Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Lent.az-a daxil olan müraciətdə deyilir:
"Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, belə havada sürücülər tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar. Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.
Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir".