Şuşada möhtəşəm tədbir
09 iyun 2021 17:12 (UTC +04:00)

Şuşada möhtəşəm tədbir

Şuşada möhtəşəm tədbir: “Sənə and içirik, Şuşa qalası!” - FOTO

Müdafiə Nazirliyinin Şuşa şəhərindəki hərbi hissədə “Sənə and içirik, Şuşa qalası!” adlı vətənpərvərlik tədbiri keçirilib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, şəhidlərin xatirəsi ehtiramla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qədim Şuşa şəhərinin zəngin tarixi ilə bağlı ətraflı məlumat verib. Bu şəhərdən pərvazlanan dünyaşöhrətli elm, mədəniyyət xadimlərinin, görkəmli sərkərdələrin Vətənə həsr olunan mənalı ömür yollarından söhbət açıb. Heydər Əliyevin həmişə Şuşa və şuşalılara yüksək qiymət verdiyini xatırladıb. Ali Baş Komandan İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatıdırıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin təqdim etdiyi “Sənə and içirik, Şuşa qalası!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya igid döyüşçülərimizin böyük marağına səbəb olub.
Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulovu tədbir iştirakçıları alqışlarla qarşılayıblar. O, Bakıda Hərbi Qənimətlər Parkında Müzəffər Ali Baş Komandanla təltif olunan bir qrup hərbi qulluqçunun görüşünü yada salıb və dövlətimizin başçısının qarşısında çıxış etdiyi həmin anları ömrü boyu unutmayacığını vurğulayıb.

“Mən o vaxt möhtərəm Prezidentimizin qarşısında çıxış edərkən dedim ki, cənab Ali Baş Komandan! Vətən müharibəsində digər amillərlə yanaşı, həm də Ulu Öndərimizin Azərbaycançılıq məfkurəsi qələbə çaldı. Azərbaycan monoetnik dövlət olan Ermənistandan fərqli bir dövlətdir, tolerant bir ölkədir. Burada bir çox xalqların nümayəndələri mehriban bir ailənin üzvü kimi yaşayırlar. Mən Azərbaycan vətəndaşıyam! Bizim bir  adımız var: Biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızla hər birimiz həmişə fəxr etmişik, bu gün də fəxr edirik. Bu birlik, bu dostluq, bu qardaşlıq qələbəyə gedən yollarda dəmir yumruq kimi daha da möhkəmləndi, daha da bərkidi”, - deyə Vətən Müharibəsi Qəhrəmanı Şuşa qalasına and içərək bir daha bəyan edib ki, bu gün qalanın müdafiəsində durmaqdan böyük qürur duyan hər bir döyüşçü qala şəhərinin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaq, xidmətini şərəflə aparacaq, içdiyi müqəddəs əsgər andına sadiq qalacaqdır.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, “Rəşadət” ordenli zabit Vilayət Quliyev iftixarla bildirib ki, Şuşaya doğru qalibiyyət yürüşümüzdə şəhidlər versək də, qarşımıza qoyulan vəzifələrin, döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsinə nail olduq. Kapitan Ramazan Hudulov da daxil olmaqla, dörd hərbi qulluqçumuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Şəhid mayor Elbrus Bayramovun, kapitan Surxay Noçuyevin və kapitan Ceyhun Həsənovun adlarını və qəhrəmanlıqlarını heç vaxt unutmayacağıq. Bu gün fəxr edirik ki, sıralarımızda olan neçə-neçə hərbi qulluqçu “Zəfər”, “Qarabağ” və digər döyüş orden-medallarına layiq görülüblər. Şuşa qalasına and içirik ki, şəhid silahdaşlarımızın qanı çilənən müqəddəs torpaqlarımıza bir daha yağı ayağı dəyməyəcəkdir!

Birinci Qarabağ müharibəsinin qazisi, əslən şuşalı, illərlə Şuşa həsrəti ilə yaşasa da, Şuşanı görmədən dünyasını dəyişən Aqil Ağayevin oğlu, altı aylığında ana bətnində doğma şəhərini tərk etməyə məcbur edilmiş ordumuzun giziri Vüsal Ağayevin çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Onun Azərbaycan əsgərinin dilindən söylədiyi

“Düşmən əgər keçər isə səddimi,

Öldürülsəm, nə kədər, nə qəm olsun.

Şəhid deyib basdırmayın torpağa,

Qoy cəsədim qurda-quşa yem olsun!”  
misraları tədbirə yeni bir rəng qatıb.

Əməkdar artist Cahangir Qurbanov, Günay Qasımova, Mətləb Ağayev, Elçin Məmmədov, Nigar Rəhimova və Leyla Əliyevanın ifa etdikləri vətənpərvərlik mahnıları ilə Müzəffər Ali Baş Komandan, rəşadətli Ordumuz, qəhrəman Azərbaycan əsgəri, Vətənimizin gözəl guşələrindən olan Qarabağımız və mədəniyyət paytaxtımız Şuşanın gözəllikləri tərənnüm edilib.

- Sənə and içirik, Şuşa qalası!

Analar qaralar geyməyəcəkdir!

Atalar qəddini əyməyəcəkdir!

Şuşa qalasına sancılan bayraq

Əsrlər ötsə də enməyəcəkdir!

Bütün iştirakçılar ayağa qalxaraq tədbirin aparıcısı A.Qurbaninin səsinə səs verib və bir ağızdan “And içirik!” deyiblər.

Tədbir başa çatanda artıq Gövhərağa məscidinin minarəsindən azan səsi ətrafa yayılırdı. Allah sizi qorusun, öz andına, əhdinə həmişə sadiq olan Vətənin igid əsgərləri!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Oxşar yazılar