II hissə
I hissə bu linkdə: http://news.lent.az/news/203029
Müharibələrin tarixi sübut edir ki, bu kabus təkcə öldürmür, dağıtmır, uşaqları yetim qoymur. Həm də özü ilə bahəm yaxşı gəlir gətirir, kimlərisə var-dövlət sahibinə çevirir. Pul qazanmaq ehtirası bütün ali dəyərləri, nəcib duyğuları, istənilən mili təəssübkeşlik, milli ədavət hissini tapdayıb, üstündən keçə bilir...
Bu dəfə də belə oldu: qazanc hərisləri özləri ilə qan və pul gətirən azərbaycanlı qardaşların Yerevana gəlişindən çox qısa bir vaxtda xəbər tuta bildilər. Öyrəndilər ki, Moskvadan əsir düşmüş ailə üzvlərini axtaran iki qardaş gəlib və onları paytaxtdan kənara buraxmırlar.
Qardaşlar hər təhlükəyə hazır idilər. Təki özləri ilə gətirdikləri qanı Səmaya çatdırıb, balaca Nurlanəni tapa, dayıları haqda bir məlumat əldə edə biləydilər. Amma erməni qadınla nikaha girmək Yerevana qədər gəlməyə kömək edə bilmişdi.
Yüksək məbləğ qarşılığında Yerevandan kənara çıxmağın da çarəsi tapıldı. Tezliklə onlar üçün Nairi rayonunun Kasax qəsəbəsindən bir əsir atası gətirdilər.
Eduard Arutşanyan Azərbaycanda əsirlikdə olan oğlu Vaha üçün müharibənin ən qaynar nöqtələrinə getməyə hazır idi. Yetər ki, kimsə ondan xəbər gətirsin. Ata, qardaşlara oğlunun şəkillərini verdi ki, onu axtarsınlar. Özü də söz verdi ki, Xankəndinə gedəcək, oradan Gürcüstan vasitəsi ilə qardaşlarla əlaqə saxlayacaq, ailəsinin göndərdiyi qanın Səmaya köçürülməsini nail olacaq, Nurlanəni tapacaq, digər ailə üzvləri ilə bağlı lazım olan hər şeyi edəcəkdi.
Qardaşların Eduarda inanmaqdan başqa yolları qalmırdı. Mühafizə orqanları Azərbaycan vətəndaşı olmasalar da, onların Yerevandan kənara çıxmasına imkan vermirdi. Burada gözləmək, vaxt itirmək isə əbəs idi. Eduard Arutşanyanla razılaşıb, Azərbaycana yola düşdülər – qardaşlar Gürcüstan, Eduard isə Ermənistan ərazisindən.
***
...Qırx ilə yaxın Bakıda yaşayıb işləmiş tibb bacısı Elmira ev-eşiyindən, dostlarından, Bakıdakı rahat həyatından məhrum olmuşdu. Yeni yurda təzə öyrənməyə çalışırdı ki, ərini də itirdi. Bir gün müharibədən meyitini gətirdilər. Ard-arda itkilər Elmirada öz xalqına qarşı nifrət hissi aşılamışdı. Ona görə də Eduardın təklifini eşidəndə, tərəddüd etmədən “Lənətə gəlmiş müharibə başlayandan ancaq itirirəm, əgər fürsət düşübsə, niyə qazanmayım” - deyə, Səmaya qulluq etməyə razılaşdı.
Yaralı girovlara xüsusi diqqət edilməsə də, ac saxlanılsalar da, Elmira Səmaya gündə üç dəfə yemək gətirir, qulluğunda dayanırdı. Amma heç Elmira da Səmanı bu qanı ona ailəsinin göndərdiyinə inandıra bilmədi. Səma yenə “Mənə erməni qanı vurmayın” deyib, israr edirdi...
***
- Eləcə, adam tutmuşduq, palatada Səmaya qulluq edirdi. Yanındakı girovlar dedi ki, palataya erməni girəndə Səma yorğanı ağzına basırdı ki, onların nəfəsi mənə dəyməsin. Onlarla eyni havanı udmaq istəmirəm...
- Eduardın oğlunu tapa bildiniz?
- Oğlum Əlinin getmədiyi yer, döymədiyi qapı qalmadı. Xəbər çıxmadı. Heç yerdən tapa bilmədik. Əli özü də Fizulinin Böyük Bəhmənli kəndindən ermənilərlə “svyaza” girib, danışdı. Dedi, nə deyirsiniz, verəcəyik...
- Kiminlə danışırdı?
- Ermənilərdə Edik adlı bir komandir var idi, onunla danışırdıq. Dedi bacıma yaxşı baxın, sağaldın, neçə desəniz tapıb verəcəyəm. Bacımın balası itib, onu tapın dedi... Edik gedib öyrənib gəlib dedi ki, vəziyyəti ağırdır. Müalicə eləməyə də imkan vermir, dərman verirlər, ağzını yumur, iynə vurmağa qoymur. “Mənə erməni əli dəyməsin” deyir, “Mənə toxunmasınlar” deyir. Çox qan itirib, bədəninin qanı tükənib. Bizim Moskvaya, bacım oğlanlarına göndərdiyimiz qanı da köçürmək istəyəndə qoymayıb, deyib kim bilir bu erməni qanıdır, yoxsa ata-anam göndərən qan? Mən ölərəm, amma razı olmaram ki, damarlarımda erməni qanı axsın...
- Bunları sizə Edik dedi?
- Həm Edik dedi, həm Elmira Gürcüstana, bacım oğlanlarına xəbər verdi, həm də onunla bir palatada yatan qızlar sonradan danışdı mənə...
- Nurlanəni necə, tapdılar?
- Tapıb gətirmişdilər Xankəndinə. Amma Səma ağır vəziyyətdə olduğu üçün ona baxa bilmirdi...
***
Qohumların BQXC vasitəsi ilə Səmaya yazdıqları bütün məktubların cavabı Bakıda, “Qızıl qum” sanatoriyasında məskunlaşan əmisi nəvəsi Sevdaya gəlirdi. Çünki hələ başqa heç kimin dəqiq ünvanı yox idi. Hərə bir tərəfdə çadır qurub, yaşayırdı...
Bu gün ailədə Səmanın xətti ilə yazılmış tək bir məktub qalır. Digər məktubları jurnalistlər aparıb yazıları yayımlayandan sonra qaytarmayıblar. Elə buna görə də, həmin məktubu əldə etməyim mənə asan başa gəlmir. İncimirəm, övladlarından qalan yeganə yadigardır, həmkarlarımın belə laqeyd hərəkətlərindən sonra mənə niyə inansınlar ki? Amma onların qarşısında bəzi həmkarlarım adına bərk utanıram. Bu, ilk hal deyil... Əvvəlki müsahiblərim də əllərində qalan məktubları jurnalistlərin aparıb, qaytarmadıqlarını deyiblər...
Xeyli danışıqlardan, görüşlərdən sonra nəhayət məktubu əldə edə bildim. Onu götürəndə sanki əllərimi iyirmi iki il keçmişə uzadıb, Səmanın əllərinə toxunurdum... Hekayəsinə təmkinlə yanaşıb, göz yaşlarımı saxladığım qadının xətti məni ağladırdı. Məktubun sonuna yaxınlaşdıqca Səmanın xətti kiçilir, sözlər sıxlaşır, sətirlər bir-birinə yaxınlaşırdı... Kim bilir, o kiçik məktuba daha nələri, nələri yazıb sığışdırmaq istəyirdi...
“Sevda salam! Məktubunu aldım. Sevda biləsiz ki, mən və qızım uşaq xəstəxanasındayıq. Özüm bir ay üç gündür ki, arxası üstəyəm. Ayağa qalxa bilmirəm. Sol ayağım tərpənmir. İçində güllə var. Amma əməliyyat ediblər (Şiş idi). Qan gedib, indi şiş çəkilib. Hələ otururam, amma sol ayağım dümdüz qalır. Götürüb-qoya bilmirəm. Nə isə. Deyirlər ki, yaxşı olacaq. Qızıma da Kəlbəcərli Arzu baxır. O da ayağından, ətdən yaralanıb. Sarıyırlar. Sevda, mamama deynən Allah haqqı bizə bir adam da bir söz demir. Yaxşı baxırlar. Mən əvəzdən Rüfətin, Əlinin üzündən öpün. Deynən məni burdan çıxarın. Nə olar, mamamdakı mənim aynoyunlarımı, cehizimi satsınlar. Təki məni evə qaytaralar. Sevda, qadan alım mən yaralandım, huşumu itirmişdim. Elə onu bilirəm ki, maşının təkərlərini atdılar. Yusif dayım qolundan yaralandı, Qənirə bibimi də (yaralı idi) skoruya qoyub apardılar. Yusif dayım yol ilə gedirdi. Bilmədim ki, tutdular, ya yox. Asif dayım öldü. Cahangildən xəbərim yoxdu. Sağ olun. Öpürəm sizi”.
3 may 1993-cü il
***
- Cahan kim idi?
- Kəndçimiz idi. Gəlini Qumrunun qucağında heç qırxı çıxmamış körpəsi var idi. Tuneldə maşınların qabağını kəsəndə ona da güllə dəyib. Görənlər deyir ki, Qumru çayın kənarına qədər sürünüb, əlini suya vurub, ağzına aparmaq istəyib, ölüb... Götürə bilməyiblər.
- Uşağı necə olub?
- Bacısı Sona da yanında imiş, uşağını o götürüb. Bir il girovluqda qaldı... İndi Bərdədə yaşayır. Ailə qurmayıb o körpəni böyütdü... Bu müharibə çox evlər yıxdı, çox arzuları yarımçıq qoydu...
***
Edik tez-tez girovların saxlanıldığı xəstəxanaya gəlib Səmaya baş çəkir, oradakı həkimlərə tapşırırdı:
- Bu türkə yaxşı baxın, yağlı tikədir. Qardaşı ilə danışıram. Hamınızın payı çatacaq!
BQXC-nin gətirdiyi məktublarda ailə üzvləri Səmaya dözümlü olmağı, onu geri almaq üçün əllərindən gələni əsirgəmədiklərini yazırdılar.
Bərdədə isə tək Kərimovlar ailəsi yox, qaçqınlığın ağır illərini yaşayan bütün laçınlılar ümidləri gələn hər yerə üz tuturdular.
“Qırmızı Xaç” nümayəndələri ancaq Səmanı tapa bilmişdilər, sonradan isə Nurlanənin də yaşadığı məlum olmuşdu. Ona görə də ailə var gücü ilə Səma ilə Nurlanəni girovluqdan xilas etməyə çalışırdı. Edik isə Səmanı və Nurlanəni qaytarmaq üçün Əlidən benzin, qızıl, rus rublu və dörd erməni əsiri istəyirdi. Tək Kərimovlar ailəsinin yox, yaxın qohumların da zinət əşyaları toplanmış, pula gedəcək nə əşyaları var, satışa çıxarılmışdı...
1993-cü ilin qarışıqlığında bu qədər rublu dəyişmək çətin olduğundan, qohumlar hərəsi bir rayona gedib, oradakı banklarda tapıb-düzəltdikləri pulları rubla çevirirdilər...
***
- Bütün nəsil dağa-daşa düşmüşdü, hərəmiz bir rayona səpələnmişdik... Əlimizdə, ovcumuzda nə var idi satıb rubla çevirirdik...
- Erməni tapmaq necə, çətin oldu?
- Oğlum Əli döyüşürdü, bir erməni ər-arvadı özləri tutmuşdu. Sonra Gəncəyə gedib Surət Hüseynovla görüşdü. Bir erməni kişisi də oradan tapdıq. Qardaşlarım dövlət adamları idi, rəhmətlik Rövşən Cavadova xəbər çatmışdı ki, Yusif müəllimgil ailəlikcə əsir düşüblər, əvəzlərinə erməni istəyirlər. O vaxt Cavadov oğluma kağız yazıb verdi, oğlum kağızı aparıb verdi “PKZ”-yə. Orada saxlanan bir erməni qızını verdilər – Janna. Jannanı nə qədər yanımda saxladım... Balamı geri ala bilmək üçün düşmənə baxırdım. Öz balalarımla üz-göz olurdum... Qızım hər dəfə deyirdi o düşməndir. Atılırdı üstünə, güclə əlindən alırdım... Deyirdim nə olsun düşməndir, o da insandır. Həm də lap qatı düşmən də olsa mən ona yaxşı baxmalıyam ki, əvəzində balamı ala bilim... Daha əlim qardaşlarımdan üzülmüşdü, ümidim elə qızımla nəvəmə qalmışdı...
***
Janna Gəncədə doğulub böyümüş, burada ailə qurmuşdu. Sonralar anası Yerevana köçmüş, ailəsi dağılmışdı...
İllər keçdikcə, yaşadığı şəhərdə hər gün qapısına şəhid gələn qonşuların ah-naləsinə dözməyib, gecə ilə qızı Floranı götürüb, Gürcüstana, oradan da anasının yanına getmişdi. Bir müddət burada yaşayandan sonra anası Jannanın səkkiz yaşlı Floradan imtina etməyini istəmişdi:
- Mənim türk balasına verməyə çörəyim yoxdur!
- Axı o həm də mənim balamdır. Mən onu ata bilmərəm...
- Türkdən uşaq doğmağın bəs deyil, hələ bir mənə evimdə türk də saxladırsan? Sözümü eşitməsən, mən bilirəm nə edəcəyimi.
Qadın həyətdə hamıya nəvəsinin türk qızı olmasın yaydı. Artıq uşaqlar həyətdə Flora ilə əvvəlki kimi mehriban oynamırdılar.
Ermənistanda qalmağın bir yolu var idi – övladından imtina etmək. Janna bunu bacarmadı. Amma burada çox qala da bilməzdi. Onu necəsə geri, Azərbaycana, atasının yanına aparmalıydı.
Janna bir gecə anasından xəbərsiz qızı ilə evdən qaçdı. Yenə də Gürcüstana, oradan da Gəncəyə gəldi. Keçmiş həyat yoldaşı Yaşarla görüşüb qızını ona qaytardı. Yaşar Floranı gətirdiyi üçün Jannaya təşəkkür edib, geri, Ermənistana qayıtmamasını məsləhət gördü:
- Rusiyaya get.
- Onsuz da Yerevana qayıtmaq, anamın sifətini görmək istəmirəm.
- İmkanım çatan qədər pul verəcəyəm. Get, Rusiyada yaşa. Orada olsan, Flora ilə də əlaqə saxlaya biləcəksən. Qızımı geri qaytardığın üçün onunla görüşməyinə heç vaxt mane olmayacağam...
Janna Yaşardan aldığı pulla Bakıya gəlib, Moskva qatarına bilet alarkən, tutulmuşdu...
***
- Jannanı göndərəndə saçlarını yuxarıdan yığıb, arasında qardaşlarımın və gəlinimizin adını yazıb gizlətdim. Ona yaxşı qulluq eləmişdim. Söz verib, and içmişdi ki, Sevda xala, orada gedib sizinkiləri axtarıb tapacağam... Gedib axtarıbmış...
- Necə xəbər tutdunuz?
- Qızımla birlikdə əsirlikdə olanlar onu təsvir edib dedilər ki, belə bir qadın gəlib girovların arasında Yusif, Asif və Qənirə adlı laçınlı axtarırdı...
***
15 may 1993-cü il. Xankəndi uşaq xəstəxanası.
Bu səhər Səma oyanmamışdı. Hamı təəccübləndi. Çünki onun yuxusu qaydasında deyildi. Qəribə idi, uzun saçları yatağına dağılmışdı. Axı o yataqda belə saçlarını toplayıb, sancaqla yığırdı. Həftələrdir “Mənə erməni qanı vurmayın, mənə erməni əli toxunmasın” deyən gənc qadının biləyindən axan qan yatağı qırmızıya boyamışdı. O biri əlində isə qanlı saç sancağı var idi. Yaralı, taqətsiz qadın kim bilir hansi əzabla sancaqla biləyini deşib, damarlarını dartıb kəsmişdi...
Səma girov qadınlara Nurlanədən başqa, bir məktub da əmanət etmişdi...
“Əziz ana! Məni bağışla. Mənə görə ağlama, bil ki, sənin qızın düşmənə əyilmədi, satılmadı, qürurunu sındırmadı. Burada hər dəfə yadıma düşəndə ki, erməni əlində əsirəm, bədənim uçunur. Bu ləkəni götürə bilmirəm. Bizim əsir düşməyimiz kişilərimizə damğadır. Onlar bizi qəbul etsələr də, biz vətəndə həmişə gözükölgəli gəzəcəyik. Əsir kimi yaşamaqdansa, ölümü üstün tuturam. Sənin yanına “girov damğası” ilə qayıda bilmərəm...
Ana, sən bir övlad itirib, əvəzində iki övlad qazanırsan. Mənim balalarımı məni saxladığın kimi saxla. Anaları ol, nənələri ol... Bütün cehizimi satıb, Nurlanəmi düşmən əlindən xilas edin. Məni gözləməyin. Öpürəm hamınızı.
Səma.
14 may 1993-cü il”.
***
Əli bacısının ölüm xəbərini ratsiya vasitəsi ilə aldı. Edik özünə haqq qazandırmağa çalışırdı:
- Bizdə günah yoxdur. Bacına yaxşı baxdırırdım. Gecə ilə saç sancağı ilə biləyini deşib, damarlarını kəsib. Özü edib, bizim günahımız yoxdur.
Əli ağlamağını bəlli etdirməmək üçün qırıq-qırıq kəlmələrlə danışırdı...
- Əc...laf...lar!
- Söymə! Dedim günahımız yoxdur, özü intihar edib! Bax, özünüzü yaxşı aparın, bacının meyiti də, qızı da əlimizdədir!
- Onlara toxunma! Bacımın nəşini də, qızını da geri istəyirəm!
- Sözümüz sözdür! Bacının ölüsü, ya dirisi olmur. Bacı bacıdır. Yenə həmin qiymət olacaq! Topla, ara sakitləşən günü, atəşkəs vaxtı özüm xəbər edəcəyəm! Meyitdən narahat olma, dərman vuracağıq, çürüməyəcək! Bu işi yaxşı bilirik. Amma sən də əlini cəld tut...
- Nurlanə haradadır...
- Xəstəxanada. O biri girovların yanında...
- Onu etibarlı yerə apar. Elə et ki, uşağı incitməsinlər...
- Ara, hara aparım? Mən uşağa baxanam?
- Bir adam tap baxsın, pulunu verəcəyəm!
- O başqa məsələ. Gətirərəm bizə. Anam baxar. Anam çox yaşlıdır, amma bacıqızı da sakit uşaqdır. Neçə vaxtdır artıq öyrənib, üstünə qışqıran kimi səsini kəsib, əllərini üzünə tutur...
Əli davam edə bilmədi. Əlaqəni kəsib hönkürdü. Düşmən əlində qalan körpənin dərdi bir tərəfdə, bir tərəfdən də Səmanın ölüm xəbərini evlərinə necə çatdıracağını düşünürdü...
***
O günləri xatırladıqca Sevda xanım ağlayıb, özünü günahlandırır:
- Mən gərək heç kimə qulaq asmayıb balamı tez çıxardaydım. Hamısı mənim günahımdır.
- Axı sizin nə günahınız var?
- Balacalığından saçlarını uzadırdım. Bakıya oxumağa gələndə dönə-dönə tapşırmışdım ki, birdən saçını kəsərsən... Saçları qısa olsa, heç sancağı da tapmazdı...
- Qərarı verəndən sonra nə isə tapacaqdı...
- Yan-yörəsində nə var yığdırmışdılar. Palatada girovların intihar edə biləcəyi heç nə saxlamırdılar. Necə ağlına gəlib o sancaq... Bilmirəm... Saçları ona bəla oldu. Səbəbkar mən oldum... Saçı qısa olsa, belə olmazdı... Heç olmasa yaralı vəziyyətdə ala bilərdim... Biz onu geri almaq üçün nələr eləmədik... Ermənilərlə “svyaza” girib, nə istəyirsiniz, verəcəyik dedik. Özü istəməyib. Şəhid olaram, amma ailəmin üstünə əsir qadın adı ilə qayıtmaram, deyib... Meyitini nə zülmlə aldıq o insafsızlardan...
- Nə qədər müddətə ala bildiniz?
- “Qırmızı Xaç” ölüm aktını gətirəndən sonra, daha onlardan da əlimizi üzdük. Yenə oğlum Ediklə “svyaza” girib vaxt müəyyən edirdi. Dediklərini götürüb gedirdik Fizulu rayonunun Böyük Bəhmənli kəndinə. Ailəlikcə gedirdik... Dəfələrlə getdik... Əvvəlcə deyirdi filan vaxtı gəlin, atmayacağıq, gedirdik. Biz ora çatanda atışma başlayırdı, mərmilər yağırdı... Vəhşiləşmişdik, torpağın içində yuva qazıb orada gizlənirdik...
***
Düz dörd dəfə Kərimovlar ailəsi gözlərini neytral zonada uzaqdan görünən qara tabuta zillədilər. Beşinci dəfədə atəş açılmadı. Sakitlik idi. Əli anasıgildən ayrılıb, Edikə doğru addımladı. Üz-üzə dayandılar. Tabutun qapağını qaldırıb, Əliyə tərəf qaldırdılar. Boş idi...
Ediklə Əlinin nə danışdıqlarını eşitməyən Aydın müəllimlə Sevda xanım başlarını itirmişdilər. Əli geri boylandı. Sonra Edikin qarşısına düşüb, onların maşınına tərəf irəlilədi.
Bütün bu müddət ərzində nəyin bahasına olursa olsun, balamı geri alacağam deyən Sevda xanımın yanıqlı naləsi ətrafa yayılmışdı:
- Oğlumu da apardılar, Aydın, Əli də getdi... Qayıt oğul! Bir balamı itirdim, ikincini də itirə bilmərəm... Qayıt...
Ana huşunu itirib, Aydın müəllimin qollarına yıxıldı. Əli geriyə, ata-anasına boylana-boylana maşına əyləşdi. Maşın yerindən tərpəndi...
Aydın gah qolları arasında düşüb qalan Sevdaya, gah da surətlə neytral zonadan uzaqlaşan avtomobilə baxırdı...
(Davamı olacaq...)