Respublikada seysmoloji vəziyyət: Ən təhlükəli yerlər haralar sayılır?- RƏSMİ AÇIQLAMA
04 may 2021 17:30 (UTC +04:00)

Respublikada seysmoloji vəziyyət: Ən təhlükəli yerlər haralar sayılır?- RƏSMİ AÇIQLAMA

Alimlərin proqnozlarına görə, hər il Yerdə 150 minədək zəlzələ qeydə alınır. Ancaq bunların böyük hissəsi o qədər zəif olur ki, insanlar onu hiss etmirlər. Hazırda dünyada üç əsas zəlzələ qurşağının olduğu müəyyən edilib. Bunların içərisində ən böyüyü Sakit Okean qurşağı hesab edilir. Yer üzərində baş verən tektonik çalxalanmaların təxminən 70 faizi məhz bu zonada müşahidə edilir. Əgər dünyadakı seysmik aktiv nöqtələrə də diqqət etsək, məhz bu qurşaqda yerləşən ölkələrin daha çox təhlükə altında olduğunu görə bilərik. Bu sırada Sakit Okean qurşağında yerləşən ölkələr sırasında İndoneziya, Yaponiya, Filippin və digərləri yer alır.

İkinci daha aktiv qurşaq Avropa və Asiya arasında uzanır. Bu təxminən Himalay dağlarından Alp dağlarına qədər uzanan bir hissəni əhatə edir. Azərbaycan da məhz bu sistemin üzərində yerləşir. Bəs görəsən, Respublikada seysmoloji vəziyyət necədir? Ölkədə ən seysmik zonalar hara sayılır?

Öncə qeyd edək ki, bir qədər öncə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Azərbaycanda baş verən zəlzələlər qorxulu olmadığını, dünyanın hər yerində hər gün bu proseslər getdiyini bildirmişdi. O qeyd etmişdi ki, Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 16-20, 30-40 xırda təkan olur:

“Bunlar arasında hiss olunan və olunmayanlar olur. Zəlzələnin hiss olunması dərinliyindən də asılıdır. Bu gün 20-dən çox təkan olub. Bunlar zəif təkanlardır. Cihazlar tərəfindən qeydə alınıb”.

Q. Yetirmişlinin sözlərinə görə, yerin daxili həmişə hərəkətdədir, litosferdə böyük plitələrin hərəkəti, plitələrdaxili blokların həm horizontal, həm vertikal hərəkətləri olur:

“Azərbaycanda baş verən bu zəlzələlər hamısı bloklardaxilidir, bloklar parçalanır, onların hərəkəti nəticəsində bu hadisələr baş verir. Bir blokun digər blokdan sıxılması və ya genişlənməsi nəticəsində kritik həddə çatır və laylarda böyük qırılma boyu parçalanması gedir. Burada güclü parçalanma zamanı enerji ayrılır və silkələnmə dalğa formasında yer üzərində öz təzahürünü göstərir”.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İnformasiya şöbəsinin müdiri  Vüsalə Rafiqqızı Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlığında yerləşir və bu bölgə ümumilikdə seysmik baxımdan aktiv zonadı.

“Təkcə Azərbaycan deyil, Alp-himalay qırışıqlığı boyunca yerləşən ərazilərdə seysmiklik var. Azərbaycanda aktiv bölgələr var: Şamaxı-İsmayıllı, Xəzər dənizi, Gəncə-Daşkəsən, Şəki-Zaqatala Cənubda Talış dağlıq zonası.  Vaxtaşırı həmin zonalarda hiss edilən və ya edilməyən zəlzələlər baş verir ki, bu da seysmik ərazilər üçün xarakterikdi. Hazırda seysmikliyə gəlincə bizim aktiv zonalarda vaxtaşırı müəyyən təkanlar olur. Bildiyiniz kimi 1 may 2021-ci il tarixində Xəzər dənizində üç ardıcıl zəlzələ olmuşdur. Düzdür, bu zəlzələlərin quru ərazisinə hər hansı təsiri yox idi. Bu gün Ağstafa rayonu ərazisində 01:21 də və 06:26-da iki zəlzələ olub. Maqnitudaları isə 3.2, 3.4.  Bunlar da təbii ki, zəif zəlzələlərdir və hiss olunmayıb”.

Xanım Rafiqqızı deyir ki, xırda təkanların olmasına gəlincə, bizim zəlzələlərin tədqiqatı bürosu tərəfindən gün ərzində onlarla xırda, zəif təkanlar baş verir. Onların yer səthində hiss olunması mümkün deyil.

“Həmin məlumatlar daha çox elmi tədqiqatlarda istifadə olunur. Maqnutudu 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar isə seismology.az vasitəsi ilə müntəzəm şəkildə ictimaiyyətə çatdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6408
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar