Vətənin dəlisi,  torpaq eşqli dəlilərin vətəni
20 iyun 2022 13:21 (UTC +04:00)

Vətənin dəlisi, torpaq eşqli dəlilərin vətəni

20  sentyabr. 2020-ci il.  Qəbələ.

- Ay Əli, a bala, dur o kompüterin qabağından, yekə kişisən, sənin dava-dava  oynayan vaxtındı? A bala, dur, iş- güc tökülüb qalıb. 
- Ay nənə, səbrin olsun, bu düşməni də qırım gəlirəm.
- Böyümədin də sən. Qız  da verməyəcəklər sənə. Hələ də ağlın fikrin oynamaqda. 21 yaşın var  e.
- E ay nənə, qız vermirlər ki, uşaqsan, oyun oynatmırlar ki, kişisən...
Nənə-balanın bu şirin dialoqunu telefon zəngi kəsir. Əli telefona cavab verib, bir az təəccüb , bir az da sevinclə nənəsinin üzünə baxır. “Məni səfərbərliyə çağırırlar, nənə. Vətən məni əsl  kişi hesab edirmiş”.

 

 

Çox sonralar,  daha dəqiqi 44 günlük müharibədən  13 ay sonra döyüşlərdən qazi kimi dönmüş 21 yaşlı Əli Turabov mediaya müsahibə verəndə deyəcək: “ İlk 3 günü müharibədə olduğumu anlamadım. Hər şey  müharibə filmlərindəki kimiydi. Elə bilirdim, yenə kompüterdə müharibə oynayıram. Yanımızda mina partlayıb, ən yaxın dostumu qan içində görəndə, onu qucağıma alıb səngərə qaçanda başa düşdüm ki, bu oyun deyil”.  O günə qədər adi, sakit həyat yaşayan Əli kimi yüzlərlə  gənc o müqəddəs 44 gündə böyüdü, kişiləşdi, qəhrəmana çevrildi. Yüzlərlə oğul üçün 27 sentyabr uşağlığın son  günü, şərəfli bir başlanğıcın ilk günü oldu.  

Müharibə başlamazdan  bir neçə gün öncə

Ucarın Şahlıq kəndində yaşayan  Əkbər kişi növbəti dəfə Qazaxdan əliboş, bikef qayıdır. Oğlu Murad Qazaxdan bir qıza aşiq olub, 3-4 dəfə xəbər göndərsələr, qız qapısını döysələr də, qız atası inadına salıb, “qızımı vermərəm ki, vermərəm” deyir. Gənclər bir-birlərini çox sevirlər və  hər vəchlə inadkar atanı yola gətirməyə çalışırlar.  Qazaxlı Qəzənfər kişi bu dəfə elçilərə  çox sərt cavab verib. “Ayə, Ucara heç inəyimi də satmaram, qız vermək nədi? Yaylaqda böyümüş uşağı o qız qazanının içinə göndərəmmərəm mən”. Teymurla Vəsilə and içiblər, dünya tərsinə fırlansa da, əsla bir-birlərini unutmayacaqlar. Müharibə başlayır, Teymur Vəsiləyə zəng edib  döyüşə getdiyini söyləyir. Bu hekayə burda yarımçıq  qalır...
***
2020-ci il,müharibənin qızğın günləri. Füzuli


Füzulidə əsl adı Mikayıl olan, hamının  dəli Miko  dediyi orta yaşlı bir kişi yaşayır. Kənardan baxınca heç kimin önəm vermədiyi, diqqət yetirmədiyi biridir. I Qarabağ müharibəsində iştirak edib, ağır kontuziya alıb. İmkansızlıqdan nə müalicə edib, nə özünə baxa bilib. Ailəsi də onu tərk edəndən sonra içkiyə qurşanıb. Kimsə ilə işi olmaz, eləcə səssiz-səssiz baxar yanından su kimi axıb gedən həyatına. Sərgərdan ömür sürür. Bu vətəndə başını içinə salıb yaşayacağı bir damı belə yoxdur. Ətrafındakı insanlar çox zaman görməz onu. Bu müharibə Mikonun da müharibəsi oldu, onu yenidən diriltdi, cəmiyyətə qatdı.
Döyüşlərin ilk günüydü. Ön xətdən gətirilən yaralıların əynindən çıxarılan qanlı paltarlar Cocuq Mərcanlı yolunun kənarına yığılmışdı. Yaralıların gətirildiyi qanlı xərəklər, qanlı güllə keçirməz jiletlər  təpə kimi yol kənarına  qalaqlanmışdı. Hərbi həkimlərdən biri əmr etdi. “Bu qanlı paltarları yol kənarlarından yığışdırın. Həm ön xəttə gedən əsgərlər görür, həm xəstəlik yayıla bilər, ətrafı qan qoxusu bürüyüb”. Hamı məşğuldur, hərə bir yana qaçır. Həkimi ilk eşidən Miko oldu. Kimsə onu nəyəsə buyurmur,  o isə bir işin qulpundan yapışmaq istəyirdi. Dərhal paltarları yığışdırıb, bir müşəmbəyə bükdü, yerdəki qan izlərini su ilə yuyub təmizlədi.  Döyüş günlərində o da hamı kimi nə yatdı, nə dincəldi, gələn maşınların qabağına qaçdı, yük boşaltdı, su daşıdı, nə istədilər sözsüz-söhbətsiz  qaçaraq yerinə yetirdi.
 Miko Horadizin üst tərəfində, Təzə Bazar deyilən yerdə  yarımçıq tikiliyə sığınmışdı. Əsgərlər də  müvəqqəti, ön cəbhəyə gedincə orada qalırdılar. Bir gün kimsə söz yaydı ki, Miko orda əsgərlərdən siqaret, yemək istəyir. Yerli müəllimlərdən biri Mikonu danlıyınca o ağlayıb: “Müəllim, adın çıxınca, canın çıxsa yaxşıdır. Dəliyəm, amma o qədərini etmərəm” deyib.
Zabitlərdən  biri yaxınlaşıb Mikonu qucaqlayıb: “Bu dayı bizə siqaret, su, çörək gətirir, nəyə ehtiyacımız olduğunu soruşur. Haradan alır bilmirik, təzə təndir çörəyi gətirir bizə”.  Hamının “alkaş”, “dəli”  dediyi Miko  vətən  üçün iki müharibədə varını verib. Birincidə sağlığını, gözəl keçəcək günlərini, ikincidə  yaşadığı yoxluq içində nəyi varsa onu.

Bu döyüşlərdə balaca uşaqdan tutmuş, əl-ayağı tutmayan qocalara qədər, kim nəyi bacardı, onu etdi qələbə naminə. Onlar müharibənin adları çox çəkilməyən gizli qəhrəmanlarıdırlar.  Yaralı əsgərlərin qayğısına öz qardaşının, balasının qayğısına qalırmış kimi qalan həkimlərimiz, tibb bacılarımız,   dükanını, restoranını əsgərlər üçün  havayı işlədən sadə insanlar,  əlində bir çörək olsa belə, onu cəbhəyə göndərməyi qənimət bilən babalar, nənələr, döyüşlərdən sonra əzalarını  itirmiş qazilərin ailə üzvləri. Bir ana üçün  çinar boylu oğlunu yarımcan, əlsiz-ayaqsız, üz gözü yanıqlar içində görmək, yataqlara möhtac görmək dünyanın ən acı imtahanıdır.  Amma Azərbaycan anaları buna dözdülər, sevgilərilə sevgililərinə əl-ayaq, məlhəm  oldu Azərbaycan qızları.  “Quru nəfəsi üstümüzdə olsun yetər” deyib, pərvanə kimi dolandılar  yaralı ərlərinin başlarına Azərbaycan gəlinləri. 

Hekayəsi yarımçıq qalmış sevgililkərdən söz salmışdım bayaq. Teymur da bu döyüşlərdə iki ayağını itirdi. Dizdən aşağı hər iki ayağı amputasiya olunmuşdu. Yenə özünü yox,  Vəsiləsini düşünmüşdü. Vəziləyə zəng edib, “sən evlən, xoşbəxt ol, daha məni gözləmə. Bu iş burda bitdi” demişdi. O inadkar Qəzənfər kişi nə elədi bəs? “Qızımı canını el yolunda qoymuş bir igidə də verməyib, kimə verəcəm? Gəlin nişan qoyun!” dedi.  Vəsilə sevinclə qəbul etsə də, Teymur  qəbul edə bilmirdi bu fədakarlığı. İnadla “yox, daha olmaz” deməyindəydi ki, günün birində Qəzənfər kişi qızını da qoluna taxıb, özü gəldi  Teymurgilin qapısına: “Nə müalicə lazımdırsa, onu da öhdəmə çəkirəm, toyunu da mən edəcəm”.
1 il sonra şəhidlərin ili çıxınca  Aran ellərində toy çalındı. Həmin gün Şahlıq kəndindəki bu toya Azərbaycanın demək olar ki, bütün rayonlarından bəyin döyüş yoldaşları qonaq gəlmişdilər. Zəfərin  qaziləri dağlar kimi çiyin-çiyinə vermiş,  isti Aran kəndində qol götürüb  “Zəngəzur”  havasına oynamışdılar. Bilirdilər ki, çox tezliklə bu hava Şuşada olduğu kimi,  Zəngəzurda da çalınacaq, ellərimiz  vətənin o parçasında da toy-düyün quracaqlar. 

Ağdamlı Xəqani, tərtərli Şöhrət, ağdaşlı Nəsimi,  tovuzlu Seyran, gəncəli Qaçay, lənkəranlı Daşqın, qusarlı Xanoğlan,  xızılı Mərdan, salyanlı Anar, şuşalı Cövdət  və  onlar kimi  hər elatımızdan  yüzlərlə oğul müharibənin ilk günündə şəhid oldular. Onlar düşmənə ilk sinə gərənlər, ilk düşmən çəpərləri idilər. O gün düşmənin ayağına  dəyib mane olan kişik bir  daş da, gərəkli idi öz varlığıyla. Bu oğullar 44  gün döyüşmədilər, zəfəri görmədilər, onlar zəfərə gedən yolun körpülərinə çevrildilər - öz canlarıyla.  

Vətən nədir? Vətən elə dəli Mikodur, ağzı dualı nənələrdir, müharibədən sonra “ mənə dövlət yardımı lazım deyil, mən şərəfim, namusum üçün döyüşmüşəm” deyən oğullardır, vətən bayrağı sinəsinə  sıxıb yatan uşaqlardır,  vətən  həqiqətləri dünyaya çatdırmaq, tarix yazmaq  üçün tarixə çevrilən Siracdır, Məhərrəmdir, yollara qonub əsgər yolu gözləyən analar, bacılar gəlinlərdir, alnının təriylə torpağı suvaran atalardır, torpağa toxum kimi əkilən şəhidlərdir. Vətən  vətən yaşasın deyə bir ovuc torpaq olan, daş olub qalaya hörülən ərənlərdir. Vətən  birlik naminə ölmək, yenidən dirilmək və yenidən birlikdə var olmaqdır.

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi “ Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı məqalə müsabiqəsi üçün yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar