"Türkiyədə bir sıra biznes sahələri olduqca yaxşı inkişaf edib və qardaş ölkə ilə bu sahədə əməkdaşlıq Türkiyə şirkətlərinin böyük təcrübəsinin Azərbaycanda tətbiqinə şərait yaradacaq".
Lent.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, millət vəkili Ceyhun Məmmədov Türkiyə biznesinin təcrübəsinin Azərbaycanda tətbiqi barədə danışarkən qeyd edib.
Bildirib ki, Azərbaycanın Türkiyə biznesindən faydalana biləcəyi sahələrdən biri də lotereya oyunları sektorudur: “Bu gün Türk şirkətlərinin biznes sahəsində, idarəçilikdə çox böyük təcrübəsi var. Onlar özlərini bu istiqamətdə inkişaf etdirirlər.
Məlum olduğu kimi hazırda Azərbaycanda Türkiyə təcrübəsindən geniş istifadə olunur. Türk şirkətləri Azərbaycanlılarla bir yerdə fəaliyyət göstərirlər. Məlumdur ki, 1 il əvvəl Azərbaycan Prezidentinin göstərişi ilə Azərlotoreyanın idarəçiliyi də türk şirkətlərinə verildi. Türk şirkətlərinin bu sahədə də təcrübəsi var. Bununla bağlı Türkiyə mediasında geniş reportajların hazırlandığını görürük. Digər məqam əhalinin işlə təmin olunmasıdır. Şirkət qarşısına məqsəd qoyub ki, yalnız Bakıda deyil, bölgələrdə də bu istiqamətdə addımlar atılır. Bu həm də iqtisadiyyata əlavə töhfələr verir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində bu çox önəmli məqamdır.
Millət vəkili Rüfət Quliyev də Azərbaycanda lotereya operatorluğunun Türkiyə şirkətinə həvalə edilməsini həm lotereya sahəsinin inkişafı, həm də yeni iş yerlərinin yaradılması baxımından müsbət addım hesab edir: “Mən həmişə Azərlotoreyanı dəstəkləmişəm. Çünki, əgər hansısa ölkədə, o cümlədən Azərbaycanda bunlar bağlansa, bu hökmən haradasa qeyri-qanuni keçiriləcək.
Dövlət buna nəzarət edir, dəstəyində verir, vergisini də alır. Eyni zamanda insanlar qismən də olsa işlə təmin olunur. Bunun tərəfdarıyam. Aparıcı ölkələrdə olduğu kimi bizdə də Azərlotoreya inkişaf etməlidir. İnsanlar üçün də bu müəyyən qədər maraqlıdır. İnanıram ki, rayonlarda Azərlotoreya şəbəkələrini açacaq və hər rayonda insanlar işlə təmin oluna biləcək.
“Azərlotereya” fəaliyyətinin canlanması ilə ölkədə yeni iş yerlərinin yaradılmasına töhfə verib. Xidmətlərin və məhsulların çeşidinin artması ilə lotereya satış şəbəkəsi qurulmağa başlayıb. “Azərlotereya”nın məhsullarının satışını həyata keçirən şəbəkələrdə minlərdə insan çalışır, onlar və ailələri bu prosesdən faydalanırlar.
“Azərlotereya” ASC-nin insan resursları və inzibati məsələlər üzrə direktoru Nazmira Şirinova bu barədə məlumat verib: “Fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar «Azərlotereya»nın öz əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 164-ə qaldırılıb. Hazırda “Azərlotereya” məhsullarının və xidmətlərinin Bakıda və bölgələrdə yayımı ilə 10-a yaxın şirkət və yüzlərlə fiziki şəxs məşğul olur. Bu məntəqələrdə 3300-3400-ə yaxın insan çalışır. Satış məntəqələrinin və əməkdaşların yarıdan çoxu regionlardadır.
Qeyd edək ki, dövlət şirkəti olan “Azərlotereya” Azərbaycan prezidenti İlham Əliyevin 2021-ci ilin əvvəlində imzaladığı sərəncamla Türkiyənin «Demirören Şans Oyunları Yatırımları A.Ş.» şirkətinin törəmə cəmiyyəti olan «YMT Sans B.V.» şirkətinə idarəetməyə verilib. 2022-ci ilin əvvəlində yeni «Lotereya və idman mərc oyunları haqqında» qanunun qüvvəyə minməsi ilə isə «Azərlotereya» Azərbaycanda idman mərc oyunları operatoru statusu qazanıb.