Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri ilə bağlıdır.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən Lent.az-a bildirilib ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
"a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək;
b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək;
c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək;
ç) əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək;
d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək;
e) Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə - 14 təqvim gününədək;
ə) insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək;
f) doktoranturada (adyunkturada), təhsil alan işçilərə -1 təqvim ayınadək;
g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə - 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim günü;
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək;
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək".