Şəhid polkovnikin yeni doğulan qızına Cənnət adı verildi - REPORTAJ
22 may 2021 19:04 (UTC +04:00)

Şəhid polkovnikin yeni doğulan qızına Cənnət adı verildi - REPORTAJ

İnancımıza görə şəhidlik ən ülvi, ali məqamdır. Şəhid övladı olmaq isə Allahın lütfüdür. Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ölümündən sonra doğulan qız övladını qarşılamaq üçün döyüş yoldaşları, yaxınları bir araya toplanıb. Məkanı cənnət olan şəhidimizin övladının adını da Cənnət qoyublar.

Qərib İnqilab oğlu Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb tarixini tədris edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Polkovnik-leytenant Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində mühasirəyə düşüb, düşmənə əsir düşməmək üçün özünə başından atəş açaraq şəhid olub. Onun nəşi 32 gün sonra II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Atası İnqilab Baxşəliyevin sözlərinə görə, üç övladı yadigar qalan qəhrəman döyüşçümüzün arzularından biri çoxövladlılıq olub. Elə bu səbəbdən də dördüncü övladının dünyaya gələcəyi günü səbirsizliklə gözləyirdi. Lakin həm də ata-baba yurdu olan Laçın rayonunun işğaldan azad olunacağı günün ümidi ilə yaşayırdı: “Kaş hər kəs Qərib kimi hörmət qazana bilsin. Hər kəs bu gün onun hörmətini saxlayır. Elə hiss edirəm, oğlum ölməyib. Mən özüm Laçın rayonundanam. Rayonum işğaldan azad olunub. Elə bilirəm dünya mənimdir”.

22 may həm də şəhid Qərib Baxşəliyevin doğum günüdür. Ailəsi, yaxınları kədərli olduqları qədər də qürurlu olduqlarını deyiblər. Şəhidin böyük oğlu Əli yeni doğulan bacısını atasının onlara göndərdiyi cənnət hədiyyəsi adlandırıb: “Bu gün atam bizə cənnətdən bacımı göndərdi. Mən atamla fəxr edirəm. Fəxr edirəm ki, belə bir qəhrəmanın övladıyam. Atam çox mehriban, qayğıkeş insan idi. Bizi hər zaman gəzdirərdi”.

Şəhidin bacısı Sevinc Baxşəliyeva qardaşının doğum günündə onun körpəsini evə apardıqlarını vurğulayıb: “Kədərlənirik ki, bu gün Qərib yanımızda yoxdur. Sevinirik ki, Qərib 44 yaşını cənnətdə öz əsgərləri, zabit yoldaşları, şəhid hərbiçilərimizlə qeyd edir və bizə cənnətdən Cənnəti göndərib. Biz onun qızını evimizə aparırıq. Heç nə təsadüfi deyil. Bu bir təsadüfdür ki, biz onun ad günündə qızını evimizə aparırıq”.

Ölümü də həyatı qədər qürurlu olan Qərib Baxşəliyevi həm də şəhidliyin ölümsüzlük olmasının isbatı kimi görmək olar. O, iş yoldaşı Ramilə Əliyevanın yuxusuna gələrək, qızının doğulmasından sevindiyini bildirib: “Biz onunla uzun müddət Hərbi Liseydə bir yerdə işləmişik. Bilirsiz ki, orada təhsil alanlar 13-14 yaşlı yeniyetmələr olur. Qərib onların hamısına ata kimi olub. Çox gözəl insan idi. Qızı dünyaya gələn gün mən onu yuxuda gördüm. Dedi, “Ramilə, bax qızım dünyaya gəlib, hamı onu alqışlayır”. İnanıram ki, şəhidlər bizi görür. Allah o dünyasını versin. Xoş gəlib Cənnət qızımız”.

Şəhidin həyat yoldaşı Gülnarə Baxşəliyeva övladları iləbirlikdə bu adı seçdiklərini söyləyib: “Çünki onun atası cənnətdədir. Əlbəttə, qürur hissi duyuram. Fəxr edirəm. Özü olmasa da... YAŞAT Fonduna təşəkkür edirəm. Hər zaman maraqlanırlar. Həkimim Vüsalə İskəndərovaya təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, həkimlər yeni doğulan körpənin sağlıq durumunun tam normal olduğunu bildirib. Körpə Cənnət Qərib qızı Baxşəliyeva dövlət himnimizin sədaları altında evə yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454
avatar

Oxşar yazılar