İnsanlar həyat boyu daha şüurlu yaşamağa çalışır: plastik tullantıları çeşidləyir, ekoloji geyimlər seçir və lazımsız istehlakdan imtina edirlər. Lakin gec-tez hər kəs son bir sualla üzləşir – ölümümüzdən sonra bədənimizlə nə baş verəcək? Suda həll etmə və ya kompostlaşdırma kimi yeni “ekoloji” üsulların ortaya çıxması bu seçimi daha da çətinləşdirir.
Lent.az xarici mediaya istinadən bildirir ki, mütəxəssislər müxtəlif dəfn üsullarını müqayisə edərək hansının əslində təbiət üçün daha təhlükəsiz olduğunu açıqlayıblar.
Ənənəvi dəfn: torpaq altındakı gizli təhlükə
Tabutda və balzamlanma ilə aparılan klassik dəfn üsulunu mütəxəssislər uzunmüddətli ekoloji fəlakət kimi qiymətləndirir. Yaşıl dəfn üzrə tanınmış tədqiqatçı və Beynəlxalq yaşıl dəfn şurasının keçmiş prezidenti Li Vebster bu prosesi “dəfn mebellərinin torpaq altında saxlanması” adlandırır.
Hər il torpağa tonlarla metal, beton və laklanmış ağac basdırılır ki, bunlar heç vaxt ekosistemə qayıtmır. Balzamlaşdırıcı kimyəvi maddələr və tabutların sintetik örtükləri torpağı zəhərləyir, qəbiristanlıqları kimyəvi çirklənmə zonalarına çevirir.
“Bu, təbii resursların israfı, karbon tutumlu istehsal və təbiətə heç nə qaytarmayan kimyəvi konservantlardır”, – Vebster vurğulayır.
Kremasiya: doğrudanmı “təmiz” üsuldur?
Kremasiya çox vaxt daha müasir və yığcam alternativ kimi təqdim olunur. Lakin statistik məlumatlar bunun da ciddi ekoloji yük yaratdığını göstərir.
Bədənin yandırılması üçün temperaturun 1000 dərəcə Selsiyə çatdırılması tələb olunur ki, bu da böyük həcmdə təbii qaz və ya neft sərfiyyatı deməkdir. Proses zamanı havaya karbon qazı və köhnə diş plombalarından çıxan civə buxarları yayılır. ABŞ-də su hövzələrindəki civənin təxminən 14 faizi məhz krematoriyaların fəaliyyəti ilə əlaqələndirilir.
Hətta kremasiyanın əsas dini mərasim olduğu mədəniyyətlərdə belə, məsələn hindu ənənələrində, daha ekoloji alternativlərə ehtiyac olduğu bildirilir. Açıq odla aparılan bu mərasimlərdə çoxlu odun istifadə olunur və nəticədə havaya 500–600 kiloqram karbon qazı buraxılır.
Tədqiqatçılar qeyd edirlər ki, ənənəvi rituallardan imtina etmək vacib deyil, lakin onları ekoloji innovasiyalarla uyğunlaşdırmaq mümkündür.
Son illərdə ekoloji dəfn sahəsində yeni texnologiyalar gündəmə gəlib, lakin onların da problemləri var.
Bildirilir ki, akvamasiya və ya qələvi hidroliz zamanı bədən qızdırılmış qələvi suda həll edilir.
Karbon emissiyası az olsa da, nəticədə yüzlərlə litr maye tullantı yaranır və bu tullantılar kanalizasiya sisteminə axıdılır. Proses yalnız yumşaq toxumaları parçalayır, sümüklər isə qalır. Bu üsul ABŞ-də 30 ştatda qanunidir, lakin yalnız 19-da praktik olaraq mövcuddur. Karbon emissiyası təxminən 20 faiz azalsa da, bu onun yeganə üstünlüyü sayılır.
İnsan kompostlaşdırılması isə bədənin təxminən 60 gün ərzində üzvi maddəyə çevrilməsini nəzərdə tutur. Proses zamanı sümüklər xırdalanır, çoxlu saman və ya taxta qırıntısı istifadə olunur. Bu materialların yüzlərlə kilometr uzaqdan daşınması isə ekoloji faydanı azaldır. Nəticədə əldə edilən maddə ilə sonradan nə ediləcəyi də ayrıca sual yaradır.
Ən sadə yol – ən düzgün seçim
Mütəxəssislərin yekdil rəyinə görə, ən ekoloji təmiz seçim təbii, yəni dəfndir. Bu, bəşəriyyətin minilliklər boyu istifadə etdiyi ənənəvi üsuldur.
Bu zaman bədən balzamlanmadan, təxminən bir metr dərinlikdə torpağa qoyulur. Yalnız təbii parçadan hazırlanmış kəfən və ya tez parçalanan sadə taxta sandıq istifadə olunur. Bu dərinlikdə mikroorqanizmlər və həşəratlar orqanikanı sürətlə torpaq üçün qida maddələrinə çevirir. Bu, sadəcə utilizasiya deyil, ekosistemin bərpasına töhfədir.
Üstəlik, bu üsul yəhudi, müsəlman dəfn ənənələri ilə də uyğunluq təşkil edir.
“Əgər planeti mümkün qədər məsuliyyətlə tərk etmək istəyirsinizsə, təbii dəfn yeganə real seçimdir”, – Li Vebster vurğulayır.
Mütəxəssislərin fikrincə, bu halda ən sadə həll yolu yenə də ən effektiv variant olaraq qalır.