Bu dəfə dostların və oğlunla birlikdə yazırıq.

Salam Səbuhi. Sənin fotonun çərçivəsinin üzərindəki qara lenti söküb atmamaq üçün özümlə savaşa çıxmışam. Yoxdu... Yox, var, var, var... “Əfsanələr” yox olmur axı. Hətta məni qıcıqlandıran o qara lent belə sənin gülməyinə mane olmur. Özü də bic-bic, təkəbbürlü baxışlarla, “rayonski uşaqlar” deyib gülürsən. Lap meydan oxuyar kimi – “məni yox edə bilməzsiniz”. Şəklin elə bir yerdədi ki, redaksiyada ən çox müxbirlər tərəfə baxırsan. Hər gün olduğu kimi, yenə deyinirsən: “Eh, sizdən jurnalist olacaq mən də görəcəm”.

Onlar jurnalist oldular, Səbuhi, hətta biri sənin həsrətlə gözlədiyin mediamızın 150 illik yubileyini belə qeyd etdi və bununla yanaşı, medalını da aldı. “Atam-atam” dediyin Mehman, gözümçıxdıya salaraq öyrətdiyin o gənc indi özündən sonra gələnlərə yol göstərir. Görürsənmi bəs? Elə bil əvvəlcədən bilirdin ki, bunları görməyəcəksən. Ən azı dünya gözü ilə...
Mən inanıram ki, görürsən. Buna inanmağı seçmişəm. Ona görə də hər gün sənə salam verirəm, hətta aramızdan bu vaxtsız gedişin günahkarı özün olduğun üçün qarana deyinirəm də. Azər Hüseynbala da dodağının altında, “etibarsız, bizi qoyub getdi” - deyir. Sonra da sənsiz qəribsəyən gözləri ilə fotoya baxıb, bu dəfə uca səslə, “əl çək ondan” deyə üstümə çəmkirir. Hafiz Heydərov da deyir ki, siz zarafat eləməyin, bir də gördünüz gəldi ki, sizi nə aldatdım! Beləcə yarı var, yarı yoxmuş kimi hamılıqla səninlə nəsə danışırıq. Görürsən yəqin. Bu mənim acılarla mübarizə üsulumdur. Yox olduğunu həzm edə bilmərəm. Elə ən yaxşısı varsan kimi yaşamağa davam etməkdir.

Hafiz bəy hər dəfə xəstəxanadan qayıdanda deyirdi ki, Səbuhi 3-4 günə gələcək işə
Hərdən var olduğuna qapılıb gedirəm və düşünürəm ki, fotodakı köynəyini, jaketini artıq dəyişmək lazımdır. Gör neçə vaxtdı üstündə qalıb. Kaş imkan olardı, onları yeniləyərdik. Sən siqaretsiz qala bilmirdin, uşağın birinə alışqanını, birinə siqaret qutusunu gətizdirirdin, yan otaqdan Ulucayı da çağırırdın ki, gəl mənim arabamı sür, gedək dərdləşək, dərdiş. Qazaxlı həmkarına beləcə söz də atardın. Özündən çox foton oturub indi işdə.
Burda olsaydın, bir yolunu tapıb İrana getmişdin indi, hətta ora getmək üçün başına əmmamə bağlasan belə təəccüblənməzdim. Sənin başqa işlərini bir yana qoysaq, yazı, reportaj hazırlamaq üçün nə qədər həvəsli olduğunu hamı görürdü. Getdiyin yerdə səni ən çox incidən də bu yazıları, oxucularını yetim buraxmağındır yəqin. Birinin üstünə beşini qoyub, amma o beşini də elə gözəl istedadla yazardın ki, hamımız heyran qalardıq.
Sənin yazılarının heyranlarından, əksər reportajlarının ilk oxucularından biri olan “əbədi və əzəli redaktorumuz” deyə çağırdığım Qabil Abbasoğlu da, məktubumuza öz qeydlərini elədi:

Vüsalə Mahirqızı, Qabil Abbasoğlu və Səbuhi Lent.az-ın redaksiyasında
“Səbuhi mənim jurnalistika ömrümün ən parlaq obrazlarından biridir. Həm şəxsi dostum, həm dəyər verdiyim, yaradıcı ağlına hörmət etdiyim jurnalist idi. İndi gənc jurnalistlərə təlim keçirəm, baxıram ki, hər hansı janr barədə danışanda nümunə kimi Səbuhinin yazılarını rahatca göstərmək olur. Bu, onun ustalığının göstəricisidir. Şəxsi və işgüzar xatirələrim çoxdur, lap çox. Amma Səbuhini təbəssümlə xatırlamaq istəyirəm, ona görə bir epizodu danışacam. Şair, jurnalist, ağsaqqal dediyimiz Böyükkişi Heydərlinin yas mərasimindəydik. Onunla illər uzunu bərabər çalışdığımız “Yeni Müsavat”ın kollektivi bir arada oturmuşuq, hamımız da, təbii ki, kədərli, üzgün. Birdən Səbuhi qayıtdı ki, demək, Böyük bəy də getdi... İndi növbə bizimdi... Bunun dedi və üzümüzə baxdı. Sonra da sağa-sola boylandı, özündən yaşlıları görüb, ürəkləndi və bu dəfə təbəssümlə, sevincək düzəliş etdi: “Əşi yox e, hələ bizdən qabaqda Rauf var, Şirzad var, Qabil var”. O anda məclisdəki hüzn səmimi bir pozitivliklə əvəz olundu. Heyf, bu təbii sıralama pozuldu, bizdən gənc olan Səbuhi bizi əvvəl tərk etdi. Yaşayarkən işi, həyatı yazıya gəlməyən o qədər adam var ki. Amma Səbuhi ölümü ilə də yazdırır hamımıza, tükənmir, özü demişkən, “mövzu verir”. Onu həmişə işıqlı xatirələri və təbəssümlə xatırlayacam...”
Qabil bəy, işdə nəsə bir fikir söyləyərdi, Səbuhinin də ürəyincə olan kimi çönüb otaqdakılara deyərdi:
“Bax ağıl buna deyərəm, ona görə, o, orada oturub (baş redaktor kürsüsünü göstərirdi) biz burda”.
Hə, sənə kimdən deyim? “Qardaşoğlu” dediyin Səlcuq Elçin yazılarının bəzək-düzəyini daha gözəl izah edir.

Səlcuq və Səbuhi
Haşiyə
Jurnalist Səlcuq Elçinin atası tanınmış yazar, media adamı Elçin Quliyev (Elçin Səlcuq) idi. Onun bütün dostları ilə çox səmimi aparırdı özünü. Hətta ərk edirdi, balaca canı ilə hamımıza dediyini elətdirəcəyinin fərqindəydi çünki. O boyda Elçinin xətri var axı. İndi o, əmi dediyi Səbuhi Məmmədlidən belə danışır:
“Səbuhi Məmmədli, daha səmimi desəm əmi ilə hər anın özü bir xatirəydi. Çünki istedadlı, ustad jurnalist olmaqla yanaşı, o qədər zarafatcıl idi ki... Hər fasilədə, siqaretə çıxanda başına gələnləri elə xoş duyğularla danışırdı ki, onların hamısı indi də yadıma düşür, gülürəm. Bax, adicə “reket” jurnalistlərə “Mematilər” deməsi kifayətdir. O tip jurnalistlər mənim də yaddaşımda elə qalıb. Hardasa nəsə onların adı keçəndə, deyirəm ki, hə, Səbuhi əminin “Mematiləri”.
Səbuhi əmi çox istedadlı reportyor idi. Getmədiyi yerdən elə şeylər yazırdı ki, oxuduqca adam həmin yeri ziyarət etmiş kimi olurdu.
Bir az ayıb olacaq, amma bir məsələ də yadımdan çıxmır. Mineral su alıb, içindəki suyu boşaldırdı, sonra içinə araq tökürdü. Bunu ona görə edirdi ki, hamı işdə, ailədə, dostlar arasında onun içməyini istəmirdi. Özünü və bizi beləcə aldadırdı. Su kimi içirdi, ağzını da turşutmazdı. Heç kim inanmazdı ki, o araq içir. Allah rəhmət eləsin sənə, əmi. Yerin elə görünür ki... Dəfn etdiyimiz gün necə bir əmi, eləcə də dost itirdiyimi anladım. Şəkil olmuşdu, o nəhənglikdə Səbuhi Məmmədli...”

Səbuhinin şəkil olduğu gün
Hə Səbuhi, bu da bizim balaca, şirin və dəcəl kimi qəbullandığımız Səlcuq. İndi xatirələrini bölüşəcək qədər böyüyüb.
Səlcuğun xatirələrini oxuyurdum, birdən yadıma düşdü ki, sənə ən çox yol yoldaşlığı edən jurnalistlərdən biri də Rey Kərimoğlu olub. Zəng elədim, səsi əsdi adını eşidəndə. Həmin an danışmadı, dedi bacı, gözlə axşam rahat danışım ey, ürəyim doludur:
“Səbuhidən aylarla dayanmadan danışaram. Demək, əslində Səbuhi ilə nə vaxt tanış olduğumuzu heç birimiz xatırlamırdıq. Bir də onda ayıldıq ki, möhkəmcə dostlaşmışıq.
3 ilə yaxın Səbuhi ilə “Yeni Müsavat” qəzetində çalışdıq. Xeyli layihələrimiz oldu birlikdə. Azərbaycanın rayonlarına, hətta xarici ölkələrə də gedirdik. Dağıstana, Türkiyəyə getmişik. Bu səfərlərdəki xatirələri cəmləşdirsək, bir kitabdan çox olar. Onunla işləyə-işləyə çox şey öyrəndim. Onun reportyorluqda xüsusi dəsti-xətti var idi. Mənə “Rey baba” deyirdi. Bu cür bir yazı da yazmışdı. İndi dostlar arasında məni elə belə də çağırılar. O vaxt Türkiyənin İqdır şəhərində insan alveri, daha dəqiq desək, əxlaqsızlığa cəlb edilən azərbaycanlı qadınlar barədə məlumatlar var idi. Biz də oradakı vəziyyətlə bağlı reportaj yazmağa gedirdik. Naxçıvanda avtobusa minəndə gördük ki, burda kişi cinsində bir sürücüdü, bir də biz. Qalanı hamısı zənən xeylağı idi. Onların arasında normal sərnişinlər olsa da, yüngül həyat tərzi keçirənə bənzəyənlər çoxluq təşkil edirdi. Bir ana var idi, qazaxıstanlı, İstanbulda ailəli olan qızının yanına gedirdi. Çox abırlı təsir bağışlayırdı. Kübarlığı, intellektli olduğu hiss olunurdu. Səbuhi əl çəkmədi ki, gəl bununla bir şəkil çəkdirək. Çəkdirdik. Oradakı əxlaqsız yuvası kimi tanınan otellərdən, çox ağır işdə çalışan azərbaycanlı fəhlələrimizdən reportaj hazırlayırıq. Nəsə, gəldik. Səbuhi usta yazar kimi, bunları yazıya alır. Mən də əlavələr etmək üçün yazıya baxıram. Demək, əli gəlməyib bizim azərbaycanlı qadınlar haqqında həqiqəti yazmağa, onları biabır etməyə və bu şəkil çəkdirdiyimiz qadından yazıb. Özü də nə yazıb? Reportajda qeyd edib ki, biz onu otelin lobbisində müştəri gözləyərkən gördük. Necə əsəbiləşdimsə, dedim vicdanın olsun. Dedi onu kimdi tanıyan burda özümüzünküləri necə yazım, axı biabırçılıqdı...
Bir dəfə də Dərbənddə az qala döyülürdük. Bir maşının üstünə “Sadval” yazılmışdı. Səbuhi taksini saxlatdırdı ki, dayan, bunu çəkəcəm. Bir də gördük sadvalçılar hücuma gəlirlər. Maşına minib necə qaçdıqsa. Orda Hacı Məmmədovun oğurlatdırdığı Abuzər Abuzərovla bağlı bilinməyən faktlar əldə etdik.

Səbuhi və Rey səfərdə
Bir dəfə də “quş qripi” yayılan vaxtlar idi. Rəsmilər deyir ki, bəs toyuq, yumurta icazəsiz satıla bilməz. Səbuhi dedi, gəl özümüz yoxlayaq. Marketdən 3 broyler toyuq aldı, bir neçə dənə də yumurta. Bir möhür tapıb, toyuğun ora-burasına tərsinə formada vurdu. Sonra küçəyə çıxanda yumurtaları torpağa bulaşdırdı, üstünə lələk də yapışdırdı. Dedim bu nədi, dedi bəs kənddən gətirmişik də. O, çox yaradıcı yanaşırdı işinə. Bunları aparıb “Yaşıl bazar”da, bir yeşik tapıb, üstünə düzdük, indi satırıq. Səbuhi də qışqırır ki, gəlin, “quş qripi”nə yoluxmamış toyuq, yumurta var. Orda bir konsert oldu ki... Bizi gəlib tutub apardılar bazarkomun otağına. Elə bildilər ki, bazarı şantaj etmək məqsədi ilə gəlmişik. Nəsə, polis gəldi, bizi apardı. O vaxt Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov idi. İmkan tapıb tez ona zəng etdim ki, bu jurnalist layihəsidir, şantaj deyil. Amaşov işə qarışandan sonra bizi azad etdilər.

Polisdən çıxıb Amaşova məlumat verirlər
Bir dəfə də Gəncədən bir reportaj hazırlamışıq. Bir əsgəri döymüşdülər. Demək, hamını tənqid etmişik yazıda, təkcə bir prokuroru tərifləmişik ki, bu vicdanlı çıxıb işi araşdırıb. Gəldik ki, bizi məhkəməyə veriblər. Səbuhi məhkəmə kağızını oxuyanda gördüm dəli olub. Deyir, baba, hamını tənqid edib bircə adamı müdafiə etmişik o da bizi məhkəməyə verdi. Bunu həmişə deyirdi, sonra da gülürdü...”
Hə, Səbuhi, çox tanış səhnələrdi. Səninlə həyat beləcə macəralı idi. Olmayanda özün yaradırdın. Sən insanı darıxmağa qoymazdın. Anadolu türklərinin bir sözü var: “Rahat sənə batır”, heç rahatlığı sevmədin, heç onun üçün mübarizə aparmadın. Bu xasiyyətini oğlun Ramal kimi heç kəs açıqlaya bilməz. Səni soruşdum onda. Elə şeylər yazdı ki... Sənin fəndlərinlə, başqa hadisədən danışıb ustaca əslində nə demək istədiyini söylədi. Oxuyanda bir ah çəkdim ki, eşitməmiş olmazsan.
Ramalın atası barədə yazdıqları:

Səbuhi və oğlu Ramal
“10 yanvar.
Türkiyənin ən böyük derbisi. Uşaqlıqdan dəli kimi sevdiyim “Qalatasaray” əzəli rəqibi ilə finaldadır. Uduzacaqlar. Bilirəm ki, uduzacaqlar.
Bu, ilk dəfə deyil. “Qalatasaray” uduzmağı tanıyır. Mən də.
Amma yenə də bir nəfər var idi — hamının ümid bağladığı bir nəfər. Osimhen.
Dərd də elə buradadır: uzaqdadır.
Bəlkə də ən çox lazım olan anda yoxdur.
Milli komandadadır. Mərakeşdə. Nigeriya üçün oynayır. Yorulur. Tər tökür.
Haqlıdır. Millisidir. Ailəsidir. Qınamaq olmaz.
Kənardan rəqibi dəstəkləyən dostlarımın sevinci var, ara-sıra mənə atılan o yarızarafat, yarıyaralı cümlələr:
“Osimhensiz bacarmırsız?”
Və məndən gələn o əzik, amma içdən cavablar:
“Olsaydı, udardıq.
Çox yox… cəmi 10 dəqiqə oynasaydı, udardıq.”
“Qalatasaray” bacarmadı.
Amma beynimdə dolaşan məğlubiyyət deyil. Uşaqlığımdan qopan qəribə, ağır, səssiz fleşbeklərdir. Vyetnam səhnələri kimi — nə vaxt başladığını bilmirsən, amma nə vaxt bitdiyini də.
Səbuhi Məmmədli də uzaqdadır. Elə Osimhen kimi. Həmişə ən vacib oyunlarda uzaqdadı.
Lazım idi. Olsaydı, udardım.
Səbuhi Məmmədli futbol oyunun çox yox 10 dəqiqəsinin həyatım(a)ıza nisbəti qədər yanım(ız)da olsaydı “udardıq(m)”.
Sən dirildib döymək olsaydı, nə gözəl olardı. Uzaqdasan və biz repartyorluqda qələbə qazana bilmirik. “Rayonski uşaqların” məktubunu alanda xəbər elə.
Azərbaycan jurnalistikasının istedadlı, yaddaşlarda silinməyəcək reportyoru Səbuhi Məmmədlini itirməyimizin 2-ci ildönümüdür. Ruhun şad olsun, narahat adam, səmimi dost, istedadlı həmkar...