“Məhərrəmliyin bitməyini gözləyirik. Qızıma toy edəcəm. Həm də mağarda. Qoy bütün qohum-əqrəba iştirak etsin”.
Rövşən Məmmədov deyir bu sözləri. Qızına toy etməyə hazırlaşan Rövşən kişi, məclisi həyətində etməyi planlayır. Buna səbəb isə...
“Vallah, qızım kənddə demək olar hamının balasının toyunda iştirak etmişəm. İstəyirəm onlar da ailəmizin xoş günündə bizimlə olsunlar”.
Amma qayda-qanun var axı. Elə deyilmi?
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin Lent.az-a verdiyi məlumata görə, sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən olunub.
“Təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər. Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır. Gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur. "icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir”.
İndi Rövşən kişi də qızına toyu həyətində mağar quraraq etmək istəyir. Görəsən, icazə məsələsi necə olacaq?
Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Lent.az-a açıqlamasında bildirib ki, nəzarət məsələsi formaldır.
“Çünki lap əvvəldən dedilər ki, toyların keçrilməsinə nəzarət olunacaq. Amma toy edənlər kimisə dəvət edəndə və dəvət olunan COVID pasportunun olmadığını deyəndə toy edən şəxs bildirirdi ki, polislə danışıb həll edib. Əgər bütün bu məsələlərin başında kiminsə pul qazanması söhbəti dururdusa, onda bu qədər qaydanın qoyulmasına nə ehtiyac var idi ki?!”
Sosioloq deyir ki, onsuzda qoyulan qaydalara xüsusilə kəndlərdə riayət olunması çətin olacaq.
“Uzun müddətdir ki, bu barədə danışarkən toyların modelinin dəyişdirilməli olduğunu söyləyirəm. İndiki toy adətləri ilə biz toy mafiyasının əlində qalmışıq. Onlar imkan vermir ki, biz başqa bir modelə keçək. Amma başa düşülməlidir ki, pandemiyaya qədər olan toylar daha olmayacaq. Ona görə də biz tamamilə başqa bir toy modelinə keçməliyik. 30-35 il əvvəlki dədə-baba toylarına qayıtmaq lazımdır. Amma şadlıq evlərində stulun birini 100 manata satanlar buna imkan vermirlər. Dədə-baba qaydasında bəy-gəlin üçün stol açılırdı onları təbrik etmək üçün kənd camaatı gəlib şənlənirdi. Daha gələnlərə 60 cür yemək bişirmək, süfrə açmaq söhbəti yox idi. İndi də belə olsa yaxşı olar. Ehtiyac yoxdur yeməklərə. Çay, meyvə şirələri və müxtəlif şirniyyatlar bəs edər. Toyların mağarda deyil, elə açıq havada təşkil olunması daha düzgün olar”.
Bütün kənd camaatının şad günündə iştirak etməsini arzulayan Rövşən dayının işi deyəsən Allaha qalıb. Təki toy olsun. Bizə də Allah mübarək etsin demək düşür.