Milli mənlik  şüuru hansı yaşdan formalaşır? - Vətənpərvərliyin aşılanmasının YOLLARI
09 yanvar 2026 17:14 (UTC +04:00)

Milli mənlik şüuru hansı yaşdan formalaşır? - Vətənpərvərliyin aşılanmasının YOLLARI

0

Gənc nəslin milli mənlik şüurunun formalaşması və vətənpərvərlik hisslərinin tərbiyəsi bu gün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə müasir dövrdə qloballaşmanın təsiri, sosial şəbəkələrin informasiya mühitini sürətlə dəyişməsi və gənclərin dünyagörüşünün əvvəlki nəsillərlə müqayisədə fərqli istiqamətdə formalaşması bu məsələyə yanaşmanı daha da həssas edir. Çünki vətənpərvərlik təkcə şüar və emosional çağırışlardan ibarət deyil, gəncin öz kimliyini dərk etməsi, aid olduğu xalqın tarixinə, dilinə, mədəniyyətinə bağlılıq hissi və cəmiyyət qarşısında məsuliyyət anlayışı ilə birbaşa əlaqəlidir.

Bəs gənclərdə vətən sevgisi necə formalaşmalıdır, bu hissin davamlı olması üçün hansı psixoloji və pedaqoji üsullar daha effektivdir, dövlət və təhsil sistemi bu prosesdə hansı rolu oynamalıdır?

Psixoloq Nizami Orucov Lent.az-a açıqlamasında qeyd edib ki, zorla öyrədilmiş vətənpərvərlik bəzən müqavimət və emosional məsafə yaradır:

Bizdə kişilərə çox sərbəstlik verilir" - Nizami Orucov | sfera.az

“Milli mənlik şüuru uşaqlıqda formalaşmağa başlayır. Təxminən 6–12 yaş arası uşaqlar həm öz fərdi kimliklərini, həm də aid olduqları qrup və cəmiyyətlə əlaqələrini öyrənirlər. Məktəb mühiti, valideyn nümunəsi və mədəniyyət uşağın milli dəyərləri qavramasında böyük rol oynayır. Yeniyetməlik dövründə isə bu şüur daha kompleks və şüurlu olur; gəncin artıq öz milli kimliyi və vətənpərvərlik hissi özü çıxmağa başlayır etməyə başlayır.

Uşaqlara vətənpərvərlik hissi aşılanarkən əsas odur ki, bu zorla deyil, təcrübə və nümunə yolu ilə həyata keçirilsin. Valideyn və müəllimlər gündəlik həyatlarında milli dəyərləri nümayiş etdirməli, uşaqların da bu fəaliyyətlərdə iştirakını təşviq etməlidirlər. Müzakirələr aparmaq, suallar verməyə imkan yaratmaq, uşağın öz hiss və fikirlərini ifadə etməsini təmin etmək də çox önəmlidir. Həmçinin kollektiv fəaliyyətlər, bayramlar və mədəniyyət tədbirləri uşaqlarda həm milli mənlik, həm də sosial məsuliyyət hissini gücləndirir.

Zorla vətənpərvərlik uşağın daxili motivasiyasını əks etdirmədiyi üçün bir sıra risklər yarada bilər. Uşaq əks reaksiyalar göstərə, hisslərini səthi qura bilər və milli dəyərlərlə münasibətdə daxili bağlılıq formalaşmaya bilər. Həmçinin zorla öyrədilmiş vətənpərvərlik bəzən müqavimət və emosional məsafə yaradır, uşağın milli kimliyə qarşı təbii marağını zəiflədə bilər”.

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında qeyd edib ki, milli mənlik şüurunun inkişafı üçün xüsusi proqram qəbul edilməlidir:

Ceyhun Məmmədov: Elmə ayrılan vəsait artırılmalıdır - Muallim.edu.az

“Qarşımızda duran ən vacib məsələlərdən biri gənc nəslin vətənpərvər ruhda yetişdirilməsidir. Yəni məktəblərin və ali təhsil müəssisələrinin funksiyası yalnız bilik vermək deyil, eyni zamanda vətənpərvər və milli şüurda gəncliyin yetişdirilməsidir. Hazırda bu istiqamətdə müəyyən işlər görülür, lakin bununla kifayətlənməməli, daha çoxunu etməliyik. Burada davamlı olaraq yüksək səviyyədə ideoloji iş aparılmalıdır. Məhz vətənpərvərlik və milli mənlik şüurunun inkişaf etdirilməsi ilə bağlı xüsusi proqramın qəbul edilməsinə zərurət var. Bu məsələni Parlamentdə də qaldırmışam. Ailə dəyərlərinin qorunması, milli-mənəvi dəyərlərin təbliği və bu istiqamətdə səylərin gücləndirilməsi vacibdir”.

Pedaqoq Aysel Rəsulzadə Lent.az-a açıqlamasında bildirib ki, uşaqlara vətənpərvərlik və milli kimlik hissini sevgi və təhlükəsizlik yolu ilə aşılamaq lazımdır:

“Milli mənlik şüuru mərhələli şəkildə formalaşır və 3 yaşdan başlayır. 3-6 yaş emosional tanışlıq mərhələsidir. Burada uşaq millət, xalq, vətənpərvərlik, vətən anlayışını dərk etmir, amma dil, bayraq, şəhidlər, nağıllar, kitablar, ailə dəyərlərini anlayır. Bu mərhələdə sadalananların sevgi və təhlükəsiz formada aşılanması çox vacibdir.

6-9 yaş arası mənimsəmə mərhələsidir. Uşaq bu yaşda “mən”dən çıxıb, xalq, millət anlayışlarını dərk edir. Onları isə uşaqlara şəkillər və digər əyani vasitələrlə izah etmək lazımdır. Valideyn və müəllim nümunəsi uşaq üçün doğru olmalıdır. 9-12 yaş arasında uşaqlarda “mənlik” və “kimlik” axtarışı mərhələsi başlayır. O özünə sual verir ki, mən kiməm? Uşağın bu sualları mütləq, doğru formada cavablandırılmalıdır, çünki sağlam milli kimlik və milli qürur bu yaşda başlayır.

12-18 yaş arasında isə yeniyetmələr şüurlu seçimlər edirlər. Hər şeyi sorğulayır, hesabat aparır. Əvvvəlki mərhələlər doğru formada aparılıbsa, artıq sözün əsl mənasında vətənpərvərlik hissi o yeniyetmədə tam formalaşmış olur. Əks halda isə ya korkoranə itaət edirlər, ya da ümumiyyətlə bu mövzuları inkar edirlər”.

Bəs görəsən, ağlam və davamlı vətənpərvərlik tərbiyəsi üçün hansı psixoloji üsullar effektivdir?

A.Rəsulzadə qeyd edib ki, vətənpərvərlik tərbiyəsində ilk növbədə uşaq düzgün nümunədən bəhrələnməlidir:

“Uşaq və gənc deyiləndən daha çox gördüklərinə inanır və onu qavrayır. Valideyn, müəllim, digər öyrədənlər qanunlara sözün həqiqi mənasında hörmət edirlərsə, vətənpərvərlik sevgisi həm sözdə, həm də əməldə göstərirlərsə, bu zaman uşaqlara doğru nümunə olduqlarını söyləmək olar.

Uşaqların “Biz vətəni niyə sevməliyik?”, “Mən bu ölkəyə nə verməliyəm?” sualları cavabladırılmalıdır ki, o, gənc yaşına çatanda, milli kimlik və vətənpərvərliklə bağlı qərar qəbul edəndə, bu sualların cavabını sağlam formada özünə izah edə bilsin. Zorakılıqla, qorxulu formada yanaşma üsullarından istifadə etməklə vətənpərvərliyi aşılayıb, doğru nəticə əldə etməkdən söhbət gedə bilməz. Vətənpərvərlik hissinin zorla aşılanması bir çox psixoloji risklərlə nəticələnə bilər. Yeniyetməlikdə uşaqda vətən, milli kimlik anlayışı ilə bağlı mənfi reaksiyalar ortaya çıxır. Görünüşdə vətənpərvər kimi görünüb, reallıqda isə məsuliyyətsiz, vəzifələrini yetirməyən vətəndaşa çevrilirlər. Bu hissin kökündə qorxu olmamalıdır. Daxili konfilikt, ikili davranış vətənpərvərliyin, milli kimliyin doğru aşılanmamasını göstərir. Daxili konfiliktin psixoloji fəsadlarından biri özünə inamsızlıq, nə düşündüyünün fərqində olmamaq, kimliyin zəifləməsidir. İnamı olmayan insan isə həmin hissi başqalarına da ötürə bilmir. Onda vətən, dəyər, məsuliyyət anlayışları formal xarakter daşıyır. Gənclik dövründə isə həm özü, həm ailəsi, ümumilikdə cəmiyyət və dövlət üçün sağlam vətəndaşın yetişdirilməməsi ilə nəticələnir. Bunun isə fəsadları qlobal səviyyədədir.

Bir sözlə, milli kimlik uşaqlara, gənclərə əzbərlədə biləcəyimiz şüuraltı bir şey deyil. Uşağın özünü təhlükəsiz, rahat və aidiyyatlı hiss etdiyi vətənə, torpağa qarşı yaranan məsuliyyət hissidir ki, bu da ancaq sevgi və təhlükəsizlik formasında ötürülməlidir. Çünki sevgi ilə formalaşan vətən sevgisi daimi olur, zorla, təzyiq yolu ilə aşılanan isə ilk fürsətdə dağılır”.

Bəs gənclərin özü bu barədə nə düşünür? Maraqlıdır, onlar özlərindən böyük nəslin verdiyi tərbiyədən razıdırlarmı?

Uzun illər Azərbaycanda Gənclər Təşkilatında fəal iştirak edən, Barselona Beynəlxalq Münasibətlər İnstitutu (IBEI)-nun magistrantı Çingiz Qasımzadə Lent.az-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycanda gənclərin milli mənlik şüuru və vətənpərvərlik anlayışı ətrafında ciddi transformasiya müşahidə olunur:

“Bu dəyişimin mərkəzində isə 2020-ci il və İkinci Qarabağ müharibəsi dayanır. Həmin dövrü bir çoxları üçün şərti olaraq “milli kimlik inqilabı” adlandırmaq olar. Vətən anlayışı uzun müddət abstrakt məna daşıyırdısa, 44 günlük müharibə onu artıq real, hiss olunan və yaşanan bir dəyərə çevirdi.

Bu gün gənclərin böyük bir hissəsi özünü artıq qalib xalqın nümayəndəsi kimi görür. Bu psixoloji dəyişiklik az şey deyil. Qarabağı heç vaxt görməyən gənclərin torpaq uğrunda canından keçməyə hazır olması milli ruhun ən güclü göstəricilərindən biridir. Eyni zamanda, vətənpərvərlik təkcə cəbhə xətti ilə məhdudlaşmır. Gənclər işğaldan azad olunmuş ərazilərin bərpasında, könüllü layihələrdə, sosial təşəbbüslərdə fəal iştirak edərək bu ruhu gündəlik həyata daşımağa çalışırlar. “Böyük Qayıdış” prosesi gənclər üçün həm simvolik, həm də praktik mənada yeni iştirak imkanları yaradıb. Bununla yanaşı, gənclər siyasəti sahəsində son illərdə atılan addımları da danmaq olmaz. Könüllülük hərəkatının genişlənməsi, gənclər təşkilatlarının institusional olaraq dəstəklənməsi, dövlət proqramları və beynəlxalq platformalara çıxış imkanları gənclərin ictimai fəallığını artıran mühüm vasitələrdir. Xüsusilə böhran və müharibə sonrası dövrdə gənclərin səfərbər olması bu mexanizmlərin müəyyən mənada işlək olduğunu göstərdi.Lakin bütün bu müsbət dinamika fonunda bəzi çatışmazlıqlar da açıq şəkildə görünür. İlk növbədə, vətənpərvərlik anlayışının bəzən yalnız rəmzi və emosional çərçivədə saxlanılmasının şahidi oluruq. Milli ruhun davamlı dəyərə çevrilməsi üçün onu tənqidi düşüncə, sosial məsuliyyət və vətəndaş fəallığı ilə müşayiət etmək vacibdir. Əks halda, vətənpərvərlik yalnız müəyyən tarixlərdə xatırlanan sönük şüara çevrilə bilər.Digər mühüm problem gənclər təşkilatlarının bir hissəsinin real gənclik ehtiyaclarından uzaq düşməsidir. Formal tədbirlər, hesabat yönümlü fəaliyyətlər və hierarxik idarəetmə modeli bəzən gənclərin təşəbbüskarlığını praktikada məhdudlaşdırır. Halbuki, müasir gənclik daha çox açıq dialoq, real təsir imkanları və öz ideyalarını reallaşdırmaq üçün azad platformalar axtarır. Bundan əlavə, regionlar arasında imkan bərabərsizliyi məsələsi də aktual olaraq qalır. Digər təsiredici amillərdə yox deyil. Məsələn, paytaxtda mövcud olan imkanların rayon və ucqar bölgələrdə eyni səviyyədə olmaması milli mənlik şüurunun vahid şəkildə inkişafına mane ola bilər. Bu baxımdan, gənclərin yalnız ideoloji yox, sosial-iqtisadi inteqrasiyası da vətənpərvərlik tərbiyəsinin ayrılmaz hissəsi kimi düşünülməlidir. Nəticə etibarilə, son illərdə Azərbaycanda gənclərin milli mənlik şüurunun formalaşması istiqamətində mühüm addımlar atılıb və bu proses real tarixi təcrübə üzərində qurulub. Lakin qarşıdakı mərhələdə əsas çağırış bu milli ruhu uzunmüddətli, inklüziv və tənqidi düşüncəyə açıq şəkildə bir dəyər sisteminə çevirməkdir. Bu missiyanın həyata keçirilməsi isə cəmiyyətin hər bir üzvünün bərabər şəkildə fəaliyyətindən asılıdır”.

Yazı Medianın İnkişafı Agentliyinin “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dərc edilib.

 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6227

Oxşar yazılar