“10 ildən artıq olar. Tədris ilinin ilk günüdür. Sinif otağına daxil oldum və salamlaşdım. Otaqda 20-dən artıq şagird var idi. Şagirdlər ardıcıllıqla ayağa qalxıb özlərini təqdim edirdi. Növbə bir qız şagirdimə çatdı. Qızım, sən qalx ayağa, təqdim et özünü demişdim ki, elə bil ortalığa sükut çökdü. Çətinliklə də olsa şagird “ müəllim...müəllim mənim adım Samovardı”, - deyəndə, tutuldum”
Sinif otağına yayılan gülüş sədası balaca məktəblini narahat duruma saldığı qədər sinif müəllimini də düşündürür. Axı belə bir adı necə olub övladına qoyasan deyə düşüncələrə qərq olan müəllim çıxış yolunu az sonra tapır. Qısa müddət lağ obyektinə çevrilən Samovar adı elə bir müddət sonra da Günayla əvəzlənərək həmişəlik unudulur.
Bu fikirləri Lent.az-a bölüşən Sürayya Nağıyeva 30 ildən artıqdır ki, Binəqədi rayon 182 saylı tam orta məktəbdə sinif müəllimi olaraq çalışır. Onun sözlərinə görə məktəb illəri dövründə iki belə uyğunsuz adla rastlaşıb ki, biri Samovar, digəri Qaytandır. Sonuncu adı müəllim daşıdığından direktor onu götürmür, daha doğrusu adını dəyişdirmədiyindən dolayı imtina edir, digəri isə məlum məsələ. Müsahibim deyir ki, ad insanın həyatına təsir edir. Əslində, bu inanc qədim Misir və Hind mədəniyyətindən qaynaqlanır. Hələ də bu ənənə Hindistanda qorunub saxlanılır. İnanca görə, müqəddəs kitabların köməyi ilə uşağa ən uğurlu ad seçilir. Adqoyma mərasimi xüsusi təşkil edilir. Eynilə Dədə Qorqud dastanında olduğu kimi. Necə ki, adını Dədə Qorqud, yaşını Allah verirdi...
Təbii ki, yeni doğulmuş körpənin isə ad seçimində rolu olmur. Bizdə bu qalır doğmalarının, valideynlərinin seçiminə, vicdanına. Necə deyərlər; “Adımı sənə qoyum, səni yana-yana qoyum”.
“Məlumdur ki, çox ad üstündə söhbət düşür, dava yaranır. Xüsusilə bu hal bölgələrdə daha çox baş verir. Bir sözlə, uşaqların bütün hüquqları valideynlərindədir. Bu səbəbdən uşağın adicə ad seçimində belə hüquqları kobud şəkildə pozulur. Xüsusilə belə uyğunsuz, məzmunsuz, gülünc doğuran adlarda. Əgər mən Somavarın adını nənəsinin tənəsinə fikir verməyib dəyişdirməsəydim, o uşaq çox psixi şiddət görəcəkdi. Çünki ilk günlərdən artıq uşaq narahat və utanc hissi duyurdu. Bu isə belə davam etsəydi, daha ciddi problemlərə gətirib çıxarardı”
Bu ad hələ şükürlüdür, desək yanılmaram. Sonradan valideyn tanıdım ki, nə adına məna vermək olur, nə ad verəni anlamaq. Xüsusilə bu hal bölgələrdə daha geniş vüsət alır. Onlardan bir neçəsinə nəzər yetirək. Samsim, Marğuz, Sərmayə, Anamqız, Atamoğlan, Balqay. Yəqin ki, heç nə anlam verə bilmədiniz. Hələ bir Heyva, Məstan, Bostan, Həmayıl, Adlan, Sumayə, Pürkestasib, Ema, İltima, Faqət, Şifayi, Əligüşad adlarına nəzər salaq. İlk ikisi meyvə, heyvan adı olsa da ardıcıllıqdakı digər adlarda məna tapmaq müşkül. Eləcə Rizbullaq, Qızbikə, Xidil, Uday, Qaraş, Seyidnasxanım, Suma, Ərhun, Furqan, Qızqayıt, Küşvər, Səmiyyə adları da o cümlədən. Ayə, Tacə, Şadman, Cığırqan lap dəhşət...
Adları gözəl olmasa da özləri gözəl, əlaçı, xüsusi istedada sahib olan bu balaları adla gülünc duruma salan valideynləri anlamaq həqiqətən çətindir. Hamısı ilə tək-tək olmasa da bir neçəsi ilə həmsöhbət olarkən bu cür adların daha çox nənə, baba tərəfindən verilməsi məlum olur. Necə deyərlər, sorğumuza qayınana, qayınata seçimi olduğunu deyən də tapılır, ya da düşünmədən ani seçim olduğunu dilə gətirən də. Bax, bu ani düşüncəsizlik əslində sözün hər bir mənasında balaların həyatını uçuruma aparır. Yəni addır deyib ötüb keçmək olmaz üstündən. “Adımı güvənc qoy, özümü ocaq üstə qoyma” misalını bəhanə gətirsək də uçurumdan xilas olan deyilik. Qaynananın cehizlik samovarından, qayınatanın şadmanından nəvəyə nə ad payı olur, nə də ömür payı. Olsa-olsa məişət avadanlığı payı olur, əziz valideynlər!
Təsəvvür edirsiz, ad ola Məstan, peşən isə məktəb direktoru. Bəli, Məstan müəllim!. Bir kişi müəllimini bu adla səsləndirmək çox gülünc deyilmi?! Mən, şəxsən ilk dəfə eşidəndə, qeyri ixtiyari gülmüşdüm. Qınamayın, heç qadına da yaraşmaz. Pişiyin şirin ləqəbi insan adında nə rolu?
Uşaqlara qeyri adi, uyğunsuz adların da verilməsi onun ailədə döyülməsi, təhsildən yayındırılması, sənət seçiminə müdaxiləsi, məcburi erkən nikaha sürüklənməsi qədər ciddi problemdir deyir psixoloqlar. Onlar da bu mövzuda diqqətli olmağı səsləyir valideynlərə. Uşaqlarla işləyən ailə psixoloqu Müşfiq Mehdibəylinin sözlərinə görə uşağın gələcək həyatına da, ona verilən ada da valideyn məsuliyyətlə yanaşmalı. Əks halda gülünc doğuran məzmunsuz ad uşağa ətrafındakıların qınaq dolu təpkisindən dolayı psixoloji travma yaşada bilər. Buna isə ad vermək çətindir.
“Ümumən qulağa, uşağın həyatına xoş təsir edəcək adlar qoymaq olar. Bir şərtlə ki, o adlar məna kəsb etsin, xoş səslənsin. Hətta İslam dinin də əsas şərt budur ki, övladın valideyn boynunda olan əsas vəzifə borclarından biri ona gözəl adın verilməsidir. Bu səbəbsiz deyil, çünki uşaqdan ilk olaraq ad soruşuruq. O adı da gərək ürəklə desin. Ancaq gülünc adlar qoyanda ilk olaraq uşaq özü diskomfort olur və zamanla ilk travmanı adı ilə yaşamalı olur. Hər zaman adını deməkdən çəkinir və bu onda çəkinmə kimi psixoloji baryerə səbəb olacaq. Zamanla da bu çəkinməlik onun sahib olduğu potensialı üzə çıxarmağa, fitri istedadını kəşf etməyə əngəl olur. Bu da onun həyatına təsirsiz ötüşmür. Travmalar zamanla onun şəxsiyyətinə ciddi problem yaradacaq. Hətta gələcəkdə adına görə övlad və nəvələri də komplkes yaşaya bilər. Övladın həyatını bu qədər çətinliyə salmaqdansa normal adllar seçilərək qoyulsun ki, gözəl ad mənalı ömür payını uşaqdan əsirgəməsin”
Cinayət Məcəlləsinə əsasən, uşaqlara qarşı bəzi hərəkətlərin edilməsi cinayət tərkibi yaratdığı və cinayət məsuliyyətinə səbəb olduğu kimi, anormal adlarla bağlı Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci tarixli Sərəncamı var. Həmin Sərəncama uyğun olaraq Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb. Gənc hüquqşünas Taleh Hüseynov deyir ki, cinsi uyğun gəlməyən, dilimizə yad olan, mənası düzgün verilməyən, mənası olmayan, eləcə də uşağın gələcəyinə xələl gətirən adların qoyulması qadağandır.
“ Hazırda uşaqlarına bu cür adlar qoymaq istəyən vətəndaşlar Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və “ASAN xidmət” mərkəzlərinə müraciət etdikdə bu cür adların qoyulmasının qarşısı alınır. Bu cür müraciətlər olduqda onlar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya müraciət edirlər. Uşağa qoyulacaq adın onun mənafeyinə xələl gətirə biləcəyi aşkarlanarsa adın qoyulması tövsiyyə edilmir. Və valideynlərin həmina adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınır. Bununla bağlı Terminologiya komisssiyası tərəfindən “Azərbaycan şəxs adlarının izahlı lüğəti” hazırlanıb ki, lüğətdə on mindən çox adın lüksik mənası izah edilib”
Adını dəyişdirmək istəyən vətəndaşlar isə həmin qərarın 6.1 –ci maddəsinə əsasən ərazi üzrə qeydiyyat şöbəsinə müraciət etməklə istəyini kerçəkləşdirə bilər, ancaq 18 yaşına çatdıqdan sonra. 18 yaşına çatmayan yetkinlər isə rayon icra hakimiyyəti yanında qəyyumluq və himayəçilik şöbəsinə müraciət etməlidir. Bu halda isə hər iki valideynin adın dəyişdirilməsinə dair notarial qaydada təsdiqlənmiş razılığı mütləqdir.
Bir müddət türk serialların ekranlara kütləvi axınından sonra serial qəhrəmanlarının adlarını sevə-sevə övladlarına qoyan valideynlər ictimai qınaqdan sonra dini adlara üstünlük verdi.
Son illər ölkədə doğulan körpələrə verilən adlara nəzər saldıq ki, dini adlar daha çox üstünlük təşkil edir. Yaxın zamana qədər oğlan uşaqlarına qoyulan adlar arasında Yusif, Əli, Hüseyn adları ilk üçlükdə yer alırdısa, qızlar üçün bu ardıcıllıq Zəhra, Aylin və Nuray adları ilə əvəzlənirdi. Cari ilin göstəriciləri isə bir qədər fərqlidir. 2021-ci ildə doğulan oğlan uşaqlarında Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qızlarda isə Zəhra, Zeynəb, Məryəm, Aylin, Mələk adları üstünlük təşkil edir.
Yaxşı olar ki, ad insan taleyinə təsiri olduğundan daha mənalı və daha xoş səslənən adlar qoyulsun. Ad çəkilərkən sahibi nə narahat olsun, nə də ətrafın lağ obyekti...
Günel İsayeva