O evin ilk qonağı Prezident olmuşdu - Lent.az Şamaxıdan yazır...
14 iyun 2021 14:05 (UTC +04:00)

O evin ilk qonağı Prezident olmuşdu - Lent.az Şamaxıdan yazır...

“Dəhşətli gün idi. Evə baxdım dedim ki, ay Allah, indi biz bunu təzədən necə tikəcəyik? Heç ümidim yox idi, düzü”.

Amma bir ayın içində yeni evlərinə köçdülər onlar. Lap nağıllarda olduğu kimi...

Şamaxıdayıq. Əslində, bura səfərimizin məqsədi başqaydı. Şəhərin qədim küçələrindən olan Salman Mümtazı keçəndə sürücümüz dillənir: “Bax, o ev rəhmətlik Saray nənənin evidi. Prezident şəxsən özü qonaq gəlmişdi o vaxt həmin evə”.

2019-cu il. Fevralın 5-dən 6-na keçən gecə Şamaxıda yer-göy titrəyir. Əsrlərdi zəlzələlərin titrətdiyi Şamaxını o dəhşətli təbiət hadisəsi gecə vaxtı haqlayır. Kimi evində şirin yuxusundadır, kimi çayını içə-içə televizora baxır. Amma baş verən zəlzələ hamının çölə qaçmasına səbəb olur. Evlərin bəziləri dağılır, bəziləri yararsız hala düşür.

Prezident İlham Əliyev zəlzələdən sonra Həsənovlar ailəsini ziyarət edir

Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyev şəxsən özü bu ərazilərə baş çəkir. Onun tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində zəlzələnin fəsadları aradan qaldırılmağa başlayır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malik olur.

Həmin vaxt qəzalı evlərin sayı 847 idi. Ümumilikdə isə 547 ev yenidən tikiləcəkdi. Ən qısa zamanda Şamaxı şəhəridə müxtəlif səbəblərdən yerində tikintisi mümkün olmayan fərdi yaşayış evlərinin sakinləri üçün dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli yaşayış binalarının tikintisinə başlanılır.

Hə, ölkə başçısı zərərçəkmişlərin evində olur. Rayonda ən çox zədə görən evlərdən biri də elə Saray nənənin yaşadığı həmin ocaq idi. Ev dağılmış, çarəsiz Saray nənə övladları, nəvə və nəticələri ilə küçədə qalacağını düşünürdü. Amma elə həmin gecə onlar müvəqqəti evlə təmin olunurlar. Bircə ay keçmir ki, dağılmış evin yerindən ondan da böyük, təmirli və əşyalarla dolu bir ev təhvil verilir onlara. Həm də Prezidentin özü tərəfindən. Öz əli ilə qoyur Saray nənənin ovcunun içinə evin açarlarını: mart ayının 7-də. Saray nənənin sevinci yerə-göyə sığmamışdı onda. Təzə evinin ilk qonağı da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva olmuşdu.

Prezident İlham Əliyev,birinci xanım Mehriban Əliyeva və Saray Həsənova

***

Saray nənə: Xoş gəlmisiniz. Canım qurban, gələn ayaqlarınız var olsun.

Prezident İlham Əliyev: Necəsiniz?

Saray nənə: Sağ olun, qadan alım. Mehriban xanıma canım qurban.

Birinci xanım Mehriban Əliyeva: Salam. Çox şadam.

Saray nənə: Nəvəli-nəticəli olasan, ay qızım. Mənim qədər nəvə-nəticə görəsən. Mən görmüşəm, Allaha şükür. Gələn ayaqlarınıza qurban olum.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun, Allah sizə uzun ömür versin.

Saray nənə: Elə bil ki, Siz gəlişinizlə məni götürüb dağın başına qoymusunuz, qeyrətli balam. Çox sağ ol, çox var ol. Bizim üçün hər şey etmisiniz. Allaha çox şükür ki, gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Necə ola bilərdi ki, gəlməyək.

Saray nənə: Allah haqqı mən bilirdim ki, İlham gələcək. Gələn ayaqlarına canım qurban, gəldi də, hər cür şəraiti yaratdı da. Bir ana kimi mənim hər bir sözümü də yerinə yetirdi. Gələn ayaqlarına bu canım qurban.

Mehriban Əliyeva: Mənə sizdən o qədər danışırdı ki, gözləyirdim, nə zaman gəlib sizinlə tanış olacağam.

Saray nənə: Sizin qadanızı alaram. Sağ olun ki, gəlmisiniz, mən də Sizi gözləyirdim. Mən Sizi çox istəyirəm.

Prezident İlham Əliyev: Bir ay keçdi, yenə görüşürük. Bir ay keçdi gəldim. Bir aydan sonra artıq sizin üçün gözəl ev hazırdır.

Saray nənə: Sağ olun, Sizin sayənizdə. Mən Allaha inandığım kimi bilirdim ki, gələcəksən.

Hə, bu söhbət də elə çay süfrəsi arxasında baş tutmuşdu. 100-dən çox yaşı olan Saray nənə ömrünün bu ahıl çağında bəlkə də ən xoşbəxt günlərini yaşayırdı. Amma çox təəssüf ki, bu gün bizi Saray nənə qarşılamır. Üç ay öncə vəfat edib deyir gəlini Sevda xanım. Və həmin günlərdən bəhs edir bizə. Gözlərində eyni sevinc, səsində eyni həyəcanla.

Sevda Həsənova və Lamiyə Məmmədova

“Evimiz bərbad hala düşmüşdü. Çox pis vəziyyətdə idi. Həmin gecə hamımız evdə idik. Bütün ailə. Özümüz, uşaqlar, yüzə yaxın yaşı olan qaynanam. Bəxtimiz orda gətirdi ki, ev çölə tərəf uçulub töküldü. Əgər içəri tərəf dağılsaydı, onda ölüm hadisəsi də olardı. Dəhşətli gün idi. Evə baxdım dedim ki, ay Allah, indi biz bu evi təzədən necə tikəcəyik? Heç ümidim yox idi. Özümüz fəhlə ailəsiyik. Təzədən ev tikmək nədir, heç köhnəni də təmir edə bilmirdik. Amma çox şükür hər şey yaxşı oldu. Allah cənab Prezidentimizin canını sağ eləsin. İcra hakimiyyəti də sağ olsun. Bizi evlə təmin etdilər. Hər şəraiti olan bir ev idi. Biz də ailəliklə köçdük ora. Düz bir ay qaldıq orda. Prezident ev dağılan vaxt da gəlmişdi. Bir aydan sonra da evin tikildiyi vaxt gəldi”.

İnana bilmədiyini deyir Sevda Həsənova.

“Heç inana bilmirdim. Heç təsəvvür də etməzdim. Yuxu kimi idi. Evin açarlarını verdilər bizə. Evə girdim gördüm hər şey yüksək səviyyədə təşkil edilib. 2019-cu ilin 8 mart günündə evi bizə verdilər. Köhnə, təmirsiz, şəraitsiz evdən belə bir evə yerləşdik. Onu yeniləmək üçün biz illərlə işləməliydik. İki mərtəbəli, təxminən 1945-ci ildə tikilən bir ev idi. Düzdü, burada çox evə zərər dəymişdi. Amma ən çox bizim evə. Bu ev digərindən daha böyükdür. 4 otağı var. Hər bir şəraitlə təmin olunub. Yeni əşyalarla da. İnanmazdım ki, nə vaxtsa Prezident bizə gələr. Elə bil yuxu görürdük".

Yasəmən Yusifova və Lamiyə Məmmədova

Köhnə evləri dağılandan sonra yeni birisinin tikiləcəyinə, daha doğrusu tikə biləcəklərinə inanmayan təkcə Sevda xanım deyil. Qonağı olduğumuz Yasəmən xanım da bütün bunların yuxu olduğunu düşünürdüm deyir.

“Ev köhnə idi. Yanındakı bu ev sonradan tikilib təmir olunub. Ona görə də o zəlzələdən çox zərər görmədi. Amma köhnə evimiz dağıldı. Elə deyirdik ki, təmir edərik sonra oğluma toy edərik. Amma köhnə ev olduğuna görə pul tökməyə də dəymirdi. 80 il əvvəl tikilən ev idi. Palçıqdan qurulma. Gecə zəlzələ olanda da elə ən çox bu ev zədə gördü. Sonra yenisini tikdilər. Allah Prezidentimizə can sağlığı versin. Bizə belə, hər şəraiti yerində bir ev tikdirdi. Vallah heç ümidimiz yox idi. Qışın günündə qalardıq çöldə. Təzədən ev tikmək üçün illər lazım idi. Hər işdə bir xeyir var imiş. 6 ay içində evimiz hazır oldu. Başımıza gələn bu hadisə bizə bu cür gözəl ev nəsib etdi. Ondan sonra da oğluma toy edib, gəlinimizi gətirdik”.

Yeni ev hər iki ailəyə uğur, sevinc gətirir. Sevda xanımın elə öz adını daşıyan nəvəsi doğulur, Yasəmən xanımın isə ocağına gəlin gəlir...

Yolumuz isə Məlhəmədi. Niyə məhz ora? Hə, bu artıq başqa bir söhbətin mövzusudu...

Lent.az-da qalın...

Bakı-Şamaxı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7773
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar