Üzeyir bəyin dərs dediyi məktəb, səssiz küçələr, sökülmüş məzarlıqlar... – Hadrutdan REPORTAJ 
19 yanvar 2021 15:32 (UTC +04:00)

Üzeyir bəyin dərs dediyi məktəb, səssiz küçələr, sökülmüş məzarlıqlar... – Hadrutdan REPORTAJ 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu erməni işğalçılarını torpaqlarımızdan qovub çıxardıqdan sonra mənim də jurnalist kimi bu yerləri gedib görmək fürsətim oldu. 

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarında oldum. Getdiyim bütün rayonların yaşayış məntəqələri və ya rayon mərkəzlərinin hamısı bir-birinə oxşayır. Sadə və sadəcə xarabalıq...

Amma sonuncu dəfə gördüyüm Hadrut qəsəbəsi bir başqa idi. Qəsəbəyə daxil olanda  haqlı olduğumu anladım. Çünki işğaldan azad olan rayonları gəzdikcə ermənilərin bu torpaqları bir gün tərk edəcəklərini bildikləri açıq-aydın bilinirdi. 

Bilinirdi ki, Ermənilər, bu yurd yerlərini bilərəkdən bu vəziyyətə salıb ki, azərbaycanlılar geri qayıdanda yaşamağa ev tapmasınlar. Kəndlər, şəhərlər, meyvə bağları, sıx meşələrin hamısı düzəngahlığa çevrilib, çayların məcrası dəyişdirilib. 

Amma o yerlər ki, dağıdılmayıb, o kəndlər, o, şəhərləri heç vaxt geri qaytarılmayacağını düşünüblər. 

Bəli, Hadrut da ermənilərin nəyin bahasına olursa-olsun geri qaytarılmayacağını düşündükləri qəsəbələrdən biridir. Burda yaşayan ermənilər Cəbrayıldan, Füzulidən, Zəngilandan və Qubadlıdan daşıdıqları ilə özlərinə çox gözəl şərait qurublar. Qəsəbədə saysız-hesabsız marketlər, dükanlar, gözəllik salonları, bir sözlə, bütün küçələrdə evlərin birinci mərtəbəsi iaşə obyektlərinə çevrilib. 
Həyətlərin çoxunda çaxır çəlləyi, istirahət etmək üçün hər cür şərait var.
Bunların hamısı azərbaycanlıların varı-dövləti hesabına olub. Hansı tərəfə baxsam, erməni dilində yazılan reklam panelləri görünür. 

Qəsəbənin mərkəzindəki parka böyük bir şəkil vurulub. İçimə fərəh hissi dolur. Şəklin üstünə yazılıb: “Tarix Yazan Sərkərdə - Ali Baş Komandan İlham Əliyev!”  

Divarlara isə döyüşlərdə iştirak edən igidlərimiz öz adlarını yazıb.  Adları oxuduqca ürəyimdən keçən budur ki, inşallah, sağdır adları yazılan bu igidlər.
Qəsəbənin ən hündür hissəsinə çıxıb mənzərəyə baxıram, vətənimin bu gözəl yerini gördüyüm üçün Vətən müharibəsində iştirak edən hər kəsə minnət borcumu xatırlayıb dərindən nəfəs alıram. 

28 ildə qəsəbə çox böyüyüb, evlərin sayı artıb. Köhnə evlərlə yeni tikilən evlər bir birindən seçilir. Hələ tikintisi son aylarda yarımçıq qalan evlərdə var. Diqqətimi ikimərtəbəli bina çəkir. Ən azı 150 dən çox yaşı olduğu açıq-aydın bilinir. Qapını açıb içəri girirəm, bəli, mən vaxtilə Üzeyir Hacıbəyovun dərs dediyi məktəbin pilləkənləri ilə qalxıb otaqlara daxil oluram. 
Üzeyir Hacıbəyov 1904-cü ildə bu məktəbdə rus dili, hesab, tarixdən dərs deyib, uşaqlara nəğmə və musiqi öyrədib.
Lakin bir il sonra, 1905-ci ildə ermənilərlə azərbaycanlılar arasında başlanan münaqişə nəticəsində Üzeyir bəy Hadrutu tərk edib. Bununla da Üzeyir bəyin Hadrutdakı qısa müəllimlik dövrü başa çatıb. 

Arxiv sənədlərdən birini və ya köhnə şəkil tapmaq ümidi ilə otaqları gəzirəm.  Amma axtarışlarım əbəs yerədir, çünki ermənilər bu tikilini talan edib, sahibsiz buraxıb. Bir-iki nimdaş paltar və məişət əşyalarından başqa heç nə yoxdur. Binanın bir tərəfindən istifadə olunsa da, arxa otaqlarına baxanda yenə eyni mənzərə,  digər rayonlarda olduğu kimi, mal saxlamaq üçün istifadə ediblər.  Bu, sadəcə, vəhşilikdir, bu cür tarixi binadan mal tövləsi kimi istifadə etmək bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. 

Üzeyir bəyi düşünüb, Azərbaycan dövlət himnini oxuyaram… Əslində yüksək səslə oxuyub səsimin dağlarda əks sədasının eşidilməsini istəyirəm. Lakin mənim səsim çatmaz buna, deyib məktəb binasını tərk edirəm. 

Hadrutun, eyvanları  küçələrə açılan evləri qədim Bakının İçəri şəhərini xatırladır mənə…  Amma küçələr çox səssizdir, ermənilər gedib, ev sahibləri isə hələ gəlməyib. Qarşılaşdığım Azərbaycan ordusunun hərbçiləri olur. Onları da salamlayıb, canımız sizə qurban, deyib yanlarından keçirəm… 

Artıq zaman çatır... Hadrutu tərk etməyin vaxtı gəlib… kamera-mikrafonlarımızı söndürüb, maşına yığıb, bu gözəl qəsəbədən çıxırıq. Qəsəbədən 500 metr aralaşandan sonra 1941-1945-ci il,  II dünya müharibəsində ölənlərin xatirəsinə ucaldılan abidə kompleksini görüb maşını saxlayıram. Düşüb baxanda bu abidənin ermənilərin tikdiyini görürəm. Amma abidənin kənarlarında 1992-1993-cü ildə Birinci Qarabağ müharibəsində ölən erməni döyüşçülər dəfn edilib. Qayıdıb çıxmaq istəyəndə erməni döyüşçünün qəbrinin müxtəlif ölçülərdə olduğu diqqətimi çəkir…. Qayıdıb bir-bir məzar daşlarına baxıram.  Cəmi 6 erməni hərbçinin məzar daşının bir-birinə uyğun gəlməməsi, yəni müxtəlif ölçülərdə olması erməni xislətindən xəbər verəcəyindən əminəm. Təbii ki, düşündüyüm kimi oldu... Ermənilər azərbaycanlı məzarlığından sökdüyü mərmər qəbir daşlarının da adını dəyişib. Adını dəyişmələri azmış kimi, bu qəbir daşlarını qəhrəman bildikləri erməni hərbçilərin məzarları üstündə ucaldıb.
Bəlkə də heç kim inanmayacaq, amma bu bir faktdır - Ermənilər azərbaycanlıların məzarlıqlarından sökdüyü qəbir daşlarının üstündən adları və soyadları silib, yenidən öz məzar daşlarına çeviriblər. Bu anda nəinki, Azərbaycan teleməkanında, dünyanın ən öndə gedən teleməkanında işləməklə ermənilərin bu iyrənc əməlini dünya ictimaiyyətinə çatdırmaq keçir ürəyimdən… 
Düzünü deyim ki, mətbuatda çalışdığım zamanlarda bəzən belə araşdırmalarım olub, amma nəticə etibarı ilə diqqət çəkməyib... Mən bu faktın dünyanın və bütün millətlərin bilməyin istəyirəm. Axı ermənilərin Azərbaycan qəbiristanlıqlarından  ölülərin adına ucaldılmış bir məzar daşını qoparıb, öz məzarlığında, qəhrəman bildiyi əsgərin məzarı başında ucaldıb. Bunu kim görməzlikdən gələ bilər ki? 
Bütün bu suallarla ayrılıram məzarlıqdan. 

Amma mən başqa bir hadisənin də axtarışındayam. Uzun illər Xocavənd rayonunun Qaradağlı faciəsi ilə bağlı araşdırmalar aparmışam. Artıq bu torpaqlar bizdədir və qaradağlıların kənd fermasının silos quyusunda yandırılan azərbaycanlıların yerini axtarıram. O yeri tapmaq üçün yola davam edirəm. Əgər tapsam, sadəcə, dizimi yerə qoyub, hər kəs adına orda yandırılıb ölən uşaq, qoca və qadınların ruhuna, o, zaman üçün bizi bağışlayın, amma artıq biz gəldik deyəcəyəm…

Habil Aslanoğlu
 

# 2280
avatar

Oxşar yazılar