Varşava-Bakı aviareys AÇILDI
28 may 2022 19:44 (UTC +04:00)

Varşava-Bakı aviareys AÇILDI

Mayın 28-də “Four Seasons Hotel Baku”da Polşanın LOT Hava Yollarının Varşava-Bakı marşrutunun açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

Lent.az xəbər verir ki, mətbuat konfransında Azərbaycanın polşalı turistlər üçün kosmopolit bir ölkə olduğu vurğulanıb.

“Biz polşalı turistləri Azərbaycanda görməkdən çox məmnun olardıq. Sirr deyil ki, müasir Bakı XIX əsrin sonu - XX əsrin əvvəlində burada başlayan neft bumundan sonra Qərb və Şərqi birləşdirərək kosmopolit şəhərə çevrilib. Bu yenilik qarşısında bir qrup polşalı memar özündən sonra böyük irs qoyub. İki ölkə arasında mədəni əlaqələr var və açacağımız hava yolu vasitəsilə bu dostluğu möhkəmləndirəcəyik”, - deyə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib.

O, qeyd edib ki, birbaşa uçuşlar və sadələşdirilmiş e-viza prosedurları sayəsində kosmopolit bir şəhəri, zəngin mətbəxi və heyrətamiz təbiəti, eyni zamanda, zəngin mədəniyyəti kəşf etmək istəyən polşalılar üçün Azərbaycan ideal ölkədir. Bakıda yerli və beynəlxalq hotel şəbəkələrinə yaxın gələcəkdə “Ritz Carlton”, “Hotel Indigo” və “Wyndham Garden” otelləri də qoşulacaq. Sadalanan otellərlə yanaşı, dağlarda kiçik evlərdən başlamış butik hotellər də fəaliyyət göstərir ki, bunlar da turistlərin qala biləcəyi yerlərdir.

“Azərbaycan xalqını Müstəqillik günü münasibətilə təbrik edirəm. Şadam ki, Varşava-Bakı hava yolu bu gündə açıldı. Bunu hədiyyə kimi qiymətləndirirəm. Mən artıq tur operatorları ilə görüşdüm, hər iki turizm agentlikləri artıq anlaşma memorandumu imzalayıblar”,- deyə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski qeyd edib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bildirib ki, ölkələrimiz tarixi əlaqələrin 550, diplomatik əlaqələrin 30 illiyini və strateji əlaqələrin 5 illiyini qeyd edir. O, paytaxtlarımızı birləşdirən bu əlaqələrin xalqlarımızı da birləşdirəcəyinə əminliyini vurğulayıb.

LOT Polşa Hava yollarının prezidenti Rafal Milczarski isə deyib:

“Biz uçuş xətlərimizi təkcə müasir tələblərə uyğun deyil, eyni zamanda, sərnişinlərimizin istəklərinə uyğun qurmuşuq. Əminəm ki, polşalılar Bakıda gözəl macəra yaşayacaqlar. Polşalı turistlər İçərişəhərdə azərbaycanlıların səhər yeməyini sevəcək, Dənizkənarı Milli Parkda Şərqlə Qərbi birləşdirən abidələrlə tanış olacaqlar”.

# 1500
avatar

Nigar Namiq

Oxşar yazılar