Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümumi yığıncaq keçiriləcək.
Lent.az xəbər verir ki, bu barədə vesti.az-a məlumatlı mənbədən bildirilib.
Məlumata görə, iclasda AMEA prezidenti vəzifəsinə seçkilər keçiriləcək.
Mənbənin sözlərinə görə, bu posta AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun namizədliyi ehtimal edilir.
Qeyd edək ki, AMEA-nın növbəti ümumi yığıncağı aprel ayında keçirilməli idi. Lakin AMEA prezidenti Ramiz Mehdiyevin istefası ilə əlaqədar iclasın fevral ayına keçirilməsinə qərar verilib.
A.Həşimov 1949-cu il sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1971-ci ildə AMEA Fizika İnstitutunun Elektrofizika laboratoriyasında işləməyə başlayıb.
2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru seçilib, 2009-cu il iyunun 1-dək bu vəzifəni icra edib.
O, hazırda Azərbaycan Texniki Universitetinin professoru, “Enerji problemləri” jurnalının baş redaktor müavini, “Fizika” jurnalının redaksiya heyətinin üzvüdür.
A.Həşimov 2021-ci il noyabrın 5-dən AMEA-nın Birinci vitse-prezidenti.