Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva
17 avqust 2021 16:24 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva

Umayra Tağıyevadan iqlim dəyişmələri ilə bağlı AÇIQLAMA

"Son zamanlar iqlim dəyişmələri, qlobal istiləşmə barədə çox deyilir və yazılır. Ümumdünya Meteorologiya Təşkilatının iqlim dəyişmələri və onların fəsadları haqqında yaydığı məlumatlar heç də optimistik deyil. İqlim dəyişmələrinin gələcək ssenariləri də bunları təsdiq edir".

Lent.az məlumat verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bütün planet üzrə daşqınların, quraqlıqların, xarakterik olmayan ərazilərdə anomal isti və soyuq hava dalğalarının statistikası belə halların nəzərəçarpacaq dərəcədə artdığını göstərir:

"Soruşula bilər ki, bəs əvvəllər bütün bu hadisələr baş vermirdi? Baş verirdi, lakin bu sayda deyildi və bu dərəcədə risklər yaratmırdı. Hazırda bunu gündəlik həyatımızda müşahidə edirik və bu təsirlərə məruz qalırıq.

Qlobal su dövranı istiləşmə nəticəsində daha da güclənir. Nəticə etibarı ilə bir tərəfdən quraqlıq  daha uzun müddət davam edir, digər tərəfdən isə qısa müddət ərzində, bəzən isə bir gün ərzində yağıntının bir aylıq norması düşür. 

Aralarında böyük məsafə olmayan ölkələrdə bir-birindən fərqli və çox təzadlı atmosfer hadisələri baş verir. Ölkəmizdən qərbə doğru 3 min km-lik məsafədə 3 fərqli və kontrast hava kütlələri hökm sürür. İtaliyada bu fövqəladə istilər, quraqlıq, temperaturun rekord 49 dərəcəyədək yüksəlməsi, Türkiyənin əsasən Qara dəniz sahilində iki soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində sel və daşqınlar, Azərbaycanda isə  davamlı istilər.

İsti hava dalğaları yayda baza dövründə (1961-1990) Bakıda cəmi 2, Şəkidə 6 hadisə qeyd edildiyi halda, sonrakı 30 ildə bunların sayı artaraq Bakıda 27-yə (14 dəfə artıb), Şəkidə isə 34-ə (6 dəfə artıb) çatmışdır. Bakıda, Şəki ilə müqayisədə artımın daha çox olması iri şəhərlərdə iqlimin istiləşməsi fonunda istilik adaları effektinin daha da güclənməsi ilə izah olunur. Yəni asvalt-beton örtüklər, uca binaların bir-birinə sıx tikilməsi havanın təbii axınını dəyişir. Temperaturun demək olar ki süni artımına səbəb olur".

U.Tağıyeva qeyd edib ki, bu ilin avqust ayında isti hava dalğasının  davamlılığı ötən illərlə müqayisədə daha çoxdur. Çünki artıq 15 gündür ki, fasiləsiz havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir:

"Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası  2010-cu ildə qeydə alınıb. Qonşu Türkiyə, Gürcüstan və Rusiyanın cənub bölgələrində  türyan edən  növbəti siklon bu dəfə bizdən yan keçmişdir. Bu prosesin yalnız zəif təsirləri avqustun 14-də ökəmizin qərb və şimal bölgələrində hiss olunub. Belə ki, Qusar rayonunda 30 mm (aylıq normanın 89%-i), Tovuzda 20 mm (aylıq normanın 82%-i) yağıntı, Quba və Qusarın bəzi kəndlərində dolu düşmüşdür.  Yağıntıların belə qeyri-bərabər paylanmasının nəticələrini nəzərə alaraq adaptasiya tədbirlərini görmək vacibdir.

Ölkənin bəzi rayonları sel və sürüşmə təhlükəsi olan zona hesab edilir. Adaptasiya tədbirləri kompleksli məsələlərdir. Əlbətdə ki, erkən xəbərdarlıq nəticələri yumşalda bilər, lakin qarşısını ala bilməz. Bir şey aydındır ki, oxşar situasiyalara hazır olmaq lazımdır. Əlverişsiz hadisələrdən əvvəl, anında və sonrakı zamanda düzgün davranma hesabına mənfi nəticələri azaltmaq mümkündür.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, yaxınlaşan meteoroloji təhlükə barədə 24 saat öncədən məlumat daxil olduqdan sonra vurula biləcək ziyanın 30%-nin qarşısı alına bilər.

Daşqın və sel hadisələrinin daha çox baş vediyi çaylar barədə yerli əhali daha məlumatlıdır. 1960-cı ildən 2000-ci ilədək hər il 2-3 hadisə baş verdiyi halda keçən il 35, bu il isə artıq 32 hadisə baş verib.

Sosial şəbəkələrdə bəzi insanlar tərəfindən selin başvermə anı ilə bağlı paylaşılan videoçarxlar anlaşılmazlıq doğurur. Bu insanlar sel hadisəsinin çəkilişini apararkən bilməlidirlər ki, sel idarə olunmaz bir qüvvədir, o ani olaraq istiqamətini və gücünü dəyişə bilər. Bu baxımdan çəkilişi aparan insanlar öz həyatlarını risk altına qoyurlar.

Bəs çay məcrasının kənarında ev tikən, təsərrüfat yaradan və ya obyekt quranlar barədə nə deyəsən? Çayın yatağı çaya məxsusdur,  onun mülküdür. Əhalinin bu istiqamətdə maarifləndirilməsi və obyektlərin tikintisi zamanı sanitar mühafizə zonası mütləq nəzərə alınmalıdır. Zərər və itkilərin çox olmasının bir çox halda əsas səbəbi əhalinin çay yataqlarında yaşayış və köməkçi təsərrüfat binaları tikməsi, təsərrüfatla məşğul olmasıdır.

Təhlükəli meteoroloji hadisələrdən biri də şimşək hadisəsidir ki, o da son onilliklərdə artmışdır. 50-80-ci illərdə Abşeron yarımadası və Bakı şəhərində ildırım nadir hallarda müşahidə olunsa da, hazırda adi hadisəyə çevrilib. Böyük şəhərlərdən fərqli olaraq kəndlərdə və dağ yerlərində ildırım vurması təhlükəsi daha çox baş verir. Bu risklərdən qorunmaq üçün əhalinin maarifləndirilməsi zəruridir. Məsələn, ildırım çaxan zaman hündür ağacların altında dayanmaq, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında olmaq, mobil telefondan istifadə etmək və s çox təhlükəlidir".

Xidmət rəisi əlavə edib ki, bəşəriyyəti son zamanlar tez-tez lərzəyə gətirən təbii kataklizmalar düşünməyə məcbur edir:

"ÜMT-nın məlumatına görə iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son 10 il ərzində 410 000 nəfərin həyatına son qoyub, nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. İqlim dəyişmələri fonunda yaranan bu riskləri uyğunlaşma tədbirləri ilə azaltmaq və yumuşaltmaq mümkündür.

Elə bu səbəbdən də BMT-nin Baş katibi təbii fəlakətlərlə bağlı adaptasiya və davamlılıq  məsələlərinə diqqətin ayrılmasını və onları inkişaf planlarına təxirəsalınmadan daxil edilməsinə çağırış edir.

Ölkəmizdə də mümkün riskləri qiymətləndirmək və adaptasiya tədbirlərini hazırlamaq zəruridir. Bu energetika və ərzaq təhlükəsizliyi məsələlərinə aid olduğu kimi, müvafiq fövqəladə hallar və əhalinin məlumatlandırılması strukturlarına da aid edilir. 

Yeni reallığa adaptasiya olunmağa imkan verən tədbirləri planlaşdırmaq, potensial riskləri qiymətləndirmək və qabaqcadan onlara hazır olmaq zəruridir.  

Bir çox ölkələrdə adaptasiya sahəsi üzrə milli plan, strategiya, çərçivə proqramları və qanunlar mövcuddur. Görünməmiş və qabaqcadan baş verəcəyini müəyyənləşdirmək mümkün olmayan ekstremal təbiət hadisələri fövqəladə vəziyyət yaradır. Heç bir ölkə öz iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bu hadisələrdən sığortalanmayıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar