Sahibini gözləyən çarpayı  – BDU-nun dosenti 28 il sonra elə hislər yaşadı ki...
13 dekabr 2021 11:19 (UTC +04:00)

Sahibini gözləyən çarpayı – BDU-nun dosenti 28 il sonra elə hislər yaşadı ki...

“Kəndimizə girəndə çox çətin anlar yaşadım. Uzun müddət sanki hər şey dondu. Adamın dili, ağzı kilidlənir. Nəsə demək istəsən belə, bacarmırsan”.

Bu sözləri Lent.az-a Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin dekanı Ələmdar Cabbarlı deyir. Amma az əvvəl isə o, sosial şəbəkələrdə belə bir paylaşım etmişdi: “28 il, 8 ay, 10 gün sonra evimizdəyəm. Çarpayımın yanında...”.

Ələmdar Cabbarlı və 28 ildən sonra tapdığı çarpayısı

Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakəndində doğulub. 13 il sonra isə kəndi tərk etməli olublar. 1993-cü il Kəlbəcər işğal olunanda. Hə, düz 28 il, 8 ay, 10 gündən sonra kəndinə gedib çıxa bilir. Dağılmış evlərini tapır. Bir də üstündə yatdığı, az qala torpağa çökmüş çarpayısını. Daha doğrusu çarpayısının qalıqlarını... Sanki bu dünyada o, həmin o çarpayıdan rahat yer yoxmuş kimi üstündə oturur, sevinc, kədər qarışıq həmin anı əbədiləşdirir.

Ələmdar Cabbarlı
 
- Evimizə gedəndə birinci yataq otağıma getdim, çünki çarpayımı görmək istəyirdim. Həmin çarpayımın qalıqlarını tapdım, elə onun üstündə də oturub şəkil çəkdirdim.

Nə qəribədir, hə bu ayrılıq. Evimiz? Hanı orda ev? Deməli, ayrılıq, həsrət bu imiş. Asan deyil axı 28 il sonra uşaqlığına, torpağına, evindəki çarpayına qovuşmaq...

Xatirələrini bizimlə bölüşməyə davam edən Ələmdar bəy Kəlbəcərə girdiyi andan qəribə hislər yaşadığını deyir:
 
- Baxırsan ki, sən bu kənddə doğulmusan, böyümüsən, amma 28 ildi də yoxsan. Ən ağrılı da budur ki, gəlib bu vəziyyətdə də görürsən. Bəzən olur evimizdən bir neçə günlük ayrı düşürük. Bilirik, qayıdacağıq ora. Üstəlik, öz istəyimizlə çıxmışıq. Bütün bunlara baxmayaraq necə narahat oluruq, canımız sıxılır... Bəs, torpağından, evindən, yaxınlarının məzarından çıxarılan insanlar?! Bu, dəhşətdi. Bütün həyatın dəyişir...

 

Söhbətimiz davam edir...

- Kəlbəcərə girəndə, artıq o dağılmış evləri görəndə qəribə hislər yaşadım. Erməniyə Allah lənət eləsin, bütün uşaqlığımızı, gəncliyimizi əlimizdən aldılar. Kənd qəbiristanlığına getdim, dağılmış məzarları ziyarət etdim. Babamın, əmilərimin məzarları hamısı dağıdılıb. Ermənilər xüsusi aparatla məzarların üzərini yoxlayıblar və kimin qızıl dişi varsa, goreşənlər o məzarları qazıblar. Qızıl dişləri götürüblər. Heç faşistlər də bunu etməz, yox, heç vaxt etməzdi...”

 

Dünya, yaşamaq bir savaşdır. Savaşırsan var olanlarla, öldürürsən bəzən haqlı, bəzən haqsız. Necə ağlasığmazdı, hə? Ölülərin qızıl dişinə ehtiyac duyasan...

- Kəndimizdə çox zəngin kitabxana var idi. O kitabxanaya getdim, oranı da dağıdıblar. Mən ora bir neçə kitab qoydum və düşündüm ki, tezliklə kitabxanamız bərpa olunacaq. Sanki, simvolik olaraq kitabxanamızın təməlini qoydum.
Oxuduğum məktəbin də dağıdıldığını gördüm. Siz inanırsınız, bütün Kəlbəcər rayonunda bir dənə salamat ev yoxdur. Bütün evləri yandırıblar.

Həmsöhbətim bugün Bakıya qayıtmalıdır. Amma qayıtmaq istəmir, necə ayrılım bu cənnətdən deyir.

- Hələ də Kəlbəcərdəyəm, amma qayıtmalıyam. Düzü, heç qayıtmaq istəmirəm... Yəni bu cənnətdən ayrılmaq istəmirəm. Amma bilirəm ki, bu qayıdış müvəqqətidir və mən bura əbədi qayıdacam. Çünki bilirəm ki, bu dağlarda Azərbaycan əsgəri dayanır, bayraqlarımız dalğalanır.

Duyğularım çox qəribədi. Həm sevinir, həm kədərlənirəm. Amma əsas yaşadığım hislər şükür duyğusudur. Şükürlər olsun ki, artıq qovuşduq. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin”.

Hə, sonda isə çarpayısının olduğu yerdə, yalnız orda mütləq yenidən yataq otağını tikəcəyini söyləyir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9501
avatar

Aytəkin Cəlali

Oxşar yazılar