“İsmayıllıda körpənin döyüldüyü bağçada digər uşaqların da valideynlərinin izahatları alınır”.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib.
Onun sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir: “Təhqiqat bölməsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün İstintaq bölməsinə göndərilib. Hazırda bağçadakı digər uşaqların da valideynlərinin izahatları alınır. Araşdırmalar davam edir”.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə İsmayıllı rayonundakı uşaq bağçasında tərbiyəçinin 2 yaşlı körpəni vurması ilə bağlı görüntülər yayılıb. Bu görüntülərdən sonra dərhal araşdırmalar başlanılıb və körpəni vuran tərbiyəçi işdən çıxarılıb.