Uşaq əməyi istismar hesab olunurmu? - EKSPERTİN ŞƏRHİ
27 aprel 2021 13:57 (UTC +04:00)

Uşaq əməyi istismar hesab olunurmu? - EKSPERTİN ŞƏRHİ

Uşaq əməyinin istismar edilməsi ilə bağlı müxtəlif müzakirələr mövcuddur. Bəziləri üçün uşaqların hətta evdə valideynlərinə də kömək eləmələri uşaq əməyinin istismarı sayıldığı halda, başqaları üçün uşağın təhsildən kənar vaxtlarda işləyib pul qazanması belə məqbuldur və onun gələcək inkişafı üçün stimuldur. 

Norma.az-ın şərhi:

BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə  təşkil edilib. Azərbaycan isə 12 may 1992-ci ildə BƏT-in üzvüdür, onun 57 Konvensiyasına qoşulub. Əmək, uşaq hüquqları barədə qanunvericilik də bu konvensiyaların prinsip normalarına uyğunlaşdırılıb.

Uşaq kimdir?

BMT Baş Assambleyasının 20 noyabr 1989-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına görə, 18 yaşa qədər şəxslər uşaq hesab edilir.

Müxtəlif cərəyan və dinlərdə isə “uşaq kimdir” sualının tərifi hüquqdan fərqlənir. Sufilərə görə, insanın uşaq və yetkin olması əqli, mənəvi məsələlərlə bağlıdır. İslama görə, uşaqlıq cinsi yetkinliyə qədər olan dövrdür. Sağ yanaşmaya görə, müstəqil əmlaka sahib olmaq uşaqlıq dönəminin sona çatmasıdır.

Uşaq əməyinin istismarı nədir?

BƏT-in təsnifatına əsasən, 12 yaşadək uşaqların hər hansı işdə, 12-14 yaşda uşaqların ağır işlərdə, 15-17 yaşda uşaqların isə təhlükəli işlərdə çalışması qadağan edilib.

Dünyada 5-17 yaş arası işləyən uşaqların sayı 200 milyondan artıqdır. Onların 70 milyondan çoxu isə təhlükəli şəraitdə çalışır.

5-14 yaşındakı uşaqlardan isə təxminən 150 milyonunun çalışdığı təxmin edilir. Bu rəqəmin yarısı, təxminən 72 milyonu Afrika qitəsinin payına düşür, Asiyada 62 milyon, Amerikada isə  10,7 milyon azyaşlı işləyir.

Uşaqlar ən çox mədən, inşaat, kənd təsərüffatı, cinsi istismar, silah alveri, uşaq alveri ticarətində istismar olunurlar.

Ümumiyyətlə, uşaqları təhsildən məhrum edən, uşaqlığını yaşamasına mane olan, fiziki, sğlamlıq və mənəvi cəhətdən zərər yetirən bütün işlər uşaq əməyinin istismarıdır.

Uşaq əməyinin məhdudlaşdırılması istiqamətində ən zəif fəaliyyət Afrikadadır. Amma Asiya qitəsində də 19 faiz uşağın əməyi istismar olunur. Hətta beynəlxaql təşkilatların hesabatlarına görə, uşaq istismarının ən qəddar formaları Asiya qitəsindədir. Uşaq alveri, cinsi istismar, borc köləliyi və ya silahlı qarşıdurmada məcburi işə cəlbetmə və ya narkotik ticarəti bu qitədə çoxluq təşkil edir.

Uşaq hüquqları və  uşaq əməyinin istismarının qarşısının alınmasında inkişaf etmiş dövlətlərin mövqeyi demək olar ki eynidir.

Azərbaycan qanunvericiliyinə baxış

Azərbaycan Konstitusiyasının 35-ci maddəsi əmək hüququ barədədir.

Yeli qanunvericilik uşaq istismarını qadağan edir. Konstitusiyanın 17-ci, Əmək Məcəlləsinin 46-cı maddəsində göstərilib ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. On beş yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və bu cür müqavilənin bağlanması İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələri ilə məsuliyyətə səbəb olur.

15 yaşından 18 yaşına kimi şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığı götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir. 18 yaşına çatmamış şəxslərin təhsil almalarına mane ola biləcək işlərə qəbul edilməsi qadağandır.

Qanunvericilikdə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri nəzərdə tutulur. Uşaqlara əlavə təminatlar, güzəştlər var.

Çox təəssüf ki, ölkəmizdə dövlət qurumlarının və sahə üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının uşaq əməyinin istismarı üzrə hər hansı statistik göstəriciləri təqdim etməsi ilə rastlaşmaq mümkün deyil. Amma əlbəttə ki ölkəmizdə də, kütləvi olmasa belə uşaq əməyinin istismarı, uşaqların təhsildən yayındırılıb fiziki işlərə cəlb edilməsi hallarına rast gəlinir.

Uşaq istismarının məhdudlaşdırılması və azaldılması zəruridir. Uşaq əməyinin istismarı daha çox yoxsulluğun və  icbari təhsilin olmadığı ölkələrdə tüğyan edir. Bu prosesin qarşısını almaq üçün valideynlər üçün iş yerlərinin yaradılmasın, təhsilə xüsusi önəm verilməsi, həmçinin peşə-texniki hazırlığının zəruri səviyyəyə çatdırılması vacibdir. 

Şamil Paşayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3273
avatar

Oxşar yazılar