İki ay əvvəl olardı, Akif İslamzadənin xəstələnməsi barədə xəbər yayılmışdı. Halını soruşmaq üçün zəng etdim, telefonda bir döymədiyi qaldı. Çox kobud şəkildə “zurnalistlər” sözünü işlədərək xoş olmayan tərzdə danışdı. Bu, Akif İslamzadə ilə ilk telefon danışığım deyildi və demək olar ki, hər dəfə onun çox qaba danışıq tərzini bacardığım qədər nəzakətlə yumşaldaraq yola verməyə çalışmışam. Açıqlamalarını və müsahibələrini isə ütüləyərək vermişəm.
Bu adamın qurunun oduna yaşı da yandırıb, tanımadığı jurnalistləri acılamaq kimi bir alışqanlığı var...
Hərçənd kiminsə sənətinin böyük olması ona media nümayəndələri il istədiyi kimi danışmaq, cəmiyyəti də öz xətalı fikirləri ilə zəhərləmək haqqı vermir. Sənətkarı sənətkar edən elə öncə mediadır, sonra da xalq. O qədər istedadlı insan var, itib-batır.
Bir az tanış, bir az tapış, bir az reklam, bir az pul hesabına "korifey" olan çox saxta ulduzumuz var bizim.
Nə isə, sözümün başını ayağını itirməyim, işim tələb etməsəydi, mən dönə-dönə Akif İslamzadənin kobud danışıq tərzinə dözmək məcburiyyətində qalmazdım, susardım və susurdum ...ta ki, dünən verdiyi açıqlaması son damla olub səbr kasamı daşırana qədər.
Akif İslmzadə deyib ki, Allah qadınlara elm verməyib, cəmiyyətimizdə qadın müəllimlərin çoxluğu onda narahatlıq yaradıb.
Akif İslamzadənin dinə çox bağlı adam olduğunu illər öncə ondan müsahibə alanda görmüşdüm. Estrada ulduzu getmiş, yerində fanatik, mövhumatçı bir insan oturmuşdu sanki. Onun inancına qarışmaq fikrim yoxdur, amma İslam deyib tapındığı o inanc sistemində cənnət anaların ayağı altındadır deyilir, alimin mürəkkəbi şəhidin qanından üstün tutulur. Qadına elm verilməz kimi saxta düşüncələrlə kim onu zəhərləyib bilmirəm. Din kamil insan ol deyir, cəhalətin dibinə çök demir.
Əyri oturaq, düz danışaq. Akif İslmzadə sənətdə olduğu zamanlar elə bir ustad müğənni deyildi, böyük sənətkarların, xüsusilə anası, Xalq artisti Sara xanımın adınının kölgəsində böyüyürdü. Olmasaydı Sara Qədimovanın oğlu, minlərlə səsi olub ad çıxarmayan başqa sənətə üz tutan insandan biri olacaqdı.
Ona populyarlıq gərirmiş "Alagözlüm", "Ötən günlərimi qaytarydılar" kimi mahnıların da müəllifləri qadınlardır. Bir sözlə o, ən böyük uğurlarını qadın zəkasına, qadın ilhamına, qadın elminə borcludur.
Akif İslamzadə indi qadınlardan nəyin intiqamını alır?
Uğursuz siyaətçi, yoxsa yarımçıq müğənnilik taleyinin?
Akif İslamzadənin ölkəmizdəki qadın akademiklərin, professorların varlığından xəbəri yoxdurmu? Bütün günahları matrialxar sistemdə görən ağsaqqal orta əsrlərin kişi hegemonluğu üçün darıxır? Niyə? iki səbəb ola bilər.Ya ətrafında onu əzən qadınlar çox olub, ya da özü həddən artıq qadınları əzməyə meyilli bir tipdir. Bu, Akif İslamzadənin qadınlar barədə söylədiyi ilk əcaib fikir deyil. Bir dəfə də demişdi, cəmiyyətin sərt reaksiyalarını görüb "yalnış anladınız" deyərək özünü təkzib etmişdi.
Hamı eyni şəkildə qocalmır, hər yaşa dolan adam müdrikləşmir, kamil olmur, hər saqqalı ağarmışın da dediyi ata sözünə çevrilmir.
Biz bir çoxlarını ulduza səntkara çevirikik, sonra "yaratdığımız canavar" özümüzə hücum çəkir. Akif İslamzadə kimi yaşlandıqca özünü sözünü unudan sənətçiləri ekspert (daha çox şoumen, təlxək) rolunda dindirib həm söydürən həm söyülən məhz mediadır.
Reytinq xətrinə yaşlanıb danışığını itirmiş tanınmışları niyə urvatdan salırsınız? Yaxşı media salır, onlara nə düşüb? Qoyun yaddaşlarda elə xatırladığımız kimi qalsınlar.
Bir sözüm də qadın haqlarının müdafiəsi ilə məşğul olan qeyri hökumət təşkilatlarınadır. Həftədə bir, ayda bir bor-boş toplantılar edib şəkil paylaşaraq, işinizi bitmiş hesab edirsiniz.
Niyə???