Koronavirusu gizli keçirənlər pasport əldə edə biləcəklər? -  RƏSMİ CAVAB
02 iyun 2021 18:51 (UTC +04:00)

Koronavirusu gizli keçirənlər pasport əldə edə biləcəklər? - RƏSMİ CAVAB

Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy COVID-19-la bağlı bəzi suallara aydınlıq gətirib.

Lent.az Y.Hacısoyla müsahibəni təqdim edir:

- COVID-19 virusunun müayinəsində hansı üsullardan istifadə olunur?

- COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi mikrobiloji müayinə üsullarından istifadə edilir. Bunlar mikroskopik, mikrobioloji, seroloji, bioloji və molekulyar genetik üsullardır. Bunlardan kultivasiya (əkilmə) üsülü hər zaman qızıl standart kimi qəbul edilir. Lakin əkilmənin viruslarda tətbiqi çətin olduğu üçün bu üsuldan dah çox elmi-tədqiqat üçün istifadə olunur. Virusların müayinəsində PZR (Polimerazalı Zəncirvari Reaksiya) dediyimiz molekulyar genetik üsul, seraloji üsul və antigen testlərindən istifadə edilir. Seraloji müayinə zamanı orqanizmə düşmüş yad maddələrə qarşı yaranmış anticisimləri təyin etməklə xəstəliyə diaqnoz qoyuruq. COVID-19 virusuna qarşı qanda həm IgG (immunoglobulin G) və IgM (immunoglobulin M) formaları əmələ gəlir. İlkin olaraq qanda IgM yaranır bunlarda xəstəliyin kəskin dövründə əmələ gələn anticismlərdir. Daha sonra isə igG əmələ gəlməyə başlayır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM qanda azalır və İgG titri artır və uzun müddət qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı IgG formalaşır- yəni immun cavab yaranır. Antigen testi ilə götürülmüş yaxmada virusun səthi protein hissəciklərinin araşdırılır. PZR testində isə virusun götürülmüş materialda virusun genetik hissələri (RNT) axtarılır. Istifadə olunan bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir. Həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir. Digər üsullar heç biri təsdiqləyici deyil.

- Bildiyiniz kimi, COVID-19 virusunun təyinatı ölkədə PZR yaxma üsulu ilə qəbul edilir. Bəzən vətəndaşlar müxtəlif klinikalarda yaxma verirlər və nəticələri pozitiv olduğu halda sistemə xəstə olaraq daxil edilə bilmirlər. Bununla bağlı bir sıra müraciətlər də almışıq. Nədir bu yaxma analizlərinin fərqi?

- COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Yanlış anlaşılmaya səbəb isə həm antigen həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Bu üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil. Koronavirusunun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dünyada PZR testidir. ÜST-nin açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir.

- Yavər bəy, vətəndaşların belə müraciətləri ilə də qarşılaşırıq. Vətəndaşda COVID-19-un qeyd edilən kilinik əlamətləri var, amma PZR yaxma cavabı neqativ gəlir. Bəs bunu nece izah etmək olar?

- Analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar vardır. Ümumiyyətlə dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70% ətrafında qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar. ÜST-nin də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə ilk öncə əsnəkdən daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır. Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaqdır. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər.

- Bəs PZR testlərində davamlı çıxan pozitiv nəticələr nə ilə bağlıdır?

- PZR testi virusun RNT-ni axtardığına görə xəstə sağaldıqdan sonra virus ölsə belə müəyyən müddət ərzində virüsün hissəcikləri yuxarı tənəffüs yollarında qala bilər və yanlış pozitivliyə səbəb ola bilər. Bu da PZR metodunun mənfi cəhətlərindən biridir. Belə hallarda müayinə mütləq təkrarlanmalıdır.

- Hazırda insanları daha çox narahat edən bir məsələ də odur ki, virusu gizli keçirənlər və ya daha çox yaxma analizi vermədən ev şəraitində müalicə almış insanlar var. Bu səbəbdən onlar immunitet sertifikatı əldə edə bilmirlər. Daha çox verilən suallardan biri də odur ki, vaksinasiya üçün seroloji müayinə şərtdirmi və bədəndə olan anticisimlərin varlığı peyvəndlənmə zamanı hər hansı bir problem yarada bilərmi?

- Orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir mənbədə məlumat yoxdur. Yəni siz xəstələnib sağaldıqdan sonra bədəndə anticismlər az miqdarda qalması vaksinasiyaya nə əks göstəriş deyildir və hər hansı bir fəsad doğura bilməz. Onu da qeyd edim ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə peyvənd orqanizmə daha güclü dəstək olacaqdır.

- Son sual olaraq ünvanlamaq istəyirəm ki, bəzən vətəndaşlar qan ümümi analizi vasitəsi ilə virusun aşkarlanacağını düşünürlər. Bu haqqda qısa tövsiyə edə bilərsinizmi?

- Qanın ümümi analizi adı ilə bağlı çaşqınlıq sala bilər. Ümumi qan analizi əsasən qanımızda eritrositlər, leykositlər, trombositlər kimi hüceyrələrinin miqdarını göstərir. Qanın kliniki analizinin göstəricilərin öyrənilməsi anemiya, polisetemiya, trombositopeniya, trombositoz və leykopeniya, leykositoz, iltihab və s kimi vəziyyətləri qiymətləndirməyə imkan verir ki, bu vəziyyətlər həm hər hansı xəstəliyin simptomu, həm də müstəqil patologiya zamanı ola bilir. Yəni bu müayinə viruslar haqqında konkret heç nə deyə bilməz.

# 3882
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar