Narkotik istifadəçilərinin sayı RƏSMİ GÖSTƏRİCİLƏRDƏN  çoxdur
30 noyabr 2021 17:56 (UTC +04:00)

Narkotik istifadəçilərinin sayı RƏSMİ GÖSTƏRİCİLƏRDƏN çoxdur

“Narkomaniya cinayətkarlığın artmasına səbəb olur və bütövlükdə milli təhlükəsizliyə təhdiddir”.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.

Onun sözlərinə görə, narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur: “Cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55600 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərindən 2193-nün istifadəçi olması müəyyən edilib”.

İ. Hümbətov qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir: “Müxtəlif dini tədbirlərdə də antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar. Eyni zamanda, narkotik istifadəçisi olmuş və sonradan norma həyata qayıtmış şəxslərlə media sahəsində müsahibələr təşkil olunması da bu mübarizənin bir növü olardı. Ölkənin inzibati rayonlarında yaşayan gənclərin işlə təmin olunması, həmin rayonlarda idman və digər sahələrin inkişaf etdirilməsi nəticəsində həmin gənclərin boş vaxtının qalmasının qarşısı alına bilər. Təhsil müəssisələrində narkotiklə bağlı tibbi müəssisələrin təşkil edilməsini təklif edirik. Narkotiklə əlaqədar cinayətə görə həbs edilmiş şəxslərin digər məhbuslarla bir yerdə saxlanılması da məqsədəuyğun deyil. Çünki onlar digər məhbusların ailə üzvləri ilə əlaqələr quraraq ölkədə narkotikin yayılmasına cəhd edirlər. Narkotiklə mübarizə üçün təkliflərimiz əsasında tərəfimizdən hazırlanan qanun layihələri Nazirlər Kabinetinə təqdim edilib”.

# 3150
avatar

Oxşar yazılar