Vicdan dedikləri bir həqiqətdi....
07 iyul 2022 09:16 (UTC +04:00)

Vicdan dedikləri bir həqiqətdi....

Zaman 2013-cü il, 24 noyabr.
Məkan, Bakı. 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ona təqdim olunacaq “Jurnalistlərin dostu” mükafatın mərasimində çıxış edir. Prezident ölkədə medianın durumundan, ona dövlət qayğısından, demokratik cəmiyyətin qurulması işində azad mətbuatın xüsusi rolundan danışır. Necə deyərlər, parlaq bir çıxış. Bu çıxışın necə deyərlər, ana xəttini isə bu sözlər təşkil edir, məncə. 

“Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir”. 

Prezident haqlıdır. Əslində, Azərbaycanda fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Ölkəmizdə dini məsələlərlə bağlı müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atmışdır. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”. 

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Prezidenti Heydər Əliyev 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları, media ilə əməkdaşlıq edir. 

Heç kimə sirr deyil ki, vicdan azadlığı problemi bəşəriyyətin demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətdir. Çünki vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. 


Ölkəmizdə də vicdan azadlığı prinsiplərin və insanların inancına hörmətlə yanaşılır. Bu sahə ölkə Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Adından da göründüyü kimi, müvafiq qanunumuz məhz “Dini etiqad azadlığı” adlanır. Yəni, söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından, maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir. 


Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən, dövlət də dindən ayrıdır. Buna görə də dövlətin sosial, siyasi, iqtisadi və hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən, dinin bu mövzudakı əmr və qadağalarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik din və vicdan azadlığını dövlət tərəfindən təminat altına alır. Belə ki, o zaman həqiqi din azadlığı, ancaq dünyəvi bir dövlətdə reallaşa bilər. Çünki belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan öz dinlərini seçə bilərlər. dünyəvi bir dövlətdə din azadlığı, hər hansı bir dinə inanma və onun ibadətlərini yerinə yetirmə azadlığını təmin etdiyi kimi, vətəndaşların heç bir dinə inanmama və heç bir dinin ibadətlərini yerinə yetirməmə azadlığını da təmin edir. 

Dövlətin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsində olmalıdır. Onun əsas vəzifəsi, ədaləti, daxili və xarici təhlükəsizliyi təmin etmək, vətəndaşların haqq və azadlıqlarına əngəl olan problemləri aradan qaldırmaqdır. Bu səbəbdən də, dövlət bu gün ölkənin gələcəyi üçün lazım olan tədbiri görməkdədir. Yəni, dövlət vətəndaşlarını və cəmiyyəti zərərli, fanatik və radikal dini-siyasi qrup və təşkilatlardan qoruyur. Bu istiqamətdə dövlətin sekulyar dəyərləri və prinsipləri daha kəskin və aydın qoyulur. 


Bir dəfə Prezident haqlı olaraq bildirmişdi.

Sitat:

“Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə, Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir.” 

“Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dini konfessiyalara bərabərhüquqlu münasibət göstərilir. Hər kəs dini inancına görə sərbəstdir. Bu, bizim dövlət-din münasibətlərinin əsasını təşkil edir”. Bunu isə mətbuata açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov demişdi.  O qeyd edtmişdi ki,  İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalçıları, onların siyasi rəhbərləri müharibəyə dini çalar verməyə cəhd etdilər. “Onlar bunu müsəlmən-xristian qarşıdurması kimi dünyaya təqdim etməyə çalışdılar. Qərb ölkələrindən dəstək almaq üçün belə bir yola əl atdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dünya ictimaiyyətini, aparıcı kütləvi informasiya vasitələrini məlumatlandırması, həmçinin, ölkəmizdə dinlər arasında həmrəyliyin olması ermənilərin bu hərəkətini iflasa uğratdı. Hazırda dünyada mənəvi böhranın olması fikirləri səsləndirilir. Belə bir dövrdə Azərbaycanın yaratdığı bu həmrəylik strategiyası bu böhran üçün bir yol xəritəsi ola bilər”. 
Buna sözləri isə bütün dünya oxuyub. Dövlət başçımızın öz Tvitter səhifəsində paylaşdıqlarıdır.  

“Bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur”.
Sizcə, əlavə şərhə ehtiyac varmı?
(Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur)
 

# 2391
avatar

Səlcuq Elçin

Oxşar yazılar