Üzrü günahından betər olan şou əhli - Kəndçi olmaq nə deməkdir?
17 yanvar 2023 17:54 (UTC +04:00)

Üzrü günahından betər olan şou əhli - Kəndçi olmaq nə deməkdir?

Məsəl var, deyərlər bir dəli bir quyuya daş atar, min ağıllı çıxara bilməz.

Aktyor Bəhram Bağırzadəyə dəli filan demirəm, amma dediyi sözlərin qabağında yüzlərlə ağıllı fikirləşə - fikirləşə qalıb, işin içindən çıxa bilmir.

Onun ortalığa atdığı şəhərli-kəndli söhbəti  cəmiyyətə “vətəndaş müharibəsi” salıb, polemikalar yaradıb. Bir hissə məsələdən xəbəri oldu-olmadı asıb-kəsir, bir hissə Bəhramın haqsız olduğunu bilsə belə, “üz-üzdən utanar” prinsipilə onu haqlı çıxarmağa çalışır, bəzilərinin üzrü günahından da betər olur, qaş düzəltmək istəyərkən vurub göz çıxarırlar.

Məsələn, bəstəkar, müğənni Murad Arif deyir ki, “bu dəxilsiz rayonlu-şəhərli söhbətinə söyüş qoymaq lazımdır”. Lent.az-ın xəbərinə görə, aparıcı Murad Əzimzadə isə baltanı lap dibindən çalıb söhbətə, deyib ki, “Rayonlu-şəhərli söhbəti etmək kəndçilikdir”. A qardaş, niyə şəhərlilik deyil, kəndçilikdir? Kəndçilik burda təhqirdir ya nədir? Sən indi bununla nə demək istədin? 

Tanınmış həkim Rəşid Mahmudov bir kəndli balası olaraq yanaşıb mövzuya, bildirib ki, “mən Bakıya gələndə bakılılar damı qırla örtürdülər. Rayonlular bakılılara mədəniyyət öyrətdilər”.

Onun bu söhbəti bakılı qızı, Xalq artisti Brilliant Dadaşovanın xətrinə dəyib, cavab verib, amma sağ olsun, heç kimin könlünü qırmadan, düzünü danışıb. Deyib “bu nə söhbətdir? Biz rayonlular, o şəhərlilər? Bu söhbətləri kim təhrif edir? Bəhramın nə dediyini anlamadan, bu nə sözbazlıqdır yayırsınız? Bu ataya Bəhramın sözlərini kim tərs anladıb? Bakı hamımızın gözəl paytaxtı, canımızdır. Bakıda hansı damlar qır olub? Hacı Zeynalabdinin? Musa Nağıyevin? Yusif Dadaşovun damı? Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Şəki, Qarabağ, Naxçıvan, bir çox şəhər və rayonlarında, gözəl guşələrimiz hər zaman olub və olacaq. Həmçinin də ziyalılarımız” .

Biz heç birimiz Robinzon deyilik, cəmiyyətin içində yaşayırıqsa onun qanunlarına, dəyərlərinə hörmətlə yanaşmalıyıq. Xüsusən tanınan sima, üzdə olan şəxssənsə, işlətdiyin ifadələr müəyyən məsuliyyət yükü daşıyır. Bunu Bəhram Bağırzadə yəqin ki, bilməmiş deyil. Amma hərdən bir nədənsə bu şəkildə atmacalar atır, gündəmi şirin çay kimi qarışdırır. Sonra da durub üzr istəyir.

Bəhram Bağırzadə bəlkə də unudub ki, indi cəmiyyətimiz də çox şən və hazırcavab olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4950
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar