21 il əvvəl dünya və Azərbaycan fərqli idi. Sosial şəbəkə, online media anlayışı yeni formalaşırdı. Hə, məhz 21 il əvvəl Azərbaycanda “Kütləvi İnformasiya Vasitələri” haqqında qanun qəbul edildi.
Keçən bu illər ərzində media, informasiya təminatı, texnologiyalar ildırım sürətiylə dəyişməyə başladı. Azərbaycan mediası da bu sürətdən geri qalmamağa çalışdı. Hətta dövlət KİVDF-nin timsalında mediaya kifayət qədər dəstək də verdi. Print medianın ayaqda qalması üçün milyonlar xərcləndi. Amma...
Amma problemlər bitmədi. Və indi real mənzərə belədir: yuxarıda qeyd etdiyimiz kimi, 21 il əvvəl qəbul edilmiş “KİV haqqında qanun” müasir tələblərə cavab vermir, bu sahəni tam əhatə etmir, sosial media, internet jurnalistikası ümumiyyətlə tənzimlənmir. KİVDF də indiki formasa tələblərə cavab vermir, daha geniş səlahiyyətli və prosesləri tənzimləyə biləcək quruma ehtiyac var. Azərbaycan dilinin qaydalarına riayət olunmur, jurnalistikanın nüfuzu aşağıdır, qeyri-peşəkarlıq problemi var. Yeni nəsil jurnalistlər yetişmir. Ölkədə peşəkar jurnalist qıtlığı var. Bu sahə təsadüfi adamlarla doldur. Və təsadüfi adamlar da sayı yağışdan çıxmış göbələkləri xatırladan saytlar açmaqla üzərinə press yazılmış vəsiqələr daşıyıb qara işlərlə məşğul olurlar. Nəticədə jurnalistika gözdən düşür.
İllərin qəzetçisi, jurnalisti Elçin Mirzəbəyli deyir ki, bu gün jurnalistikada peşəkarlıqla, ixtisaslaşma ilə bağlı problemlər özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Sitat: “Bu və ya digər resursun KİV olaraq fəaliyyət göstərməsi üçün minimum standartlar, hətta qanunvericilik səviyyəsində belə müəyyənləşməyib. Hüquqi boşluqlar medianı asanlıqla öz cinayətkar əməlləri üçün vasitə edən təhsilsiz, istedadsız, cəmiyyəti ayaqda saxlayan bütün dəyərləri öz korparativ maraqları üçün təməlindən söküb atmağa hazır olan uğursuzların meydan suladığı məkana çevirib. Nəticədə jurnalsitikanın nüfuzuna xələl gəlib, insanların mediaya olan inamı azalıb və bu da şübhəsiz ki, düşmənlə üz-üzə qalan Azərbaycanın informasiya təhlükəsizliyi üçün ciddi problemlər yaradır”.
Jurnalistikanın nüfuzuna xələl gətirənlərə, şantajla məşğul olan şəxslərə Azərbaycanda “reket jurnalistlər” deyirlər. Onlar, əsasən, kiçik tirajlı qəzetlərdə və məmurlarla biznesmenlər haqqında “ifşaedici” məqalələr dərc edən saytlarda işləyirlər. Nizamnaməsində KİV-in azadlığını müdafiə etdiyi və peşə standartlarının yaxşılaşdırılmasıyla məşğul olduğu bildirilən Mətbuat Şurası bu nəşrlər haqqında məlumat toplayır. MŞ qanunları və jurnalist etikasını pozmaqda suçladığı KİV mənsublarının “qara siyahı”sını hər il yeniləyir. Hər il bu quruma vətəndaşlardan müxtəlif nəşrlərlə bağlı yüzlərlə şikayət daxil olur.
2008-ci ildə reketçiliklə mübarizə üçün MŞ-nin nəzdində xüsusi komissiya yaradılıb. Mətbuat Şurasının rəsmisi Şəmsəddin Əliyev mətbuata verdiyi açıqlamada deyir ki, reket-jurnalislərin əsasən kiçik və orta sahibkarları, xırda məmurları və məktəbləri hədəfə alırlar.
Şuranın sədri Əflatun Amaşov isə müsahibələrinin birində deyir: “İndi o qədər internet KİV yaranıb ki, heç bilə bilmirik ki, onların ofisləri haradadır. Hərənin bir saytı var. Olur ki, vətəndaşlar hansısa internet media resursunun telefon nömrəsini soruşurlar. Tapa bilmirlər. Açığı bəzən biz də tapa bilmirik. Özləri isə yazmırlar, göstərmirlər. Yəni sözüm ondadır ki, hazırda mövcud sahədə bir növ anarxiya hökm sürür. Söz və ifadə azadlığının verdiyi imkanlara münasibətdə sanki qəsd var. Bu durumu aradan qaldırmaq üçün hüquqi norma və prinsiplər təkmilləşməlidir”.
Əflatun bəyin qeyd etdiyi həmin reketlərin böyük əksəriyyətinin ofisi isə “Azərbaycan” nəşriyyatında yerləşir. “Azərbaycan" nəşriyyatı “Mətbuat” prospektindəki boz, beton binada yerləşir. Binanın içində sovet dövründən qalma köhnə dekorasiyalar, cüyüldəyən lift, xoşagəlməz tualet və köhnə kitabxana qoxusu var. Bir vaxtlar burada sovet mətbəə və nəşriyyatları olub, bu günsə yüzlərlə qəzet, jurnal və sayt yerləşir. Bir çox jurnalistlər bu binanı “reket jurnalistikasının qalası” hesab edir.
Həmkarımız İlkin bəyin dediklərindən:
“Xeyli zamandır, “Azərbaycan” nəşriyyatının adı neqativ məsələlərdə hallanır. Adı rəhbərindən başqa kiməsə məlum olmayan qəzet redaksiyalarının orada olması şübhə doğurmaya bilməz. Çünki orada ofislər daha ucuzdur, 150-200-250 manatdan başlayan qiymətlərdir. Düzdür, orada normal fəaliyyət göstərən qəzetlər, saytlar da var. Dediklərimi onlara aid etmək olmaz. Amma “Filan saytın ofisi “Azərbaycan” nəşriyyatındadır” deyəndə, avtomatik ağıla o gəlir ki, bəlkə reketliklə məşğuldu”.
Əslində doğrudan da elədi. Reketlər məhz bu məqamdan uğurla istifadə edirlər. Tanınmış jurnalistlərdən biri bir dəfə sosial şəbəkələrin birindəki səhifəsində belə yazmışdı:
“Binadakı tək-tük dostlarımız, sanballı media qurumları inciməsin, lakin oranın 90 faizi mətbuatın adına yaraşmayan adamlardır. Hətta mən o binanın qarşısından keçəndə özümü pis hiss edirəm, nəinki binaya daxil olanda. Son 2-3 ildir ki, həmin binaya getmirəm”.
Nəşriyyatda təkcə reket saytlar yerləşmir. Bir neçə ciddi media qurumunun da redaksiyası o binadadır. Xüsusən də çap mediasının. Elə çap mediasından da bir neçə kəlmə bəhs edək. Çap mediasının durumu artıq uzun illərdir ki, getdikcə daha da pisləşir. Poliqrafiyadan başlamış yayıma, satışadək hər şey göründüyündən daha bərbad vəziyyətdədir. Elçin Mirzəbəylinin dediklərindən:
“Heç kim döşünə döyməsin, çünki bu sektorda fəaliyyət göstərənlər real vəziyyətin necə olduğunu kifayət qədər yaxşı bilirlər. İndiki halda “çap mediası”nın ayaqda saxlanılması siyasətilə hər hansı irəliləyişə nail olmaq mümkün deyil. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı yardımlar isə, ən yaxşı halda çap mediasının “ayaq üstə qalması” üçün tutarğac funksiyasını yerinə yetirir, vəssalam. Əksər hallarda “kağıza xərclənən” və nəticə etibarilə maklaturaya çevrilən qəzetlərin mövcudluğunu qoruyub saxlamağın yeganə yolu, ona “yeriməyi” öyrətməkdən və onun müasir informasiya-kommunikasiya məkanındakı yerini müəyyənləşdirməkdən ibarətdir. Amma heç bir halda medianın klassik məzmunundan və institutlarından imtina edilməməlidir. Onlar sadəcə modernləşdirilməli və fəaliyyətləri üçün həm hüquqi, həm də iqtisadi müstəvində bərabər, ədalətli rəqabət mühiti yaradılmalıdır”.
Şura sədri Əflatun Amaşov isə deyir ki, media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır.
“Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq”.
Hə, KİVDF hər il necə deyərlər, bu maklatura istehsalına milyonlar ayırır. Amma o pula həddən artıq lazımı layihələr həyata keçirmək, məsələn gənc nəsil jurnalistlərin peşə qabiliyyətini artırmaq olardı. Ölkədə vahid KİV bankı, jurnalistlərin kataloqu olmalıdır. Yəni biz o kataloqa baxanda bilməliyik ki, sahədə kimlər var. Belə bir mexanizm əmək münasibətlərinin qaydaya salınmasında da müsbət rol oynayacaq.
Bundan başqa həkim və müəllimlər kimi jurnalistlərin də attestasiyadan keçirilməsi mexanizmi işlənməlidir. Bu həm də medianını reket dediyimiz təsadüfi adamlardan xilasına da səbəb olar.