Saxta koronavirus testləri necə aşkarlanır? -  RƏSMİ CAVAB
09 iyun 2021 16:37 (UTC +04:00)

Saxta koronavirus testləri necə aşkarlanır? - RƏSMİ CAVAB

Bir müddət əvvəl Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayıldı və geniş müzakirələrə səbəb oldu.

Baş Prokurorluğun mətbuat xidmətindən bununla bağlı açıqlamada bildirilirdi ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib və faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda bəzi şəxslər tərəfindən saxta arayışlar verilməsinə davam edilir. Hətta səyahət edənlərin uçuşlarında da bir problem yaranmır.

Mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanılmasını terminalların girişində fəaliyyət göstərən tibb personalı  həyata keçirir:

“Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir.

Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər.

Reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər.

Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir”.

Xatırladaq ki, “Referans Medical Group”dan saytımıza bildirilmişdi ki, mərkəzin rəsmi nəticə blankında təqdim olunmasına baxmayaraq, 96 sərnişinin heç birinin klinikaya müraciət etməməsi və nəticələrin klinikadan verilməməsi sübut olunub.

Eyni zamanda “Oksigen Klinik Xəstəxanası” da bu cür saxta tibbi arayışların klinika adına səsləndirilməsini rədd edərək, obyektiv araşdırılmanı təmin etmişdi.

QEYD: Ümid edirik ki, açıq qalan suallara Baş Prokurorluğun saxta arayışlarla bağlı araşdırmasından sonra aydınlıq gətiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar