Səhvən ermənilərin maşınına mindi, danışdıqlarını sakit dinləmək olmur – Oğlu ilə döyüşən  komandir
27 sentyabr 2023 14:08 (UTC +04:00)

Səhvən ermənilərin maşınına mindi, danışdıqlarını sakit dinləmək olmur – Oğlu ilə döyüşən komandir

2 dəfə minaya düşdü, səhvən ermənilərin avtomobilinə mindi - Müharibə qəhrəmanının  döyüş yolu

Bu gün 27 sentyabr Anım Günümüzdür. Müqəddəs savaşımızda can vermiş igidləri hörmətlə anırıq.

Lent.az-ın qəhrəmanı I və II Qarabağ savaşlarının iştirakçısı Çingiz Qəhrəmanovdur. O 44 günlük savaşda oğlu ilə bərabər çiyin-çiyinə döyüşüb, ölümün gözünə dik baxıb, dəfələrlə düşmənin hədəfinə gəlsə də sağ, qalmağı bacarıb.

- Çingiz bəy, 58 yaşınız var. 3 il öncə necə oldu ki, savaşlara qatıldınız? Axı həmyaşıdlarınızı döyüşə aparmırdılar...

- Mən döyüşlər başlamazdan öncə Səfərbərlik xidmətinə müraciət etmişdim ki, cəbhəyə getmək istəyirəm. Keçmiş hərbiçiyəm, o günlər yayılan xəbərlərdən bilmək olurdu ki, müharibə olacaq. Mənə nazirlikdən zəng gəldi, dedilər özün kimi bir 10-15 nəfər tap, Qrabağın meşələrini, dağlarını yaxşı tanıyan adamlar olsunlar, siz kəşfiyyatçı kimi lazımsınız. Evdə bunu deyən kimi, oğlum məndən qabaq tərpəndi ki, mən də gedirəm. Gecə ilə yük maşınına çoxlu sayda keçmiş döyüşçülər, mən oğlum, daha bir neçə gənc doluşduq, üz tutduq Qarabağa tərəf.

- Cəbhədə oğlunuzla ayrıldınız, yoxsa eyni döyüş mövqelərində idiniz?

-  Əvvəldən axıra qədər eyni ərazidə olduq.

- Bəs sizə çətin deyildi? Ataların adətən qoruma instinkti var. Bir gözünüz oğlunuzda qalmırdı?

- Yanımda elə oğlum yaşında igidlər can verirdilər ki... Onların hamısı mənə oğlum qədər əziz idilər. Övladdır, əlbəttə düşünürsən. Amma cəbhədə elə bir ovqatda olursan ki, ancaq zəfəri, qalib gəlməyi, düşməni məhv etməyi düşünürsən.

- Ən çətin günü necə xatırlayırsınız?

- Füzulidə müharibənin ilk günlərində döyüşlərdə düşmən yüksəkliklərdə yerləşmişdi, biz açıqlıqda idik. Top mərmiləri, güllə leysan yağış kimi yağırdı. Göz açdırmadılar. Öz səsini belə eşidə bilmirdin. Bununla belə heç kim geri addım atmır, irəli şığıyırdılar. Çoxlu şəhidlərimiz oldu. Bax həmin döyüş ömrümün ən unudulmaz günü oldu. Müharibə bir dəhşətdir, fəlakətdir. Orda başım nələr çəkmədi, nələr görmədim? Ölümlərdən döndüm. Bizim dinimizdə öldürmək yoxdur, onlar bizi öldürməyə vadar elədilər. Mən Laçında ermənilərlə qonşu olmuşam, evimizdə çörək kəsiblər. Gəlib bal alırdılar. Yaylaqlarımızda heyvan otarırdılar, acanda istənilən laçınlının qapısını döyüb yemək yeyirdilər. Hamısına naxələf çıxdılar.

- Heç şəhid olacağınızı, öləcəyinizi düşündünüz?

- Ya şəhidliyə layiq deyildim, ya da Allah qoruyurdu. Məncə kimsə deməz ki, mən ölmək istəyirdim. Bunu deməm yalan olar. Müharibəyə ölməyə yox, öldürməyə gedirdim. Mən dəfələrlə ölümdən dönmüşəm. Heç unutmuram, 1994-cü ilin mart ayının dördü idi. Səhər saat 11 radələrində Füzuli istiqamətində ermənilərin hücuma keçdiyi bildirildi. Biz hücumun qarısını ala bildik. Cəbhəni yarmaq istəyirdilər. Ara sakitləşdi, mən asfalt yola düşüb, geriyə öz postumuza qayıdırdım. Yolda bir ağ “Niva”, arxasınca da  təcili tibbi yardım maşını göründü. Əl elədim ki, maşınla gedim. Yorulmuşdum. Təcili yardım maşınının qapısını açdım, içəridə 5-6 hərbiçi oturmuşdu. Heç birini tanımadım. Orda əksəriyyətimiz bir-birimizi üzdən tanıyırdıq. Ermənilər də biz də sarı “əfqanka” deyilən hərbi formalarda olurduq. Ordu formalaşmamışdı. Keçib “Niva”da oturdum, sürücü mayor idi,  salam verdim, mayor üzümə ikrahla baxdı. Bir xeyli getdik, şübhəli suallar verirdi, ləhcəsindən anladım ki, bu ermənidir. Maşını saxladı, dedi əlini qaldır. Mən avtomatı bunun qarnına dirədim, o da mənim sinəmə. Tibbi yardım maşını 50 metr qədər aralıda idi, içindəki ermənilər də düşdü, atışma başladı. 4 nəfəri, mayor qarışıq öldürdüm, o birilər qaçdı. “Niva”nı minib gəldim, hərbi hissəyə. Həmin gecə bu barədə Ali baş Komandanımız Heydər Əliyevə məruzə edildi, o da bildirib ki, “Niva”nı Qəhrəmanova qəhrəmanlığının qəniməti olaraq veririk. O maşın hələ də məndədir, bu gün də işlək vəziyyətdədir. Bu dəfəki döyüşlərdə də Laçın istiqamətində içində olduğumuz avtomobil 20 metr məsafədə iki dəfə minaya düşdü. Həkəri çayı yaxınlığında  7 nəfər zirehli maşında gedirdik. Biri tank əleyhinə, digəri piyada əleyhinə mina idi. Zirehli maşında olmasaydıq ölmüş olardıq. Təəssüf ki, bizdən qabaqkı maşında olanlardan əlini, ayağını itirənlər oldu.

- Bakıda, İsmayıllıda evlər tikdiniz, təsərrüfat qurdunuz. İllər içində alışdınız bu yerlərə. Laçına köçmək niyyətiniz var?

- Yaralı yerimdir bu mənim. Allah eləməsin ki, buralarda qalam, gedə bilməyəm. Allah məni bu qədər ölümlərdən qoruyub, yəqin orda yaşamağı da nəsib edər. Müharibə günlərində Laçınımın doğma Səfyan kəndindəki ata evimə getdim. İçində yaşayış olmuşdu. Amma tökülmüş viranə halda idi, damı uçmuş, dağıdılmışdı. Oğlumla bir gecə o divarların arasında yatdım. Ömrümün ən şirin yuxusu idi, 30 illik həsrətimin sonu idi o gecə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14814
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar