“Atanın yoxluğunu qəbul edə bilmirlər, elə bilirlər yenə gələcək, yenə isti çörək və çöplü sok gətirəcək... Dünyadan bixəbər balalarım...Atanı görmədən hiss edəcəksiniz”.
2019-cu il 8 avqust, Ağstafa rayonu “Sezar” şadlıq sarayı. Əliyev Ucal Söhbət oğlunun toyudur...
Kimdi Ucal Əliyev?
Ucal Əliyev
25 oktyabr 1995-ci ildə Ağstafa rayonunun Xılxına kəndində anadan olub. 2014-2015-ci illərdə Lənkəranda hərbi xidmət keçib. O, 6 ildir ki, müddətdən artıq hərbi xidmətdədi. II Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibədə iki dəfə yaralanıb. Hazırda Kəlbəcərdə xidmət edir. “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Evlidir, Firuzə adında bir qızı var.
Hə, qayıdaq 3 il əvvəl, 8 avqust tarixinə. Həmin gün Ucal bəyin toyu idi. O gün Ucal bəy 170 nəfər əsgər yoldaşını öz şad gününə dəvət etmişdi...
Onların arasında komandir mayor Vəliyev Vüsal İslam oğlu da vardı.
Bəs, mayor Vüsal Vəliyev kimdi?
Şəhid mayor Vüsal Vəliyev
Vüsal 1988-ci il 15 iyulda Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirlərinə yiyələnib. 2009-cu ildən leytenant rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb. O da II Qarabağ müharibəsinin iştirakçısı olub. “Vətən uğurunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Hə, Ucal bəyin toyu, toyundakı görüntülər, bir videonun gələcəkdəki kədərli xatirəsi...
Həmin kədərli tarixi elə Ucal bəyin dilindən oxuyacaqsınız:
“Mən toyuma hərbi hissəmizdən 170 nəfəri dəvət etmişdim. Hər biri də toyda iştirak etdi. Toy 2019-cu ildə olub. Ondan bir il sonra isə müharibə başladı. Həmin 170 nəfərdən müharibədə 27-si müxtəlif ərazilərdə şəhid oldu. O gündən mən öz toy kasetimə baxmıram. Artıq biz o günü şən günümüz kimi xatırlaya bilmirik .”.
Danışığındakı kədəri sezməmək olmur...
Söhbəti də elə o kədərlə davam edir ki...
“Vüsal Vəliyev, Yaşar Babayev, Teymur Hacıyev və Taleh Abdullayevlə çox yaxın idik. Hacıyev Teymur, Abdullayev Taleh, Həsənov Fariz, Pənahov Elməddin... gözümün qabağında şəhid oldular. Həmin anları sözlərlə ifadə etmək mümkünsüzdü. Elə bir situasiya yarandı ki, heç onlara kömək də edə bilmədik...”
Toy günləri yasa dönənlər, barmaqlarda qalan üzüklərin yara olan nişanları və daha nələr, nələr...
“Komandirimiz Vüsal Vəliyev nişanlı idi, 2020-ci ilin mart ayının 26-a toy təyin edilmişdi. Hamımız Naxçıvana, onun toyuna getməyə hazırlaşırdıq. Olmadı, qismət olmadı. O getdi, biz də Naxçıvana getmədik”.
Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu:
“Mənim qardaşım Vüsal onların komandiri idi. Hamısı deyirdi ki, Vüsalın, komutanımızın toyu üçün Naxçıvana gələcəyik. Onlar, hətta Ucalın toyunda Vüsala görə, “Barı Naxçıvan” mahnısına da rəqs ediblər. Qismət olmadı”.
Yeri gəlmişkən, o şəhidlər arasında Yaşar Babayev və Anar Novruzov Milli qəhrəman general-mayor Polad Həşimovla birlikdə şəhid olublar.
Yaşar Babayev evli olub və 8 il uşaq həsrəti ilə yaşayıb. O, şəhid olandan üç gün sonra isə qızı Narın dünyaya gəlib. Hətta şəhid qızının adını da özü seçibmiş...
Şəhid Yaşar Babayev
Bölük komandiri, kapitan Rövşən Pənahovun özündən sonra iki körpə övladı yadigar qalıb. Öz ad günündə dəfn olunub.
Şəhid Rövşən Pənahov
Həyata gəldiyi gün də gedərmi insan?
Şəhid Elçin İbrahimov
Şəhid Elçin İbrahimov isə elə Ucal Əliyevin həm sinif yoldaşı, həm də qonşusu olub...
Şəhid Fariz Həsənov
Çavuş Həsənov Farizin həyat yoldaşı Əzizə Həsənova ya da onun dili ilə desək, şəhid Farizin Əzizəsi:
“Telefonu götürdüm ki, videoya baxım... Uşaqlar da hər zamankı kimi, yanımdaydılar. Videonu açan kimi diqqətlə baxdılar... Dedilər “mama bu nə toydu?” Dinmədim...
Telefonu çevirdim, gözümün yaşı dinmir...Dilim lal olub, baxıram.. birdən uşaqlar qışqırdı ki, “mama, ataya bax, orda oynayır, qara koftada olan atamızdı. Biz də getmək istəyirik o toya, ata niyə bizi aparmayıb?”
Bu sual qarşısında çökdüm, aciz qaldım, bilirəm ki, o suala heç vaxt cavab tapa bilməyəcəm. Farizim oynaya bilmədiyinə görə, həmişə toylarda arxada durub, öz toyumuzda da döyüş yoldaşlarını, dostlarını dəvət edirdi ki, onlar oynasınlar. Mən də Farizimi artıq belə videolarda axtaracağam, balalarım da həmçinin...
Atanın yoxluğunu qəbul edə bilmirlər, elə bilirlər yenə gələcək, yenə isti çörək və çöplü sok gətirəcək... Dünyadan bixəbər balalarım...Atanı görmədən hiss edəcəksiniz”.
Axı, nə şərh verəsən bu cümlələrə... Şərhdən əlavə nə ilə təsəlli edə bilərik ki, Əzizələri?
Şəhid Emin Sadıqov
Leytenant Sadıqov Emin evin tək oğlu idi. Atası da dünyasını dəyişib. İndi isə Anası Naxçıvanda tək yaşayır.
Bütün şəhidlərdən yazmağa əslində, insanın mənəvi gücü çatmaz... Bu qədər dərdi necə daşıyar ki, insan?
Soldan 6-cı Baş leytenant Dadaşzadə Mahir, Sağdan birinci Baş gizir Hacıyev Teymur və soldan 8-ci isə Gizir Babayev Yaşar
Qeyd edək ki, bu şəkli onların əsgər yoldaşı Famil Yusubov göndərib.
Sözü gedən videoda olan şəhidlər onlardı:
Mayor Vüsal Vəliyev
Mayor Anar Novruzov
Kapitan Pənahov Rövşən
Kapitan Cəbrayılov Elnur
Bas leytenant Dadaşzadə Mahir
Leytenant Sadıqov Emin
Baş gizir Qafarov Rəvan
Baş gizir Hacıyev Teymur
Gizir Şirinov Elvin
Gizir Babayev Yaşar
Çavuş Həsənov Fariz
Çavuş Abdullayev Taleh
Çavuş Məmmədli Fazil
Çavuş Veyisli Xaləddin
Çavuş Əliyev Timur
Çavuş Qasımov Oruc
Çavuş Nəsibov Elməddin
Çavuş Qaragözov Alixan
Çavuş Pənahov Elməddin
Çavuş Namazov Mahmud
Çavuş İsgəndərov Pərvin
Çavuş Mustafayev Sərxan
Çavuş Məmmədov Əhməd
Çavuş Mədətov Asif
Çavuş Mustafayev Zaur
Kicik çavuş Namazov Taleh
Əsgər İbrahimov Elçin