Pəncərələr yox, divarlar və dam isə uçur - UNUDULAN 6 AİLƏ...  - VİDEO
12 iyun 2021 10:36 (UTC +04:00)

Pəncərələr yox, divarlar və dam isə uçur - UNUDULAN 6 AİLƏ... - VİDEO

 

Pirşağıdayıq. Gördüyünüz bu kadrları qəsəbənin “AzTexMontaj” İstirahət Mərkəzinin binasından qeydə almışıq.

APA TV-nin xəbərinə görə, bu istirahət mərkəzində 1993-cü ildən 2021-ci ilə kimi Şuşa və Laçından olan məcburi köçkünlər məskunlaşıb.

Təxminən bir ay öncə bu binada məskunlaşan 55 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Qalan 6 ailənin taleyi isə naməlumdur. Aliya Dadaşova bu binaya gəlin gəlib: “Yoldaşımgil burda 1992-ci ildən məskunlaşıblar. İndi qaynanamgili iki otaqlı mənzillə təmin ediblər, biz qalmışıq. Sizcə, 8 nəfərlik ailə iki otaqda necə yaşasın? 28 ildir burda onsuz da acınacaqlı vəziyyətdə idik. İllərdir burda qeydiyyatdayıq, burda yaşamışıq. Çörək pulu da alırıq, amma niyə bizi də köçürmürlər, hələ də başa düşmürəm”.

Səidə Cəfərovanın ailəsinə də ikiotaqlı mənzil təklif olunub: “1992-ci ildən burda məskunlaşmışıq. Bir ailədə 4 nəfərik. Bizə iki otaqlı mənzil verirdilər. Etiraz etdik, səbəb odur ki, biz burda 4 nəfər 3 otaqlı mənzildə məskunlaşmışıq. İmtina səbəbimiz isə otaq sayına görə oldu. Yaşlı valideynlərim və iki ayrı ailə, iki otaqda necə yaşasın? Ailə üzvlərimizin sayı nəzərə alınmır, gənc iki nəfərlik ailə üzvü olanlara da iki otaqlı verirlər, kötük ailələrə də”.

Aidə Cəfərovanın sözlərinə görə, bina faktiki olaraq uçur, suyu kəsiblər, qaz yoxdur”.

Allahverdi Ələkbərov burada müəllim kimi fəaliyyət göstərib: “Müəllim kimi elə burda da dərs deyirəm. 28 ildir burda yaşayıram və qeydiyyatdayam. Qızım ailə həyatı qurdu, ayrıldı. Rəsmi olaraq 2016-cı ildən onlara ayrı təsərrüfat, ayrı da ev yazılıb. Çörəkpulunu belə ayrı alır. Laçın icra nümayəndəsinin də təsdiq etdiyi ayrılıq kağızları da var. Nə səbəbdəndir, bilmirəm, oğlumu, qızımı və məni bir mənzilə yazıblar. Burda bizə təklif etdilər ki, 3 ailəyə birgə iki otaqlı mənzil götür, götürmədim. Oğlumun ailəsinə iki otaq verildi, sağ olsunlar. Amma qızımın iki övladı, mən və həyat yoldaşım burda qalmışıq”.

Gördüyünüz bu yataqxanada məcburi köçkünlərlə yanaşı, əslən Pirşağıdan olan Bikəxanım Əliyeva da məskunlaşıb. O, 1985-ci ildən sözügedən bu istirahət mərkəzinin işçisi olub. Həm burda çalışıb, həm də ev növbəsində olub. Sonradan istirahət mərkəzi məcburi köçkünlər üçün ayrılıb. Elə o zamandan Bikəxanım xala da burda bir övladı ilə qalır. Mənzil probleminin həlli ilə bağlı isə döymədiyi qapı qalmayıb: “Qızım, qeydiyyatım “Sovetski” adlanan məhəllədə idi. Ora söküləndə mənə də 20 min manat pul verdilər. Mən elə bu yataqxanada qala-qala 20 min manata Pirşağıda məscidin yanında həyət yeri götürdüm. Hasarını çəkdim, bünövrəsini tikdim. 5 daş yuxarı qaldırdım, pul bitdi. Beləcə, hara müraciət elədim, məktubum çatmadı. Qalmışam iki daşın arasında, sosial durumum imkan vermir ki, evimi tikim, heç olmazsa, bu yaşda yaşamağa yerim olsun”.

Beləliklə, gördüyümüz mənzərəni əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin diqqətinə çatdırdıq. Sorğumuza cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış ailələr Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülüblər.

Hazırda uçuq yataqxanada qalan ailələrdən Laçın rayonundan məcburi köçkün düşmüş Allahverdi Ələkbərova ailə tərkibinə uyğun olaraq üçotaqlı, Xocalı rayonundan məcburi köçkün Surxay Həsənalıyevə dördotaqlı mənzil təklif edilib. Şuşa rayon sakinləri Nailə Cəfərova ailəlidir, həmin ünvanda yaşamır, İlkin Dadaşovun isə Abşeron rayonu Fatmayı qəsəbəsində fərdi mənzili var. Xocalı rayon sakinləri Allahverən və Renat Məmmədovların isə məcburi köçkün status yoxdur.

Qeyd olunub ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər, eyni zamanda adıçəkilən yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlər evlə təmin olunacaqlar.

Bikəxanım Əliyevanın mənzil məişət probleminin həlli üçün isə Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bundan sonra vətəndaş İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən qəbul olunub və onun mənzil probleminin həllinə heç bir köməklik edə bilməyəcəkləri ilə bağlı məlumat verilib.

Sevinc Vaqifqızı

# 1467
avatar

Oxşar yazılar