...və o məşhur səs yenidən gəldi:  "Əziz bakılılar və şəhərimizin qonaqları..."
31 may 2021 12:28 (UTC +04:00)

...və o məşhur səs yenidən gəldi: "Əziz bakılılar və şəhərimizin qonaqları..."

"Əziz bakılılar və şəhərimizin qonaqları..."

Darıxmışdıq bu səsi eşitmək üçün. Nə yalan deyim, tələsik, qapıları bağlanmaqda olan metro qatarlarının vaqonlarına özünü atmağın da ayrı bir ləzzəti var. Hə, bu gündən etibarən "Bakı metropoliteni" sərnişinlərin xidmətindədir. Əlbəttə, bu hər kəsi sevindirir. Xüsusilə havaların isti olduğu bir vaxtda gedəcəyin yerə daha tez çatmaq üçün metro ən yaxşı vasitədir.

Elə nəzarətçi Sevda Orucova da dediklərimiz təsdiqləyir. Nəzarətçi xanım Lent.az-a deyir ki, bu gün Bakıda metro ən rahat nəqliyyat vaistəsidir.

“Çox sevinirəm. Aylar sonra yenidən iş başında olmaq çox gözəldir. Metro ən rahat nəqliyyat vasitəsidir. Bizim üçün olduğu kimi elə sərnişinlər üçün də rahatdır”.

Sərnişinlərin də üzündə bir sevinc var. Səbinə Teymurova deyir ki, artıq evdən tez çıxmağıma ehtiyac qalmayacaq.

“Darıxmışdım metro üçün. Açığı heç ümidim yox idi ki, metro istifadəyə verilər. Daha evdən tez çıxmaq məcburiyyətində qalmayacam. İstədiyim yerə tez və rahat çatacam. Buna görə də çox sevinirəm”.

Ceyhun Əzimov isə metronun yenidən bağlanacağından narahatdır.

“Düşünürəm ki, metro Avropa çempionatına görə açılıb. Çünki ölkəmizə çoxsaylı turist gələcək. Buna görə də metro vacibdir. Və oyunlar bitdikdən sonra yenidən bağlanacaq”.

"Bakı metropoliteni"nin uzun müddət qapalı olması sərnişinlərə çıxışları da unutdurub. Bir çoxları nəzarətçiyə yaxınlaşaraq “Bu çıxış hansı tərəfədir?” sualını ünvanlayır.

Nəzarətçi Sevda Orucova onu da deyir ki, insanlar qaydalara heç bir xəbərdarlıq olmadan riayət edirlər:

“Qapanmadan öncə biz çox xatırlatmalar edirdik. Maskanı tax, məsafə saxla. Amma indi çox şükür ki, hələ belə bir vəziyyətlə qarşılaşmamışıq. İnsanlar artıq özləri riayət edirlər qaydalara. Hər kəs maska ilə daxil olur. Sıxlıq yaratmamağa cəhd edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5712
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar