Vətən Müharibəsi iştirakçısı Eldar Xəlilov
21 dekabr 2020 17:04 (UTC +04:00)

Vətən Müharibəsi iştirakçısı Eldar Xəlilov

Tək böyrəyi ilə ermənilərə qan udduran baş kəşfiyyatçının DÖYÜŞ YOLU

“Komandirin əsgərdən, zabitin gizirdən fərqi yox idi. Hamı ermənilərdən illərin qisasını almağa, torpaqlarımıza qovuşmağa can atırdı. Döyüşə gedəndə hər şeyi gözə almışdım”.

Bu sözləri Lent.az-ın 44 günlük Vətən Müharibəsində iştirak edən 28 yaşlı əsgər Eldar Xəlilov deyib. O əsgər ki, anadangəlmə tək böyrəyi ilə könüllü orduya yazılıb və torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 

General-mayor Polad Həşimov və digər şəhidlərin qisasını almaq üçün əlindən gələnin artığını edəcəyinə söz verən II Qarabağ Müharibəsi iştirakçısı bildirir:

- 2016-cı ildən Gəncə İnzibati Məhkəməsində iclas katibi çalışıram. İyul ayında Tovuzda ermənilərin təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti oldu. Müraciətində bildirilirdi ki, kim istəyirsə səfərbərliyə könüllü yazılsın. Həmin vaxt bir an düşünmədən belə ordu sıralarına könüllü yazıldım. Düşündüm ki, torpaqlarımızı işğaldan azad etməyin vaxtına az qalıb və mən də bu prosesdə olmalıyam. Sentyabrda gözlədiyim an gəldi. Səfərbərlikdən çağırdılar. Axşam işdən çıxdım, evə gedib halallaşdım və Gəncədə yaşadığım üçün, oradakı Səfərbərlik İdarəsinə yollandım. Atam, anam, bir sözlə hamı narahat idi. Çünki anadangəlmə tək böyrəklə yaşayıram. Əslində narahat olmaqlarında haqlı idilər. Yaşamaq üçün daima diqqətli olmağa məcbur idim. Özümü maksimum soyuqdan qorumalı idim. Amma havanın temperaturu aşağı enir, soyuqlar düşürdü. Mən isə qisasdan başqa bir şey düşünmürdüm. Döyüşə gedəndə hər şeyi gözə almışdım. Sizə izah edə bilmərəm ki, ora hansı eşqlə getmişdim.  Arzum var idi ki, şəhid olum. O zirvə hər adama qismət olmur. Üzərimizdəki ləkəni silib ermənilərin cavabını verməli idik. Şükür olsun ki, bunu bacardıq, şəhidlərimizin qanı yerdə qalmadı.

Eldar Xəlilov Ermənistana qarşı Azərbaycan Ordusunun əks-həmlə əməliyyatına başlamasından sonra Kəlbəcər istiqamətində yerləşən “Koroğlu” postunda yerləşdiklərini deyir:

- Həmin post Murovun ən yüksək zirvələrindən biridir və oranı vaxtilə Polad Həşimov ermənilərdən təmizləyib. İlk günlərdən ordumuz xeyli irəlilədi, düşmənin müqavimətini qıra-qıra qarşıya doğru gedirdik. Əhval-ruhiyyəmizi sözlə ifadə etmək mümkün deyildi. Bir-birimizlə, millətimizlə fəxr edirdik. 

Baş kəşfiyyatçı idim. Antiterror əməliyyatına başlayan gün bizim hərbi hissəmizi vurmağa çalışdılar. Dərəyə düşdük, orada 11 nəfər əsgərlə silah anbarına yollandıq. Meşənin içində idik, çaydan keçdik. Yuxarı postlara silahları, mərmiləri göndərdik. Daha sonra ən qabaqda yerləşən əraziyə yollandıq.

Orada top tağımında şəhidimiz var idi və könüllü olaraq top tağımına yazılmaq qərarına gəldim. Bizim batareyada 4 top tağımı vardı. Kəşfiyyatçıların düzgün koordinat verməsi nəticəsində düşmənin nöqtələrini, silah bazalarını məhv etməyi ustalıqla bacarırdıq. Düşmən xeyli itki verərək geri qaçırdı. Onların postlarında olan silah-sursatlarını qənimət kimi ələ keçirib, özlərinə qarşı istifadə edirdik. Ermənilər hər gün itirdikləri mövqeləri geri qaytarmaq üçün hücumlar edirdi, ancaq bunun mənası yox idi. Bizimlə bacara bilmirdilər və itki verərək qaçırdılar. Birdəfəlik torpaqlar alınmalı idi ki, gələcəyə şikəst Azərbaycan qalmasın. Qısası, bu işi gələcək nəsillərə ötürə bilməzdik. Nə qədər şəhid vermək olardı axı...

Vətən Müharibəsi döyüşçüsü əsgər yoldaşlarının şəhid olmasının onlara təsirindən də danışır:

- İş yoldaşım, Gəncədən bir yerdə səfərbərliyə çağırıldığım Yüksəl Əlizadə Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Döyüşlər zamanı yoldaşlarımızdan hər gün şəhid olanlar var idi. Həmin günlər bəzən özümüzə gəlməkdə çətinlik çəkirdik. Amma bu bizi ruhdan salmırdı. Ermənilərdən alacağımız qisas hissi daha da böyüyürdü və durmadan irəli getmək üçün gecə-gündüz demədən döyüşürdük. Şəhidlərimiz qəhrəmancasına, Vətən uğrunda canlarından keçdilər. Biz hər şeyə görə onlara borcluyuq.

İndi haradasa şəhid analarına, qazilərə baxanda öz xidmətimdən utanıram. Çünki onların qarşısında sağ-salamat dururam.

28 yaşlı Vətən Müharibəsi iştirakçısı oktyabr ayının əvvəllərindən artıq döyüş ərazilərinə qar yağdığını deyir:

- Torpağın üstündə yatıb dururduq. O zaman böyrəyimə görə səhhətimdə ciddi problemlər yaranmağa başladı. İlk günlər ağrılarım olsa da, heç kimə bildirmirdim. Bir gün hiss elədim ki, vəziyyətim yaxşı deyil. Komandirimin təkidi ilə məni oktyabrın 17-də Daşkəsən Mərkəzi rayon Xəstəxanasına düşürdülər. Orada ilk müdaxiləni etdilər və məni Gəncəyə göndərdilər. Gəncədən isə təcili şəkildə Bakıya Hərbi Hospitala yolladılar. Hərbi həkim komissiyası rəy verdi ki, böyrəyim yararsızdır və müalicə yazdılar. 4-5 gün müalicə olundum, bir az yaxşılaşan kimi məni evə yazacaqlarını dedilər. Lakin təkidlə döyüşə qayıdacağımı bildirdim, döyüş yoldaşlarımın yanına qayıtdım. 

Gəncədən olan döyüşçü Ermənistan silahlı qüvvələrinin şəhəri raket atəşinə tutmasını zabitlərdən eşitdiyini bildirir:

- Həmin an getsin, bir də gəlməsin. Nə hisslər keçirdim. Ola bilər ki, həmin vaxt şəkər tutmuşam. Raketlərdən biri evimizin lap yaxınlığına düşüb. Həmin gün telefonla danışmaq, ailəmlə maraqlanmaq imkanım olmadı. Döyüş mövqeyimi tərk edə bilməzdim. İnanmazsınız, bəlkə də həmin vaxt saçım ağardı.

Sonradan ailəmlə əlaqə saxladım və narahatlığım bir az keçdi. Ancaq bu xəbər bizi, bütün hərbi hissədə olanları əsəbiləşdirmişdi. Buna baxmayaraq, döyüş əzmimizi qıra bilmədilər, daha da qüvvətli şəkildə irəliləməyə can atırdıq. Onlara cəbhədə qalib gəlməli idik. Bizim hədəfimiz onlar kimi mülki şəxslər deyildi, ola da bilməzdi.

Baş kəşfiyyatçı olan Eldar Xəlilov noyabrın 10-nu isə belə xatırlayır:

- Saat təxminən 3 radələri olardı. Yanımdakı əsgər yoldaşıma evdən mesaj gəldi ki,  Ali Baş Komandan çıxış edəcək, atəşkəs elan olub, ermənilər məğlub olduğunu qəbul ediblər. Birinci inanmadıq. Çox qəribə hislər keçirdik. Tez atama zəng etdim, dedim televizoru açın, Ali Baş Komandan danışır. Atam telefonda Prezidentin çıxışını başdan ayağa bizə qulaq asdırdı. Çıxış bitən kimi hamımız sevindik. Zabitlər, bir sözlə, hamı bir-birini qucaqlayıb qələbəni qeyd etdilər.

# 7530
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar