Şəhid İmran Məmmədli
18 dekabr 2020 13:11 (UTC +04:00)

Şəhid İmran Məmmədli

On dördüncü cəngavər, 77 il yol gələn güllə, “Müəllim”in son zəngi - ANIM

Noyabrın 26-da qardaşım zəng eləyib “qağamız şəhid oldu...” deyəndə, onun yaddaşımda yer eləmiş simasını nə qədər gözümün qabağında canlandırmağa çalışsam da, ağlaya bilmədim. Ümumiyyətlə, acı xəbərin sarsıntısı nə qədər böyük olsa da, onun gülər üzündən, əlini əlinə vurub qəhqəhə çəkərək danışdığı baməzə söhbətlərindən savayı heç nə xatırlaya bilmədim. O, həmişə gülürdü. Tək mənimlə danışanda yox, anadangəlmə gülərüz idi. Təbəssüm onun sifətinə elə yaraşırdı ki, gözlərindən həmişə işıq süzülürdü.

Onu çox istəyirdik, babamızın adını daşıdığına görə böyükdən kiçiyə hamımız onu “qağa” çağırardıq. Sən bir işə bax, 77 il əvvəl - İkinci Dünya Müharibəsində Mozdok uğrunda döyüşlərdə alman faşistinin baba İmrana tuşlanan snayperi onun sağ əlinin üç barmağını aparsa da canını ala bilməmişdi. Azərbaycanın 44 günlük Vətən Müharibəsində isə Füzulinin Kürdlər kəndində pusquda duran erməni faşistinin snayperdən atdığı... 77 ildir yol gələn o güllə nəvə İmranın həyatına son qoydu.

Məxfi döyüş tapşırığını həyatı bahasına yerinə yetirən “müəllim” ləqəbli kəşfiyyatçı - döyüş yoldaşları onu belə xatırlayır. Şagirdlərinin sevimlisi, onlara hərb elminin sirlərini, torpaq uğrunda döyüşməyi öyrədən, əsil kişilik nümunəsi göstərən, ürəyi Vətən sevdalı bir müəllim - dərs dediyi məktəblilər isə onu bu cür xatırlayır.

Övladlarını özü kimi gülərüz, mərd görmək istəyən, bunun üçün hər cür zəhmətə qatlaşıb vicdanla, alın təriylə yaşamağı həyatının amalı seçən qayğıkeş ata - dörd övladının yaddaşında İmran belə qalıb. Heç kəsi darda buraxmayan, istər şagirdi olsun, istər əsgəri - hamının köməyinə çatan, el-obanın xeyrində, şərində həmişə qabaqda gedən ürəyi təpərli el oğlu - Şahsevən özünün on dördüncü şəhidini yaddaşında məhz belə saxlayıb. Yaraşıqlı, uca boylu, gözlərində həmişə həyat qaynayan, gülərüz qardaşımız - biz də qağamızı belə xatırlayırıq. 

Əmim oğlunun şəhidlik zirvəsinə yüksəlməsiylə doğulub boya-başa çatdığım Beyləqan torpağını bu yaşımda yenidən kəşf elədim. Onun adamlarını, havasını, suyunu, ağaclarını, kol-kosunu da təzədən dərk elədim, elə bil bir az da doğmalaşdım, bir az da isinişdim torpağıma. Hələ rayonumuzu, kəndimizi demirəm... Gözümü açdığım İnallı məhəlləsi Azərbaycana o qədər adlı-sanlı ziyalılar, alimlər bəxş edib ki, hərəsi haqqında bir kitablıq söhbət eləmək olar. Bizim balaca məhəllədən Sosialist Əməyi Qəhrəmanı da çıxıb, nazir də, akademik də, professor da. Mən hələ yüksək rütbəli hərbçiləri, fəlsəfə doktorlarını, yazıçıları, şairləri demirəm, lap böyüklərimizi xatırlayıram. İndi şəhidimiz də var! İmran Cahangir oğlu Məmmədli Vətən yolunda canını fəda etməklə elimin, obamın yaddaşına öz adını qızıl hərflərlə yazdı. Bizim ziyalılarımız fəxrimizdir, şəhidimiz isə and yerimiz oldu!

Xatırlayıram, sovet vaxtı dəxilsiz bir kommunistin soyadıyla Jdanov adlandırılan Beyləqan rayonu respublikada pambıq yığımında həmişə öndə olardı. Siyahıda rayonumuzun adını birinci görəndə qəlbimiz fərəhlənərdi. Kasıb yer idi bizim rayonumuz. Torpağı kimi adamlarının xasiyyəti də düppədüz idi, hamısı sadə, hamısı zəhmətkeş, əllərinin qabarı, alınlarının təriylə dolanırdılar. Bax o sadə, zəhmətkeş adamların halallıqla boya-başa çatdırdıqları oğullar Vətən müharibəsində elə şücaət göstərdilər ki, onların qəhrəmanlığı dillərə dastan oldu. Beyləqan erməni faşizminə qarşı müqəddəs müharibədə Azərbaycanın ən çox şəhid verən rayonlarından birinə çevrildi. Bu da bizim şərəf tariximizdir, onu bu torpağın oğulları öz qanlarıyla yazdılar!

İndi bildin Vətən nədi? Kəndimizin cəngavərlərinin yanaşı dəfn olunduğu Şəhidlər Xiyabanına baxanda ilk ağlımdan keçən bu sual oldu. Əmim oğlu Şahsevən elinin on dördüncü şəhididir. Ondan sonra daha bir fədakar oğlumuzu da doğma torpağa tapşırdıq. Birinci Qarabağ savaşında da Beyləqan qala idi, ikinci savaşda da qala kimi yerindən tərpənmədi. Çox qəribədi, Arazın qırağından Mil düzünə qədər uzanan bu rayonun nə bir dağı var, nə bir təpəliyi, hər tərəfi düzəngahdı. Amma işğalçının qabağında alınmaz qalaya çevrildi, əsgərinin arxasında keşik çəkib erməniyə göz dağı oldu. İndi bildin Vətən nədi?

Oktyabrın 26-da İmran böyük qardaşı Rəşada zəng eləyib, ağır döyüşdən çıxdığını və düşmənin arxasına keçdiyini demişdi. O, birinci dəfə deyildi düşmən arxasına keçirdi. Qarabağ torpağını əlinin içi kimi tanıdığından həmişə düşmən arxasında məxfi tapşırıqları yerinə yetirirmiş. İşindən danışmağı sevməzdi, söz düşəndə zarafata salıb, üstündən keçərdi. Şəxsən mən elə bilirdim ki İmran orta məktəbdə olduğu kimi orduda da əsgərlərin fiziki hazırlığı ilə məşğul olur. Əmim oğlu döyüş sənəti üzrə peşəkar idmançı idi. Özü də, yetişdirdiyi şagirdləri də dəfələrlə yarışlarda birincilik qazanmışdılar. Yalnız şəhidlik zirvəsinə yüksələndən sonra döyüş yoldaşlarının onun qəhrəmanlıqları barədə söhbətlərini eşitdikcə heyrətdən donub qalırdım. Mənim müəllim bildiyim gülərüz əmim oğlu ömrünün on yeddi ilini Vətəninə xidmət edən, məxfi tapşırıqları yerinə yetirməkdə xüsusi bacarığı ilə fərqlənən peşəkar kəşfiyyatçı imiş.

“Müəllim” - döyüş dostları onu belə çağırarmış, həm də kəşfiyyatçı kimi ləqəbi imiş. İmranı hamıdan gec tanıdığıma görə özümü qınayıram, təəssüf edirəm ki, onun gördükləri, yaşadıqları barədə iki əmioğlu oturub yerli-yataqlı söhbət edə bilməmişik. Hətta söhbət eləsək belə, İmran heç vaxt çətinliklərdən, gördüyü işlərdən danışmazdı. O, Vətəninə xidmət edirdi, Vətəninə sədaqət andı içmişdi və bu anda sadiq olduğunu həyatı bahasına sübut etdi. İkinci Qarabağ savaşı başlayana qədər Lələtəpənin azad olunması əməliyyatında iştirak etmişdi və döyüşlərdə fərqləndiyi üçün bir neçə dəfə təltif olunmuşdu. İndi onun orden və medalları, tərifnamələri həmin illərin unudulmaz əziz xatirəsinə çevrilib.

Danışırlar ki, Lələtəpə döyüşündən sonra həmişə deyib-gülən İmran qaraqabaq, az danışan olmuşdu. Sanki qara bulud kimi dolmuşdu. Səbəbini soruşanda çiyinlərini çəkər, heç nə deməzmiş. Mən elə güman eləmişdim ki, cavan yaşında döyüşlərdən çıxdığı, ölüm-itim gördüyü üçün nəsə özünə qapanıb. Bir dəfə nə qədər illah eləyəndən sonra bircə kəlmə, “əmi oğlu, heyf, işimiz yarımçıq qaldı”, demişdi. Mən də ürəyinə toxunar deyə, dərinə getməmişdim. İmran ömrünün gözəl çağlarını həsr elədiyi Azərbaycan ordusunun hünərinə, əzminə və iradəsinə yaxşı bələd idi. Xalqının, torpağının təpərini də bilirdi, ona görə də düşünürdü ki, Lələtəpədən başlanan azadlıq yolu tam qələbəyə qədər davam etməliydi. Sentyabrın 27-də erməni faşistlərinin xain basqınını dəf etmək üçün ordumuz əks-hücuma keçəndə İmran artıq ön cəbhədə idi. Yarımçıq qoyduğu işini başa çatdırmaq, Vətəni bütövləşdirmək üçün döyüş meydanına atılmışdı.    

O, mənfur düşmənin Füzuli istiqamətində keçilməsi mümkünsüz görünən istehkamlarının, mühəndis-texniki qurğularının dağıdılması üçün fədakarlıqla döyüşürdü. Bu dəfə şagirdlərinin, yetişdirdiyi əsgərlərin gözü qarşısında onlarla çiyin-çiyinə döyüşərək vətənpərvərlik dərsini sinif otağında yox, döyüş meydanında keçirdi. Oktyabrın 25-də Kürdlər kəndi istiqamətində gedən ağır döyüşlərdə aldığı məxfi tapşırığı yerinə yetirmək üçün düşmənin arxasına keçməyi bacarır. Bir gün sonra həmin istiqamətdən qardaşı Rəşada zəng edir, sadəcə, hamıya salam söyləyir, toxtaqlıq verir. Bu, əmim oğlunun sonuncu zəngi olur...

Bir ay gözümüz yolda qalmışdı. İmran döyüşlərə qatılanda anasının, mənim sevimli bibimin vəfatından heç iki ay keçməmişdi. Daha çox əmimdən sarı narahat idim. Mən bu yaşıma qədər əmimi heç vaxt belə möhkəm, belə güclü görməmişdim. Batmanla gələn dərdin qabağında mərdi-mərdanə, kişi kimi dayanmışdı, qapısına gələn adamlara özü təskinlik verirdi, heç səsi də titrəmirdi. Həmin vaxtlar kəndimiz bir-birinin ardınca qarşıladığı şəhid oğullarını qəbiristanlığa qədər çiynində aparırdı. Deyə bilərsiniz ki, burda qəribə olan nədi, belə də olmalıdı. İş orasındadı ki, bizim qəbiristanlığımız kənddən bir neçə kilometr aralıda Arazın düz qırağındadı. Son mənzilə hamı ölüsünü nəqliyyatla aparır. Şəhidlər gələndəysə, kənd onları maşınlara mindirmədi o qədər yolu böyükdən-kiçiyə “Şəhidlər ölməz, Vətən bölünməz” sədaları altında çiynində apardı. Üçrəngli bayrağa bürünmüş tabutların arxasınca izdiham addımlayırdı. Onlar heç tabuta da oxşamırdı, yazqabağı məcrasından çıxan dağ çayında üçrəngli yelkənini açıb ümmana, ölümsüzlüyə doğru üzən qıyığa bənzəyirdilər.

Noyabrın 26-da qardaşımdan zəng gəldi - “qağamız şəhid olub”... Açıq döyüşdə İmranla üz-üzə gəlməkdən qorxub pusquda gizlənmiş mənfur düşmən onu snayperlə vurmuşdu. İmranı tapanda görüblər ki, avtomat darağı boşdur. Son gülləsinə qədər vuruşubmuş... Döyüş yoldaşları məxfi tapşırıqları xüsusi səriştəylə yerinə yetirən “müəllim” ləqəbli əfsanəvi kəşfiyyatçı haqqında danışdıqca qarışıq hisslər məni bürüyür. Heç şübhəsiz ki, qürur duyuram. Bir tərəfdən də düşünürəm ki, birinci Qarabağ müharibəsi başlayanda İmranın 6-7 yaşı ancaq olardı. Biz nə tez böyüdük, ilahi? Elə bil dünən idi, qarğıdan at düzəldib məhəlləmizin tozlu-torpaqlı yolunda “dava-dava” oynamağımız. Elə bil dünən idi Qədir kişinin ot arabasının arxasından sallaşıb gülüşməyimiz. İsgəndər əminin göycəsini daşlayıb, kişi xəbər tutana kimi arxın qırağına tökülən alçaları cibimizə yığıb qaçmağımız. Elə bil dünən olmuşdu dəmir yolunun üstüylə yay klubunda hind kinosuna baxmağa getməyimiz... Çox şeylər qalıb yadımızda, çox şeylər...

Müharibə dövrünün uşaqları böyüdü, torpağını yağı düşməndən azad elədi, üç rəngli müqəddəs bayrağını Şuşa qalasına sancdı. Vətənimiz qurtuldu, bütövləşdi! Bir möcüzə baş verdi. Ali Baş Komandanımızın dediyi kimi biz buna dəmir yumruğun sayəsində nail olduq. İndi bir duamız var - o dəmir yumruq həmişə möhkəm olsun, o dəmir barmaqlar heç vaxt boşalmasın! Əmim oğlunun dörd balası da daxil olmaqla Azərbaycanın gül balaları bundan sonra heç vaxt müharibə görməsin!

Bizim kəndin bir nömrəli orta məktəbi Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adını daşıyır. O həmin Gəray Əsədovdu ki, uzaq Rumıniya torpağında hücuma keçən rotasını qorumaq üçün sinəsini faşist pulemyotunun qabağına verib sovetlər ölkəsində əfsanəyə çevrilən qəhrəmanlıq göstərmişdi. Bu hadisə 1944-cü ilin payızında olmuşdu. Üstündən yetmiş ildən çox vaxt keçəndən sonra 2020-ci ilin payızında onun adını daşıyan məktəbin yetirmələri yenə də faşizmə qarşı Vətən müharibəsinə qalxdı və qəhrəman oldular. Bu, təsadüf deyil. Biz tarixi unutmamışıq, lakin yağı düşmən nəticə çıxarmağa tələsməlidir. Nəticə çıxarmalıdır ki, bu torpağın qəhrəmanları tükənməzdir, Azərbaycanın dörd bir yanında sevgili Vətəninin namusunu hifz etməyə cümlə gənclər həmişə müştaqdır!

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Qürur duyuruq ki, vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbçilər arasında əmim oğlunun da adı var - İmran Cahangir oğlu Məmmədli “Vətən uğrunda” medalı ilə təltif edildi.

İmran, Şahsevən elinin şəhidlik məqamına yüksəlmiş oğulları ilə birgə nur içində yat! Sənin də, şəhid qardaşlarının da qanı yerdə qalmadı, qisasınız alındı! Xatirəniz müqəddəsdir! Nə qədər ki, bu xalq, bu dövlət, bu bayraq var Sizlər bizimlə olacaqsınız!

Natiq Məmmədli

# 7317
avatar

Oxşar yazılar