Pandemiya və şəkili ananın son arzusu
24 yanvar 2022 18:31 (UTC +04:00)

Pandemiya və şəkili ananın son arzusu

Hamımıza məlumdur ki, COVID-19 2019-cu ilin dekabr ayının ortalarında, təxminən 2 il əvvəl Çinin Uhan şəhərində naməlum mənşəli xəstəliyin ilk aşkar olunması ilə başladı və Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan etdi.

İlk yoluxma faktından cəmi 2 il 1 ay keçib. Lakin son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 350 milyon, vəfat edənlər 5 milyon nəfərdən çoxdur və bu rəqəm hər gün artmaqda davam edir.

Azərbaycanda ilk yoluxma faktı 28 fevral 2020-ci ildə, ilk ölüm faktı isə, 13 gün sonra, mart ayının 12-də qeydə alındı. İlk ölüm faktından keçən cəmi 1 il 10 ay müddətində son rəsmi məlumata görə, Azərbaycanda vəfat edənlərin sayı 8 min 610 nəfər, ümumi yoluxanların sayı 633.731 nəfərdir. Əgər əhalinin vaksinasiyaya cəlb edilməsi vaxtında həyata keçirilməsə idi, qeyd olunan rəqəmlər 10 dəfələrlə çox ola bilərdi.

Bu gün bütün dünya virusun daha sürətlə yayılan yeni ştammı “Omicron” ilə üz-üzədir və ondan müdafiə yolları barədə müzakirələr edir, tədbirlər həyata keçirir.
Artıq Azərbaycanda da “Omicron” ştammının 12 nəfərdə aşkarlandığı barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı yayılıb və həyacan təbili çalınır. Təəssüf ki, indiyədək heç bir ölkə, o cümlədən Azərbaycan COVID-19 virusunun öldürücülük təsirinin qarşısını tam ala bilməyib. Yeni ştammın bizim sıralarımızdan nə qədər insanı çəkib aparacağı isə hələlik sual altındadır.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan sonra gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır və bildirilir ki, vaksinasiya ilə yanaşı xüsusi karantin rejiminin qaydalarına da riayət olunması, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

Bu gün ölkəmizin hər yerində olduğu kimi Şəkidə də Operativ Qərargahın rəhbərliyi ilə pandemiya ilə mübarizə tədbirləri davamlı şəkildə həyata keçirilir. Əhanin sıx olduğu yerlərdə İH, Polis, AQTA, Nəqliyyat departamenti və digər müvafiq orqanlarının əməkdaşlarının birgə reydləri keçirilır, COVID-19-la mübarizə çərçivəsində maarifləndirmə işi aparılır. Əhalinin maarifləndirilməsi işində rayonun nüfuzlu ağsaqqalları, ağbirçəklər, təhsil, səhiyyə işçiləri, o cümlədən seçki dövründə seçki məntəqələrində fəaliyyət göstərən və əhali arasında böyük nüfuza malik olan sakinlər də yaxından köməklik göstərirlər.

Bu gün hər birimiz yalnız bir məsələni dəqiq dərk etməliyik: COVID-19-la mübarizədə hələlik yeganə yol vaksinasiya və xüsusi karantin rejiminin qaydalarına da riayət olunmasıdır.

Pandemiya yeni başlayan zaman İngiltərənin baş nazirinin bir ifadəsi dəqiq yadımdadır: ən yaxın ətrafınızı, əzizlərinizi itirməyə hazır olun!. Bəli, bu gün
ölkəmizdə elə bir şəxs tapmaq çətindir ki, yaxın ətrafından kimisə COVID-19 səbəbli itirməmiş olsun.

PS. Bir neçə ay əvvəl özüm də peyvənd olunan zaman növbədə mənimlə yanaşı yaşlı və səhhətində narahatçılığı hiss olunan bir təqaüdçü qadın da var idi. Mən həmin ana ilə söhbət əsnasında, səhhətində narahatçılığı ola-ola nə üçün peyvənd olunmağa gəldiyi ilə maraqlandım. İlk əvvəl elə fikirləşirdim ki, kiminsə təkidi ilə gəlib. Lakin ananın cavabı çox fərqli idi: “Oğlum, mənim 76 yaşım var, ölümdən də qorxmuram. Amma istəyirəm ki, ölüb eləsəm, heç olmasa övladlarım məni el adəti ilə son mənzilə yola sala bilsinlər”.

Cəmi bircə dəfə rastlaşdığım bu 76 yaşlı ananın nurlu siması, mənalı baxışları və son arzusu ömrüm boyu yadımdan çıxmayacaq...

Daşqın Mikayılov


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6651
avatar

Oxşar yazılar