilməsidir.
Bəzən isə irsi faktorlar, zərərli vərdişlər (körpə vaxtı barmaq əmmə vərdişi, qələm dişləmə, dırnaq yemə, əmzikdən uzunmüddətli istifadə etmək), ağız tənəffüsü (ağız tənəffüsü vəziyyəti olduqda zaman keçdikcə çənə sümükləri düzgün inkişaf etmir və dişlərdə ortodontik problemlər yaranır), dar çənə (inkişaf müddətində çənə dar quruluşda olduğu üçün dişlər üst-üstə çıxır) də ortodontik problemlər yaradanlar səbəblər arasındadır.
Müalicəni erkən yaşlarda aparılması daha vacibdir. Dişlər və çənə sümüyü inkişafda olduğu üçün bu yaşda müalicə ilə tez nəticə əldə etmək mümkündür.
Unutmayaq ki, müalicədən öncə diqqət yetirilməli məqamlar var. Belə ki, ortodontik müalicəyə başlamazdan əvvəl mütləq dişlərin təmizliyinə fikir verilməli, diş daşları mütləq təmizlənməli, kariyeslər varsa, müalicə olunmalıdır.
Bundan əlavə, ortodontik müalicədə breketlərdən, plastinkalardan, ağız xarici aparatlardan, kappalardan istifadə olunur. Müalicə müraciət edənin yaşından, ağız təmizliyindən, problemin ağırlığından asılı olaraq 6 ay ilə 3 il arasında davam edə bilər.
- Xarab dişlər insanda hansı xəstəliklərin yaranmasına səbəb olaa bilər?
- Kariyes bakteriyaların dişlərin sümük toxumasını zədələməsi nəticəsində əmələ gəlir. Bu xəstəliyin profilaktikası üçün bir sıra qaydalara əməl etmək lazımdı:
• Ağız boşluğunun təmizliyinə diqqət etmək (dişləri ən az 2 dəfə səhər və axşam yeməkdən sonra diş fırçası ilə təmizləmək lazımdır).
• Şokolad, karbohidrat tərkibli məhsullar, şirniyyatları daha az qəbul etmək.
• Ağız boşluğunu antiseptik tərkibli məhlullarla tez-tez qarqara etmək.
• Müntəzəm stomatoloq müayinəsindən keçmək önəmlidir.
Kariyes çox təhlükəli xəstəlikdir. O təkcə dişlərin vaxtından tez itirilməsinə səbəb olmur. Ağız-udlağ, daxili orqanlar və periodontun iltihabı, osteomielit (çənə sümüyünün iltihabına) kimi xəstəliklər kariyes sayəsində yaranır. Bunun üçün kariyesli dişləri vaxtında müalicə etmək lazımdır.
- Hansı halda stomatoloji cərrahiyyə həyata keçirilməlidir?
- Diş və ağız boşluğunda bir sıra stomatoloji cərrahiyyələr həyata keçirilir. Bunlar adətən aşağıda qeyd olunanlardır:
• Retension dişlər: bu dişlər diş əti altında qalır və digər dişlərə təzyiq göstərir;
• Ağıl dişlər: 17-25 yaş arasında çıxmağa başlayır. Dişlər düzgün sıralamada çıxmırsa yəni, çənə sümüyünə bitişik və ya əyri formada çıxarsa, bu dişlər cərrahi əməliyyatla çıxarılmalıdır;
• Kista və abseslərin müalicəsi zamanı cərrahi prosedur həyata keçirilir;
• Sümük auqmentasiyası.
- Orqanizmdəki hansı problemlər dişlərin vaxtından tez tökülməsinə səbəb olur?
- Ağız və dişlərin gigiyenasına diqqət etmədiyimiz halda ağız boşluğundakı problemlər başqa xəstəliklərin əmələ gəlməsi üçün zəmin yaradır. Belə ki, osteoporoz xəstəliyi zamanı sümüklər kövrək olur. Bu zaman çənə sümüyü də kövrəkləşir və dişlərin itirilməsinə gətirib çıxarır.
Bunan əlavə, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda qanda şəkərin miqdarının artması diş əti xəstəliklərinin əmələ gəlməsi riskini artırır. Qanda şəkərin miqdarını mütləq normada saxlamaq lazımdır.
Dişlərin möhkəm olması və kariyeslə mübarizə üçün dişləri hər gün 2 dəfə hərəsi təxminən 2 dəqiqə olmaqla fırçalamaq məsləhət görülür. Gizli kariyeslərin erkən aşkarlanması üçün hər 6 aydan bir stomatoloq müayinəsindən keçmək məsləhətdir.