Orhan Pamuk deyir, şəhərlər də insanlar kimidir: Gecə özlərinə qapanır, gündüz insanlara açılır.
Gecə 12-dən sonra Bakı gecələri miskin və tənha bir halətə bürünür - istər işıqlı şəhər mərkəzi, istər qaranlıq küçələr. Lent.az-ın əməkdaşı zülmət küçəmizdə tindən ümid kimi burulan maşın işığını görən kimi siqaret yandırmağına peşman olur.
Səbəbini özü açıqlayır:
Sifariş verdiyim taksi gəlir. Maşın mənə çatanacan dayanmadan 4-5 qullab alıb siqareti yarımçıq söndürürəm.
Gecə sürücüləri
Gecənin taksi sürücüləri də özlərinə qapanıq olur. Gündüz sürücüləri kimi, əslində, Oksford məzunu olduğunu və "Google" şirkətindən iş təklifi aldığını, lakin atası xəstə olduğu üçün gedə bilmədiyini demirlər. Gecə sürücüləri Vivaldi, Şopen dinləməsələr də, tam səslə "Balaəli qırğın deyişmə"yə, "Pərviz Bülbülə popuri"ə də qulaq asmırlar. Sakit "Play list"ləri olur. Azneft meydanına çatırıq. Ödənişi verirəm. Gündüz sürücüləri kimi ödəniş vaxtı "yoxundursa, qalsın, xaloğlu" da demir, sakitcə pulu alıb maşının sürət ötürücüsünün yanına qoyur.
Buranın öyrəşdiyim qələbəliyi, dairədən dönən maşınların siqnalları... Azneft meydanından üzüyuxarı - İçərişəhər metrosuna tərəf qalxıram. Gecələr həm də Bakının arınıb təmizlənmə anıdır. Pis qoxu insanları narahat etməsin deyə, gecələr çalışan zibil maşınları öz işlərini görür - gündüzdən qalma üfunəti təmizləməklə məşğuldur.
İçərişəhər metrosuna çatıram. Ətraf restoranlardan çıxan tək-tük müştərilər bahalı maşınlarına oturub uzaqlaşırlar. Buradan Tarqovıya tərəf getdikcə, elə bil, səs bir az artır, gecə nisbətən canlanır. Nizami küçəsi.
Burada həmişəki rəsm sərgisinin yanına gəlirəm. Mənə elə gəlir ki, buradakı rəsmlərin yerinə məhz Nizami küçələrindəki fraqmentləri rəsmə çəkib burada nümayiş etdirsəydilər, daha maraqlı və dərin bir şey olardı.
Demək olar ki, milli restoranların hamısı bağlıdır. Yalnız klublar və "Pub"lar açıqdır. Bəzi cütlüklər pubların qarşısında dayanıb siqaret çəkir, nəsə danışıb qəhqəhə atırlar. Rəsm sərgisinə daxil edəcəyim rəsmlərdən biri də bu mənzərə olardı: “Pub”un qarşısında siqaret çəkə-çəkə qəhqəhə atan sevgililər”.
Klublar içəridəki gur səsi, mahnını çölə yansıtmamaq üçün dizayn olunduğuna görə, yaxınlığına gedənə qədər mahnının səsini eşitmirsən. Klubun qapısını azca aralayan kimi isə gurultudan adamın qulaqları batır.
"Malakan" bağı "qaqa"ları
Nərimanov parkı, Axundov bağı və Malakan bağı - Bakıda gecələr "qaqa"ların ən çox yığışdığı yerlədən üçüdür. "Çeçenka" saçlı, balağı dar şalvarlı, ayağında "makasin", əynində dəri kurtka, əlində təsbeh, iri dəmirli bel kəməri olan "qaqa"ların gecə cənnətidir buralar. 4-4, 5-5 yığışıb yüksək səslə danışa-danışa gəzir, kimlərəsə söz atırlar.
Saat 02:45. Arxa "amartizatorları" kəsilmiş, neon işıqlı "Niva" markalı maşın son səs meyxana ilə, pəncərələri açıq yoldan keçib bir anlıq gecənin sükutunu pozur. İçərisində 4 nəfər "qaqa" hər biri barmağında siqaretlə əlini pəncərədən bayıra çıxarıb.
3 nəfər "qaqa" mənə yaxınlaşır:
- Salam, qaqa.
- Salam.
- Qaqa, bizə nə "jest" eliyə bilərsən? İmkan var adama bir dənə "..." (Spirtli enerji içkisi adı çəkir) alasan?
Təhlükəsizlik əməkdaşı yaxınlaşır:
- Nə məsələdir?
- Heç nə, rəis, elə-belə söhbət edirik.
- Gözləyin burada - təhlükəsizlik işçisi əlini çiynimə qoyub məni kənara çəkir - bunlara fikir vermə, avaradılar, bayaqdan baxıram, sən yolunla gedirdin, bunlar yaxınlaşdı. Sən çıx get, mən özüm lazım olanı edəcəm.
Təhlükəsizlik əməkdaşı "qaqalara" yaxınlaşıb onlarla danışır. Mənsə oradan uzaqlaşıram. Kənardan səsləri eşidilir:
- Rəis, yox...
- Rəis, vallah, söhbət edirdik...
- Anamın canı, yox...
Bu mənzərə də Tarqovıdakı sərgiyə qoyacağım mənzərələrdən olardı: “Özlərini təmizə çıxarmaq üçün yalandan analarının canına and içən “qaqalar”
Ara küçələr
Tarqovının ara küçələrinə gəlirəm. Gecələr burada 2-2, 3-3 yol kənarında gəzən fahişələri də görmək mümkündür. Arada bir maşın yaxınlaşır, maşından düşmədən elə pəncərədən "razılaşırlar" və maşına oturub gedir... Küçənin sol tərəfində 3 qadın və yanlarında bir 4-5 yaşlı uşaq var.
Yanlarında uşaq olduğu üçün onların "digər" qadınlardan olduğu ağlıma belə gəlmir. Yanlarında bir maşın saxlayır. Uşağının əlindən tutmuş qadın yaxınlaşır pəncərəyə, nəsə danışırlar. Qadın digər "iş yoldaşlarına" dönür:
- Lala, Niko sənə əmanətdi, mən gələcəm.
Lala "Nikonun" əlindən tutur:
- Gəl xalanın yanına, mama birazdan gələcək...
Qadın maşına oturub gedir. Əlimdə olsaydı, bu mənzərəni də rəsm əsərinə çevirib Tarqovıdakı o sərgidə nümayiş etdirərdim: “Müştərisini yola salmaq üçün uşağını rəfiqəsinə əmanət edən fahişə”.
Bakı gecələrini turistlərsiz, daha doğrusu, ərəblərsiz görmək mümkün deyil. Gündüzlər ailələri ilə gördüyümüz ərəb turistləri, gecələr tək və ya 1-2 nəfərlə gözə dəyir. Gündüzlər həyat yoldaşlarını gəzdirirlər, gecələr isə özləri "gəzirlər".
Hava yavaş-yavaş aydınlanır. Qumrular küçəyə uçuşub gecədən çırtlanıb yerə atılmış tumları dənləyirlər. Təmizlikçi xanımlar isə gecənin bütün çirkabını süpürüb şəhəri yeni bir günə hazırlayırlar...