Pozulan piyada zolaqlarının yaratdığı TƏHLÜKƏ
07 sentyabr 2021 18:14 (UTC +04:00)

Pozulan piyada zolaqlarının yaratdığı TƏHLÜKƏ

Təsadüfi deyil ki, qəzalar daha çox piyada keçidlərində və ya keçid olmayan yollarda baş verir. Paytaxtın Babək prospekti də piyada keçidlərinin azlığı səbəbindən sözün əsl mənasında ölüm saçır.

APA TV xəbər verir ki, sakinlərin sözlərinə görə, yolun təqribən 2 kilometrə yaxın hissəsində yeraltı və ya yerüstü piyada keçidi yoxdur. Xüsusən qış aylarında və məktəblərin işlədiyi günlərdə sözügedən ərazidə problem daha çox olur. Qəzalar qaçılmaz hal alır.

- Sentyabrın 15-dən baxın səhər nə qədər insan olacaq burda. Valideyn məcburdur ki, uşağın buradan keçirsin. Amma keçirə bilmir. Birini keçirir, digərin maşın gəlib vurur. 2, 3 gündən bir qəza baş verir. Dəfələrlə olub ki, biz özümüz qoyub maşına aparmışıq kimisə xəstəxanaya.

- Piyada keçidi yoxdur. Hər gün yol hadisəsi, qəza olur. Çox təhlükəlidir. Valideynlər övladını keçirə bilmir. Məktəbli uşaqlar məktəbə, bağçaya gedə bilmir. İşıqforlar lazımlı yerdə deyil, ehtiyac olmayan yerə qoyublar.

Babək prospektinə şəhər istiqamətindən girişdə qoyulan piyada keçidi isə daha böyük təhlükə mənbəyidir desək yanılmarıq. Yolu dönən sürücülər sürpriz olaraq piyada keçidi ilə qarşılaşırlar ki, bu da bəzən qəzaların yaranmasına səbəb olur.

Sürücü və sərnişinləri narahat edən digər problem isə nizamlanmayan piyada keçidlərinin görünməz halda olmasıdır. Bənzər hala Nəcəfqulu Rəfiyev küçəsindəki piyada keçidlərində də rast gəlmək olar.

- Təhlükəlidir. Biz görmürük. Sonra qəfil dayanırıq və maşını gəlib arxadan vururlar.

- Zolaq olmayan yerdə dayanırıq. Qəza halı yaranır. Maşını gəlib arxadan vura bilərlər. Əlbəttə çox təhlükəlidir.

- Piyada bəzən çıxır yola. Görmək olmur. Elə bilirsən yol sənindir. Qəfil qəza baş verir. Zolaqlar daimi rənglənməlidir ki, sürücülər görə bilsin.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə deyir ki, Babək prospekti boyunca piyada keçidləri, həmçinin işıqforlar mövcuddur. Gələcəkdə sakinlərin müraciəti və aidiyyəti qurumların dəstəyi ilə həmin ərazilərdə əlavə yeraltı və yerüstü piyada keçidlərinin inşası istisna deyil.

Piyada zolaqların rənglənməsinə gəlincə isə Vaqif Əsədov paytaxt yollarında olan piyada zolaqlarının, yol nişanlarının rənglənməsi işlərinin də aparıldığını bildirib.

Görünən dağa bələdçi lazım olmasa da, pozulan piyada keçidlərini rəngləməyə boya mütləq lazımdır.

# 1593
avatar

Oxşar yazılar