KİV nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim yekunlaşdı
03 sentyabr 2022 12:47 (UTC +04:00)

KİV nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim yekunlaşdı

"İnsan alveri ilə mübarizədə medianın rolu - aşkarlama, istiqamətləndirmə" mövzusunda təşkil olunmuş ikigünlük təlimə yekun vurulub.

Lent.az xəbər verir ki, "APA Media Group"un ofisində təşkil olunan təlimin ikinci günündə jurnalistlərə "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı" ilə bağlı geniş məlumat verilib, planda qeyd olunan strategiyalar üzrə hansı addımların atıla biləcəyi haqda fikir mübadiləsi aparılıb.

Burada həssas qrupların maarifləndirilməsi, sosial təminatın gücləndirilməsi, sahibkarların bu işə hansı formada cəlb edilə biləcəyinə diqqət çəkilib.

Qeyd olunub ki, vergi güzəştləri, vergidən azadetmə və başqa alətlərdən istifadə etməklə sahibkarları insan alverinin qurbanı olmuş şəxslərə köməklik göstərmələri üçün təşviq etmək mümkün ola bilər. Bu sahədə beynəlxalq təcrübənin də öyrənilməli olduğuna diqqət çəkilib.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova medianın həmin şəxslərin müəyyən edilməsi və onlara dəstək göstərilməsi istiqamətində nə kimi fəaliyyət göstərə biləcəklərini qeyd ediblər.

Mehriban Zeynalova bildirib ki, bu gün dünyada baş verən müharibələr və kütləvi miqrasiyalar insan alverçiləri üçün yeni imkanlar ortaya çıxarıb. Sosial şəbəkələr üzərindən xaricdə təklif olunan işləri qəbul etməzdən öncə ciddi araşdırma aparılmalıdır. Çünki həmin təklifləri qəbul edən şəxslər insan alverinin qurbanına çevrilə, həm cinsi istismara məruz qala, həm də ucuz işçi qüvvəsi kimi çalışdıra bilərlər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, ötən gün "APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi", "Təmas" Regional İnkişaf İctimai Birliyi qeyri-hökumət təşkilatları arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar